Teleqraf.com Nuranə Nurun şeirlərini təqdim edir:
Həyat
Yordum səni , HƏYAT
Üz çevirsən də məndən ,
düz gözlərinin içinə baxıram...
Gözlərinin dilini yaxşı bilirəm.
Rahat olsun başqasına verəcəyin könlün,
Bir öpüş də almağa qıymadım,
Başqasını sevərsən deyə...
Darıxmaq kimi...
Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
Gecə düşər, günüm doğar ,
Ulduz-ulduz xəyalıma.
Arzularımı udmuşam ,
Ağrı verir sol yanıma.
Günün qapısı aralı,
Sabah dolur bir anlığa.
Gecənin ömrü yetmədi,
Bir pəncərə qaranlığa.
Üşüyür şəklin əlimdə,
Ürpənir bax nəfəsim də.
Qışın da ürəyi əsir,
Quşbaşı qar həvəsində.
Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə.
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
Foto
Nə vardi gözlərindən gələcəyi oxumağa ,
Keçmişini xatırlatmasaydı,
Belə yaxın durmasaydı,
Nəsə uydurmasaydı...
Özündən gizlənməsəydi, bu baxışlar.
Düşüncələr qucağından qoymur yerə,
Bu dəcəl uşağı.
Qoysa yoxuşlara yuvarlanar.
Xəstələnib sakit durunca dəcəl uşaqlar,
Anaları yalvararlar Allaha ,
Tez sağalıb, dağıtsın ev eşiyi.
Ən sevdikləri, qoruduqları əşyaları verərlər əllərinə.
Bax, elə vermişəm könlümü bu adama
Bircə mən bilirəm,
Ən yaxşı fotosu,
Ömür boyu çəkdikləridi bu adamın.
Yol ver
Misralar neyləsin,
Qafiyə tapmıram sənə gəlməyə.
Sözlər nə bilsin,
Yenisini axtarıram sənə deməyə.
Yollar nə bilsin,
Yenisini axtarıram ölçülməyən, gedilməyən.
Xətrimə dəyən küləklər,
Otların yaşıllığını diz çökdürüb,
Havanı əyən küləklər.
Havanın ayağı üzülür yerdən.
Ömrünü Günəşə bağışlayan günlərə
And olsun !
Bəlkə…
Min dəfə, min yol axtarmısan
O anı qucaqlamağa,
Qucağını tapmamısan.
İndi…
Qolların axtarır səni,
Öz boynuna dolanmağa.
Səni yola bağışladım,
Çəkil yolumun üstündən,
Yol ver, sənə yollanmağa.
Bu gecəyə
Bu gecənin qaranlığı,
Qaranlıq qalırdı mənə.
Oydum gözlərini,
Yırtdım ulduzlayan bətnini,
Odlayıb, söndürdüm ayazını.
Bu gecənin hər misrası,
Nağıl rəngdə kabus imiş.
Süfrə açdım göy üzünə,
Buludlar iştaha gəldi,
Yuxuların qarnı toxdu.
Axtardım səhərə qədər,
Bu gecənin,
Cini var, lampası yoxdu.
Elegiya
Bir də Günəşi görməyə imkanın olmayacaq yəqin,
Bəlkə də Günəşi görməkdən başlayardı
Yenidən dünyaya qayıtmaq,
Sevdiklərini görmək istəyin.
Arzularını udmusdun, ondan idi köksünün ağrısı.
Əsmər bir ayrılıq sevdirirdi özünü,
Yaman inandın , o ağzı torpağa.
Əyninə biçilmış ömürü daraltmışdı ,
Qoymurdu daha qorxduğundan qorxmağa.
Alın tərini, əcəl tərinə qatırdı əzizləyə-əzizləyə
Vergül qoyurdu , alnındakı yazıya...
Apardı,arxasıyca qırdı göyləri saxlayan ipləri,
Heç olmasa aldatmayaydı,
Çatan kimi atmayaydı qara yerin qucağına...
Biri var imiş, biri yox imiş kimi...
Sonralar…
Yaşanmış bir ömür,
İşlənmış bir əşyanın qutusu kimi.
Gedilmiş yol,
İzləri süpürülmüş küçələr .
Adiləşir ,bütün qəribələr ...
İlk dəfə məni görəndə,
Roman oxuyarkən , qəflətən,
Diqqətini aparan xəyal kimi ,
Maraqlandırmışdım səni.
İtirmişdin özünü,
Belə deyirdin ,sonralar...
Bir elan da vermişdin -
“Məni tapana mükafatım var.”
Nə? ...bilmirdim.
Bilə bilməzdim,
mən ola bilməzdim ,
tutduğu balığı
dənizə bağışlayacaq ...
Nuhun gəmisində də yer yox idi bizə.
Sonralar...
heç bir romanda ,
rast gəlmədim özümüzə.
Unutduğum qədər xatırladım səni ,
Sonralar...