15 Mart 2016 11:48
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində regionlarımızın təqdimatı davam etdirilir.

Layihə çərçivəsində növbəti təqdimat Şuşa rayonuna həsr olunub. Tədbir Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə martın 14-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Mərkəzin foyesində dekorativ-tətbiqi sənət ustalarının əzəli yurd yerimiz olan Şuşanın keçmişini, mədəniyyət və incəsənət tarixini əks etdirən əl işləri, xalça nümunələri, rəsmlər və rayon haqqında nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün seçilən məkanın “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində keçirilən digər məkanlardan fərqləndiyini söyləyib: “Azərbaycanın ecazkar musiqi beşiyi Şuşada zaman-zaman milli musiqi mədəniyyəti xəzinəmizə əvəzsiz töhfələr verən görkəmli sənətkarlar yetişib. Məhz təqdimatın Muğam Mərkəzində təşkili bu səbəbdən qaynaqlanıb”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, bu problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq: “Şuşada mövcud olan mədəniyyət ocaqları, musiqi məktəbləri bu gün yaşayır, Azərbaycan dövləti bu istiqamətdə mühüm layihələr, proqramlar həyata keçirir. Buna baxmayaraq biz o vaxt rahatlıq tapacağıq ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi həll olunacaq. Əminik ki, Prezident İlham Əliyevin səyləri nəticəsində bu məsələ qısa bir zamanda öz həllini tapacaq, işğal altındakı torpaqlarımız azad olunacaq və biz belə bir təqdimatı Şuşada keçirəcəyik”,

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Gecədə Şuşa rayon bədii kollektivlərinin, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər