12 Mart 2016 12:14
3 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nisbət Sədrayeva 1998-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2015-ci il 5-ci Televiziya Muğam Müsabiqəsinin qalibidir. Gənc xanəndəylə söhbəti təqdim edirik.

- İnternetdə axtarış verdim, 2010-cu ildə Beynəlxalq Uşaq Muğam Festivalında bir çıxışına rast gəldim. Aparıcının 13 yaşlı uşaq kimi təqdim etdiyi Nisbət Sədrayeva “Heyratı” kimi çətin ritmik muğam oxuyur. Ordan başlayaq.
- Gəlin lap əvvəldən başlayaq. İlk dəfə birinci sinifdə oxudum. Onu da deyim ki, mənim İsmayıl babamın da səsi olub. Hə, birinci sinifdə Əlifba bayramında bir mahnı ifa elədim. İndiki kimi yadımdadı, “Şuşanın dağları”nı oxudum. Hamının xoşuna gəldi. Müəllimlərim məsləhət gördü ki, musiqi yolunu tutum. 2007-ci ildə Bakıya köçdük.

- Göylər kəndində iki məktəb var. Hansında oxuyurdun? Ağ məktəbdə?
- Yox, 2 saylı orta məktəbdə. Biz Bakıya köçəndən sonra Şuşa Musiqi Məktəbində, respublikanın əməkdar artisti Sevinc Sarıyevanın yanına gəldim. Səsimi yoxladı, bəyəndi, dedi, gözəl səsin var. İki il mənə dərs keçdi.
2010-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul oldum. Burda xalq artisti, professor Ağaxan Abdullayevin sinfində oxumağa başladım. Beləliklə, festivallara, müsabiqələrə qatıldım. 2010-cu ildə “Kainat” uşaq muğam festivalının laureatı oldum. 2013-cü ildə Bülbülün 115 illiyinə həsr olunmuş festival və müsabiqədə 2-ci və 3-cü yerləri tutdum. 2014-ci ildə isə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş müsabiqənin qalibi oldum.

2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Muğam Televiziya Müsabiqəsinə qatıldım. Amma yaşımın azlığı müsabiqədə iştirakıma mane oldu, seçim turundan keçə bilmədim. 2015-ci ildə yenidən Televiziya Muğam Müsabiqəsinə müraciət elədim, bu dəfə seçim turundan uğurla adladım. Hər şey ürəyimcə alındı, münsiflər heyətinin yekun qərarı ilə 5-ci Televiziya Muğam Müsabiqəsinin qalibi oldum.
Mənim birinci olmağımda dəyərli münsiflər heyətinin də əziyyətini qeyd eləməliyəm. Onların iştirakçılara iradları, məsləhətləri çox olurdu. Fikrimcə, bu irad və məsləhətləri nəzərə almasaydım birinci ola bilməzdim.

- Söhbətin əvvəlindəki müsabiqə yaddan çıxdı...
- 2010-cu il Beynəlxalq Uşaq Muğam Festivalı mənim qatıldığım ilk festivaldı. İlk uğuru onda qazandım, festivalın diplomantı adına layiq görüldüm.

- Orda təxminən 3 dəqiqə 40 saniyəlik bir “Heyratı” oxumusan...
- "Heyratı" daha uzun çəkdi. Sadəcə, internetdəki montaj olunmuş variantıdı.

- İlk zümzüməni xatırlayırsanmı? Nə vaxt, nə zaman, necə?..
- Əlifba bayramında oxuduğum “Şuşanın dağları” daha yaxşı yadımda qalıb... Nə musiqi təhsilim vardı, nə not bilirdim, nə müəllimdən dərs almışdım. Amma mikrofonu götürdüm, oxudum. Bu, mənim ilk qərarlı addımım idi.

- Məktəbdə hardan bildilər səsin var?
- Evdən başladı hər şey. Evdəkilər, valideynlərim səsimin olduğunu bilirdilər. Sonra məktəbdə də bildilər. Ən çətini birinci addımı atmaq idi. Əlifba bayramının öz qaydaları var. Birinci himni kollektiv oxuduq, sonra mən tək “Şuşanın dağları”nı ifa elədim.

