27 Mart 2016 17:30
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm Əhməd

Azərbaycan Milli Şurasının sədri, Cümhuriyyətin qurucularından, mühacirətdə Azərbaycan davasının əsas lideri olan Məhəmməd Əmin Rəsulzadə dövlət xadimi olmaqla yanaşı həm də vəfatına qədər maarifçilik xəttini aparan şəxsiyyətlərdən olub.

O, Azərbaycan ədəbiyyatı, elmi, tarixi, mədəniyyəti ilə bağlı bir sıra kitabların, məqalələrin müəllifidir.
Hələ 1903-cü ildə “Şərqi-Rus” qəzetinə, Məhəmməd Ağa Şahtaxtlıya göndərdiyi məktubunda gec olmasına baxmayaraq müsəlmanların da qəzetə sahib olmasına sevindiyini bildirir, mətbuatın xalqın tərəqqisində önəmli rol oynayacağını deyir. Yenə “Şərqi-Rus”da yazdığı bir məqaləsində millətin inkişaf etməməsini hümmətsizliyə və təkəbbürə, eləcə də dinin mövcud gücünə bağlayan Rəsulzadə köhnə İslam mədəniyyəti ilə fəxr etməyi alim babası ilə fəxr edən cahil nəvənin durumu ilə eyniləşdirir və xalqa çağırış edir: “Qardaşlar! Gəlin, hamımız birdən hümmət edək, məktəblər açaq, xeyriyyə cəmiyyətləri təsis edək, fəqirlərə əl tutaq... Elmsiz heç bir nöqsanımız aradan götürülməyəcək”.

Qiraətxananın vacibliyi

1894-cü ildə yazıçı, dramaturq Nəriman Nərimanov tərəfindən Bakıda ilk qiraətxana açılır. Belə ki, Bakı qubernatorunun icazəsi ilə Qorçakov küçəsində 1894-cü il avqustun 1-də ilk kütləvi milli qiraətxana təşkil edilir. Qiraətxanaya H.Z.Tağıyevin dəstəyi ilə Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən qəzet, jurnal və kitablar göndərilirdi. Eləcə də, Nərimanovun özü dönəmin ziyalılarının köməyi ilə Xaqaninin, Nizaminin, Füzulinin, Sədinin, Hafizin, Firdovsinin, Bakıxanovun, Axundovun, Vaqifin, Zakirin, S.Ə.Şirvaninin və digərlərinin əsərlərini toplamışdı. Qiraətxana çərçivəsində həm də aktyorluq dərnəkləri yaradılmışdı, burada əsərlər müzakirə edilir, səhnələşdirilirdi. Lakin qiraətxananın nüfuz qazanması onun 4 il sonra gizli siyasi dərnək bəhanəsi ilə qapadılmasına səbəb oldu.

1906-cı il mart ayının 8-də Bakıda “Nicat” mədəni – maarif cəmiyyəti yaradılır. Rəsulzadə də həmin cəmiyyətin üzvü, daha sonra isə sədri olur. Cəmiyyətin gördüyü önəmli işlərdən biri də Bakının özündə və kəndlərində qiraətxanalar açması olur. Rəsulzadə 1906-cı ilin 14 martında “İrşad” qəzetində yazdığı “Qiraətxana” adlı məqaləsində Nərimanovun açdığı qiraətxananı xatırlayır və kitabxananın bağlanmasının səbəbini belə izah edir: “Buna səbəb bizim cəhalətimiz, durğunluğumuz, mədəniyyətsizliyimiz, daha doğrusu hümmətsizliyimiz oldu”.

Buna görə də Rəsulzadə artıq çarın 1905-ci il inqilabından sonra buxovları zəiflətməsindən yararlanıb yenidən açılan qiraətxanaların qorunmasının vacibliyindən danışır: “Hər kəs təklikdə hər cüt qəzetlərin hamısını alıb oxumağa, hər kitaba pul verib mütaliə etməyə qüdrəti çatmaz. Amma qiraətxana vasitəsilə iki qəpikdən keçərək nə qədər istəsə, oxumaq mümkündür”.
Amma təəssüf ki, qiraətxanalarda oxucu sayı o qədər az olur ki, kitabxana müdirləri bununla bağlı cəmiyyətə davamlı şikayətlər edirlər ki, bağlamağa məcbur olacağıq. Ona görə də Rəsulzadə dayanmadan bu məsələ ətrafında yazılar yazır.

