Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində konsert proqramı ilə çıxış edib.
Bu barədə məlumatı əməkdar artist Fərqanə Qasımova Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu- Dabi şəhərinə səfər mart ayının 7-dən 11-nə kimi davam edib: “Əbu-Dabidə bir konsert proqramı ilə çıxış etdik. Hansı ölkə olur-olsun fərq etməz,konsert zamanı bir şeyi əsas götürürük - bizə qulaq asmağa gələn tamaşaçılar konsertdən, ifamızdan razı getməlidir.
Şükürlər olsun, tamaşaçılar bizdən məmnun qaldılar. Səfirliyimizə təşəkkürümü bildirirəm”.
Novruz bayramı ərəfəsində Türkiyəyə səfər etmələri gözlənilən xanəndələrin son anda planları dəyişib. Səfər təxirə salınıb: “Neçə illərdir Novruz bayramını vətəndə qarşılaya bilmirdik. Çünki əcnəbi ölkələrdə konsertlərimiz çox olurdu. Bu il də Novruz bayramlnı Türkiyədə qarşılamalı idik, amma həmin ölkədə baş verən terror olaylarına görə təşkilatçılar ehtiyat edib, səfərimizi təxirə saldılar”.
Xanəndə həmçinin bildirib ki, aprel ayının 14-də Alim Qasımovla birgə Sinqapura yola düşəcək: “Aprelin 14-dən 19-nə kimi Sinqapurda konsertimiz olacaq. Konsertdə Azərbaycan muğam və təsnifləri ilə yanaşı, bəstəkar və xalq mahnıları da səsləndiriləcək”.
Nərmin