- Sən çox ifa olunmuş qəzəlləri oxumursan. Əruzdan bir şey öyrənmisənmi?
- Musiqi, muğam, ifa yaradıcılığı həm də fərdi məsələdi. Bülbül adına məktəbdə əruzu öyrədirdilər. Ağaxan müəllim muğam dərsi keçəndə həm əruzu öyrədirdi, həm də qəzəllərin mənasını izah edirdi. Əlbəttə, onu mənimsəmək daha çox şagirdin öz üzərinə düşür.

- Daha çox kimin qəzəllərini oxuyursan? Öz seçimin olur, ya?..
- Hə, qəzəlləri çox vaxt özüm seçirəm. Füzulidən oxuyuram, Seyid Əzim Şirvanidən oxuyuram... Sevdiyim qəzəl müəlliflərindən biri də Nəsimidi.

- Segahı Racidən oxumusan, deyəsən...
- Yox, Nizaminin qəzəlidi.

- Sevdiyin, çox oxuduğun muğam hansıdı? Qarabağda xanəndəyə deyərlər, bir segah oxu...
- Əslində əvvəllər mən heç segah oxuya bilmirdim. Daha çox dilkəşə meylim vardı. İllər keçdikcə segaha ehtiyac yaranır...

- Sənin hələlik böyük uğurun 2015-ci ildə qalibi olduğun Televiziya Muğam Müsabiqəsidi. Müsabiqədə iştirak istəyi, yəqin, özündən gəldi.
- Müəllimlərimin də, valideynlərimin də rolu böyük oldu. Özüm isə həmin müsabiqəni həmişə izləyirdim. Çünki bu müsabiqə həm də bir məktəbdi, ifaçılıq yoludu, oxuya-oxuya, ifa edə-edə münsiflərdən, müəllimindən çox şey öyrənirsən. 2013-cü ildə cəhd elədim, alınmadı. 2015-ci ildə isə müsabiqənin qalibi oldum. Fürsətdən istifadə edib Televiziya Muğam Müsabiqəsinin təşkilatçısı Heydər Əliyev Fonduna və dəyərli münsiflər heyətinə bir daha təşəkkürümü bildirirəm.

- Bəzi ailələrdə ata və ya böyük qardaş qız uşağının oxumağına razılıq vermir. Hətta bəzən mane də olurlar...
- Ailədə dörd uşağıq - iki bacı, iki qardaş. Doğru buyurursunuz, bəzən elə olur, valideynlər qız övladlarının istedadlarını nümayiş etdirməsinə icazə vermirlər. Amma şükür Allaha, mənim valideynlərim savadlı və dünyagörüşlü insanlardı. Bu baxımdan özümü şanslı hesab edirəm, hər zaman onlara borclu qalacam.
Onu da deyə bilərəm ki, bizim sənətdə, xüsusən muğam ifaçılığında cəmiyyətə örnək ola biləcək xanım ustad sənətkarlarımız kifayət qədərdi. Səkinə İsmayılova, Bəsti Sevdiyeva, Sevinc Sarıyeva...

- Müsabiqə gərgin keçirdi. Bəzən münsiflərdən eşitdiyin iradlar səni ruhdan salmırdı ki?
- Gərgin anlar oldu, ancaq ruhdan düşdüyümü deyə bilmərəm. Bütün proses boyu səbirliydim. “Səbr edən dərviş, muradına ərmiş” deyiblər. Səmimi sözümdü, hər ifadan sonra növbəti səhnəyə daha ürəklə hazırlaşırdım.

- Yəqin, müsabiqənin səninçün bir kulminasiya nöqtəsi də oldu...
- "Osmani" ritmik muğamını ifa eləməyimi, zənnimcə, müsabiqədə bir dönüş nöqtəsi saya bilərəm. Bu ifadan sonra həm tamaşaçıların, həm də münsiflərin mənə münasibəti müsbət mənada dəyişdi.

- Müsabiqədə özündən başqa kimlərin ifasını bəyənirdin?
- "İyirmilik"də hamı istedadlıydı. Sadəcə, özünü göstərməkdə problem vardı. Kimisi həyəcanlanırdı, kimisi özünü itirirdi, kimisinin səsi tutulurdu.