Uşaq jurnalının bağlanmasına qarşı

Rəsulzadə 1906-cı ildə “İrşad”da yazdığı “Dəbistan” adlı məqaləsində ayda iki dəfə uşaqlar üçün dərc olunan bu jurnalın bağlanmaq təhlükəsində olmasına toxunur. “Dəbistan”ı Rusiyada, bəlkə də, İslam dünyasında uşaqlar üçün yeganə jurnal hesab edən Rəsulzadə uşaqların doğru tərbiyə alması üçün atalara müraciət edir: “Ey atalar! Nahaq yerə xərclədiyiniz pulların cüzisinin cüzisini də övladınızın tərbiyəsinə məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız!... Kömək edin qardaşlar: mətbuat ki var millətin çıraqlarıdır. “Dəbistan”da bu çıraqlardan birisidir”.

Milli məktəb

Rəsulzadənin jurnalistika fəaliyyətinə ümumi baxanda görürük ki, Cümhuriyyətin elanına qədər ağırlıq siyasi-ictimai yazılara verilsə də, təhsil və elm xüsusi bir xətt təşkil edir. 1916-cı ilin 18 oktyabrında “Açıq söz” qəzetində yazdığı “Bizə nə kibi məktəb lazım?” adlı məqaləsində milli məktəb ideyasının vacibliyini qeyd edir: “Əgər biz bəlli-başlı bir millət olmaq istəyiriksə, özümüzə elə məktəblər təmin etməliyik ki, bizi bir millət olaraq tərbiyə etsin, ruhumuzu, mənəviyyatımızı tamamilə mühafizə edib özümüzü özümüzlükdən çıxarmasın. Belə bir məktəb şübhəsiz ki, milli məktəbdir. O məktəb ki, orada bütün dərslər türkcə olsun, proqramı öz tərəfimizdən tərtib edilsin. Belə olarsa, bu millətə istədiyimiz müəllimi, mühərriri və alimi hazırlaya bilər və bu surətlə hazırladığımız milli mədəniyyət xadimlərini xalqın içinə, kəndlərə, oblara göndərir, bütün milləti işıqlandırmağa böyük bir amil vücuda gətirə biləriz”.

1914-cü ildə yazdığı “Kənd məktəbləri və müəllimsizlik” adlı yazısında isə Rəsulzadə günü-gündən artan ibtidai məktəblər üçün müəllim ehtiyacından danışır, Qori seminariyasının təkbaşına bu işin öhdəsindən gələ bilməyəcəyini bildirir. Onun fikrincə, bu məqsədlə Bakıda darülmüəllim açılmalı, türk uşaqlarına türkcə təhsil verməsi üçün müəllimlər yetişdirilməlidir. Həmçinin kəndlərdə məktəblərin təşkil edilməsinin vacib olduğunu yazan Rəsulzadə bu məktəblərə qarşı çıxanların kimlər olduğunu da bildirir: “Kəndlərdə məktəb açdırmaq istəyən cəmiyyətlərin nümayəndələrindən eşitdim, deyirlər ki, kəndlərə getdiyimizdə bəzi səmimi olanları təklikdə bizi yanlayıb kəmali-heyrət və maraqla xəbər alırlardı: “Doğrusunu de görüm, sizə nə var ki, bizim dərdimizə qalıb məktəb açdırmaq üçün bu qədər çalışırsınız. Burada sizin faydanız nədir?” Kəndlilərin bu kimi şəkk və şübhələrini qüvvətləndirəcək və onların bu etimadsızlıqlarından istifadə edəcək “şeytanlar” da yox deyildir. Bunlar kəndlilərin cəhalət və qaranlıqda qalmalarından şəxsən fayda-mənd olduqlarından haman məktəblər və məktəbçilər haqqında bəslənilən bu "şübhə"ni min dürlü şayiələr və böhtanlarla təyid edirlər: Bu məktəblər xalqı ruslaşdıracaq; Məktəblər açıldıqdan sonra vergilər artacaq; Bu məktəblərin açılmasından sonra müsəlmanlardan da soldat aparacaqlar.

Bu kimi bir çox düşüncələr, qayğılar, bu qayğıları nəşr edənlər - yerinə görə iki qisim adamlardır. Kəndlilərin üzərində nüfuzları olan avam "molla"lar ilə kənd "sahibi" olan bəylər və ağalar. Mollanın nə nöqteyi-nəzərdən tazə məktəb əleyhində olduğu məlumumuzdur. Bəylərin dilindən nəql ediyorlardı, eşitdim ki, deyirlərmiş: "Bizə nə faydası var ki, kəndli balası oxusun, gözü açılsın. İndi özünü bizə qolu bağlı qul bilir. Məktəb olarsa, artıq bu qulluğu qəbul etməz. Yaxşısı budur ki, kəndlərə heç məktəb gəlməsin”. Kənd mollası da məlum, kəndin yeganə "yazı-pozu biləni" və xəlqülnasın "behişt dəllalı"dır. İstəməz ki, "yazılı kağızlar çobanlarla da danışsın".
Bunun çarəsi kimi Rəsulzadə o məktəblərə gedib tək-tək elmə, maarifə marağı olan insanlarla danışmaq olduğunu yazır.

