Tanınmış sənətçilər son günlər cəbhə bölgəsində yaşanan gərginlik və Azərbaycan ordusunun uğurları ilə bağlı təəssüratlarını Teleqraf.com-la bölüşüblər.
"Bu yaşda döyüşərəm"
Xalq artisti Arif Babayev: "Cəbhədən aldığımız xoş xəbərlər bizi sevindirir. Bəzən fərqli xəbərlər də yayılır. Bütün hallarda xeyli irəliləyişlər var, bu, böyük uğurdur.
Döyüş zamanı qan da tökülür, əlbəttə, üzülürük. Allah şəhidlərimizə rəhmət eləsin. Hər vaxt ordumuzun arxasındayıq. Bu gün bizim azad-firəvan yaşamağımız ordumuzun hesabınadır.
78 yaşım olmasına baxmayaraq yeri gəlsə, orduya qoşulub, döyüşlərdə vuruşaram. Çünki torpaq hər şeydən irəlidir. Əminəm ki, tezliklə bütün torpağımıza qovuşacağıq".
"Xəbər gözləyirəm"
Xalq artisti Nəzakət Teymurova: "Bir tərəfdən sevinirik ki, torpaqlarımızı qaytarırıq, o biri tərəfdən şəhid xəbərləri eşitdiyimizə görə üzülürük. Amma şəhidlik ucalardan uca mövqedir.
İki-üç gündür cəbhədə yaranan gərginlikdən dolayı evdə də otura bilmirəm. Deyirəm, bəlkə cəhbədə hansısa köməyə ehtiyac duyarlar. İnanın, bu gərginlik, gələn xəbərlər hamı üçün, xüsusən də o torpaqlarda doğulmuş adamlar üçün çox qəribə təəssürat yaradır.
Həm sevincli, həm də kədərli anlardır. Çünki o acıları yaşamışıq, hiss etmişik.
Vətən övladdan, atadan, anadan da yüksəklərdədir. Torpaq həsrəti insanı hər zaman üzür. Telefonu əlimdən qoyub, televizora baxıram, televizordan gözümü çəkib, telefonla internetə girib, saytları izləyirəm. Xəbər gözləyirəm.
İnsanlar daha yorulub, bezib, hamı istəyir ki, əli yalın da olsa o torpaqlara qayıtsın.
Allah şəhidlərə rəhmət eləsin, ruhları şad olsun. Şəhid ailələrinə səbr diləyirəm. Arzu edirəm ki, bütün Qarabağı alaq. Allah o şad günləri görməyi bizə qismət eləsin”.
“Ermənilərə dərs, dünyaya mesaj verdik”
Xalq artisti Mənsum İbrahimov: “Vətən oğlu kimi ordumuzun bu şücaətinə çox sevinirəm. Allah həmişə ordumuzu qüdrətli eləsin, bizi sevindirsin.
Amma təbii ki, acı xəbərlərimiz də oldu. Şəhid verdik. Allah şəhidlərimizin ruhunu şad eləsin, başımız sağ olsun.
Hadisələrdən üç-dörd gün qabaq Ağdamda idim. Sizi inandırıram ki, insanların əhval-ruhiyyəsi çox gözəldir. Ağdamın az bir hissəsi bizdədir, amma bu gün orda 94 min adam yaşayır. Bu, çox önəmli rəqəmdir.
Hamı fəxrlə deyir ki, bizim güclü ordumuz var. İnanın, bu, çox önəmli bir şeydir. Bu, dövlətimizin gücündən xəbər verir. İnanıram ki, beynəlxalq təşkilatlar imkan versələr, bir həftəyə torpaqlarımızı geri alarıq".
"Ürəyim əsgərlərlə birgə döyünür"
Xalq artisti Aygün Bayramova: "Neçə gündür əlim heç nəyə yatmır, yatdığımı-yediyimi bilmirəm. Cəbhədə vəziyyət çox gərgindir. Amma əsgərlərimizdə ruh yüksəkliyi var. İnsanların əhval-ruhiyyəsi çox yaxşıdır.
Tərtərin özündə mənim bacım yaşayır. Deyirəm müvəqqəti başqa yerə köçün, deyir, yox, burdan ayrılmaq istəmirəm. Orda hamı onun kimi fikirləşir.
Bilirsiniz, lazım olsa, biz də cəbhəyə gedərik. Bunu həqiqətən deyirəm. Qarabağlı, Ağdamlı və vətənpərvər biri olaraq buna hər zaman hazıram.
Bıçaq sümüyə dirənib. Ürəyim əsgərlərlə birgə döyünür. Allah köməyimiz olsun və əsgərlərimizi qorusun”.
“Bir erməni azərbaycanca məni söydü”
Xalq artisti Firəngiz Mütəllimova: “Martın 31 və aprelin 2-si “Qarabağnamə” tamaşasını oynayırdıq. Evdən çıxıb teatra tamaşanı oynamağa gedəndə çox qəribə hiss yaşayırdım. Elə bilirdim Şuşaya gedirəm.
Bu gün səhər “İnstaqram” səhifəmi açanda gördüm ki, bir erməni azərbaycanca məni söyüb. Bloka atdım, cavab da yazmadım. Çünki gördüm ki, şərhlər bölməsində bizim oğlanlar ona layiqli cavab veriblər.
Erməni dilində söyüşlər bilirəm, çünki ermənilərin içində böyümüşəm. Amma onu söyməyi azərbaycanlı xanım kimi özümə yaraşdırmadım.
İndi tez-tez saytları oxuyuram, bizə dəstək çıxan bütün ölkələrə təşəkkür edirəm. Qürurlanıram.
Arzum odur ki, əsgərlərimizin qanı yerdə qalmasın, Şuşanı görmədən ölməyim, Laçında, Şuşada bayrağımız asılsın və “Qarabağnamə” tamaşasını Şuşada oynayım. O günlər uzaqda deyil”.
Nərmin Muradova