- Müsabiqədə niyə iki müəlliminin adı çəkilirdi - Zabit Nəbizadə və Ağaxan Abdullayev?
- Qeyd elədiyim kimi, Bülbül adına məktəbdə müəllimim Ağaxan Abdullayev idi. Ancaq müsabiqə ərəfəsində onun səhhətində problemlər çıxdı. Buna görə də məni Zabit Nəbizadə hazırlaşdırdı.

- Tamaşaçı sevgisi hiss etməyə başlamısan, eləmi?
- Artıq rayonlara, bölgələrə səfərlərimiz olur, geniş auditoriyaya çıxıram. Kütləvi rəğbəti hiss edirəm. Ancaq bu, həm də məsuliyyət deməkdi. Bu yaxınlarda Dövlət Filarmoniyasının təşkilatçılğıyla Beyləqanda konsert verdik. Yenə rayonlara səfərimiz gözlənilir. Xaricdən də dəvətlər var.

- Kitablara münasibətin necədi? Mütaliə edirsənmi?
- Düzünü deyim, vaxt çatışmır. İmkan tapan kimi bədii ədəbiyyat oxumağa çalışıram. Hazırda Azərbaycan Milli Konservatoriyasında təhsilimi davam etdirirəm. Birinci kurs tələbəsiyəm. Xanəndəliklə yanaşı, tarda və pianinoda da ifa etməyi öyrənirəm. Mənim böyük arzularım var. Muğamın sirlərinə daha dərindən yiyələnmək istəyirəm. Konservatoriyadan sonra magistraturaya, sonra doktoranturaya qəbul olmağı düşünürəm.

- Hər dəfə səni tarda, kamançada fərqli adamlar müşayiət edir. Bu, çətinlik yaratmır ki?
- Əlbəttə, mənimçün hələ bir az tezdi. Gələcəkdə ansambl yaratmaq arzum da var, sağlıq olsun.

- Hansı muğam ifaçılarına çox qulaq asırsan?
- Rübabə Muradovanı dinləməkdən doymuram. Xarici musiqini də dinləyirəm. Bu yaxınlarda bir ərəb mahnısını milli musiqi alətlərimizin müşayiəti ilə tamaşaçılara təqdim edəcəm.

- Bəstəkarlarla işləyirsənmi?
- Arif Məlikovun bir mahnısını oxumuşam, məncə, əməkdaşlığımız davam edəcək. Sərdar Fərəcovun təzə bir mahnısı üzərində işləyirik, Novruz bayramı ərəfəsində tamaşaçıların ixtiyarına verəcəyik.

- Hər bir qadın müğənninin Opera Teatrında Leyli rolunu ifa eləmək arzusu, məqsədi olur. Sən indi həm də Leyla yaşdasan...
- Mənim də belə arzum var, təbii... Ancaq Leyli obrazını oynamaq üçün həyat təcrübəsi də lazımdı. İnşallah, daha irəli illərdə Leyli olmağa, Leyli oynamağa da cəhd edəcəm. Demək olar ki, əksər “Leyli-Məcnun” ifalarını dinləmişəm. Ən çox xoşuma gələn Rübabə Muradovanın Leylisidi. Onun ifasında şam pərdəsinə baxıb dinləməyi xüsusi ilə sevirəm. Onda gözümün yaşını saxlaya bilmirəm.
Bildiyimiz kimi, Leyli obrazının əsas mahiyyətində eşq dayanır. Bu eşqi hər kəs öz düşüncəsinə uyğun dərk və ya qəbul edir. Mənə elə gəlir, bütün saf eşqlər bizi ilahi eşqə bağlayır.

- Səsi olan babanı necə xatırlayırsan?
- Toran yadıma gəlir. O, rəhmətə gedəndə uşağıdım, 4-5 yaşım vardı...

- Kəndi-kəndistanı xoşlayırsan?
- Hə, çox... Xüsusən, bayramlarda.

- Hələ “Şirvan şikəstəsi” oxumamısan? Yoxsa bu da hələ tezdi?
- Oxumuşam artıq... Yaxın zamanlarda “Lider” TV-də efirə gedəcək.

Söhbət kəsilmir, davam eləyir. Ondan “Kənddə eviniz hansı tərəfdədi” - soruşuram. “Yalda, dağın başında” - cavab verir. Axı, biz eyni kənddənik...

Qurban Yaquboğlu


Müəllif:

Oxşar xəbərlər