Cümhuriyyət dönəmi

1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyətinin elanından sonra artıq M.Ə.Rəsulzadə və digər xadimlər üçün təhsillə bağlı rahat planlar qurmaq, addımlar atmaq imkanı yarandı. Belə ki, parlamentin 1 sentyabr 1919-cu ildə keçirilmiş 70-ci iclasında gündəliyə belə bir məsələ çıxarıldı: “Əcnəbi məmləkətlərə yüz nəfər tələblərin hökumət tərəfindən göndərilməsi haqqında qanun layihəsi.
Qərar səsə qoyularaq qəbul edilir və belə bir şərt qoyulur: “Hökumət stependiyasından istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra, hökumətin göstərdiyi yerlərdə dörd sənə müddətində qulluq etməyə məcburdurlar”.

Yüz tələbəni seçmək üçün Xalq Maarifi Nazirliyi yanında münsiflər heyəti yaradılır, sədr M.Ə.Rəsulzadə olur. Heyətə Qarabəy Qarabəyov, Əhməd Pepinov, Mehdi Hacınski, Abdulla Əfəndizadə daxil olur. Parlamentin həmin iclasında gündəliyə çıxarılan təhsillə bağlı digər iki mühüm məsələ bunlar idi: “Azərbaycan hökumət darülfünunun təşkili haqqında qanun layihəsinin 3-cü qiraəti; Xalq kitabxanaları üçün kitab almaqdan ötəri bir milyon rubl buraxılması haqqında qanun layihəsi.

Beləliklə, Azərbaycan Dövlət Universiteti yaradılır. Universitetin rektoru tanınmış tibb alimi və cərrah Vasili İvanoviç Razumovski olur. Rəsulzadə universitetdə Tarix-filologiya fakültəsində Osmanlı tarixindən və ədəbiyyatından dərs deyir.

Azərbaycanda cümhuriyyət dönəmində təhsillə bağlı atılan addımları Rəsulzadə “Əsrimizin Səyavuş”unda qısaca belə anladır: “Təhsil-tərbiyə təşkilatına ayrı bir təzəlik verilmişdi. Məmləkəti irfanın nuruyla işıqlandırmaq üçün ciddiyyətlə işə başlanmışdı. Ümumi təhsilin həyata keçirilməsi əsas tutularaq, bunu təmin üçün bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş erkəklər və qızlar universitetləri vasitəsiylə öyrətmənlər hazırlanırdı. İbtidai məktəblərin çoxalmasına xidmət etmək üçün xüsusi şəkildə İstanbuldan öyrətmənlər gətirilmişdi. Bundan başqa, xüsusi olaraq hər bir qəza mərkəzində öyrətmənlər kursu açılmışdı. Maarif nəşriyyatı işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziya liseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu. Məktəb yaşından böyük vətəndaşlar da unudulmamışdı. Bunlar üçün gecə kursları açılmışdı. Bu xüsusda qadınlar da unudulmayaraq, onlara fərdi gündüz kursları açılmış və cəmiyyətlə ilgili dərslər tərtib edilmişdi. Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün Bakı Universiteti açılmışdı. Bundan başqa, yüzə yaxın tələbə müxtəlif texniki sahələrdə təhsil almaq üçün dövlət məsrəfi ilə Avropanın universitetlərinə və digər yüksək məktəblərinə göndərilmiş, bir o qədər də tələbənin İstanbula yollanması qərara alınmışdı”.

Mühacirətdə təbliğat

Cümhuriyyətin işğalından sonra Türkiyəyə mühacirətə gedən Rəsulzadənin burada ilk hədəfi bolşevizmlə mübarizə olur. Bu məqsədlə Azərbaycanın indiki durumu və işağalaqədərki dönəmi haqqında geniş məlumat yaymaq üçün kitablar çap edir, jurnallar dərc edir. Hələ Lahıcda gizlənərkən yazdığı “Əsrimizin Səyavuşu” kitabını burada çap etdirir. Ardınca “Yeni Qafqaz”, “Azəri-Türk”, “Odlu Yurd”, “Bildiriş” kimi qəzet və jurnallar çap edir. Bu jurnalların səhifələrində mövcud ictimai-siyasi məsələlərlə yanaşı Azərbaycan mədəniyyəti, tarixi haqqında da bilgilər verilir.
Rəsulzadənin 40-50-ci illərdə yazdığı “Azərbaycan kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” kimi kitablarda qısa şəkildə olsa da, Azərbaycan mədəniyyətinin tarixi xronoloji ardıcıllıqla təqdim edilir.

Beləliklə, Rəsulzadənin mindən yuxarı yazdığı məqalələrdə, eləcə də, ona yaxın kitabında təhsil, maarif xətti həmişə ön planda olub, dövlətin var olması üçün bunların ən önəmli şərtlər olduğu dəfələrlə vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər