Xalq artisti Flora Kərimova və Londonda yaşayan qızı Zümrüd Şəfiyeva Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Zümrüd xanım, Flora Kərimovanın gəncliyini klipdə canlandırdınız. Bu haqda təəssüratlarınızı eşitmək istərdik…
Zümrüd Şəfiyeva: İki klipə çəkildim, hər ikisində də Flora xanımın gəncliyini canlandırdım. Klipin biri süjetsizidi, digərində isə süjet xətti vardı.
- Sizinçün klipdə çəkilmək çətin olmadı ki?
Z.Şəfiyeva: Artıq televiziyaya, kameraya, çəkilişə öyrəşmişəm. Bir neçə il əvvəl Nadir Qafarzadə ilə bir klipə çəkilmişdim. Balaca bir epizod idi, çox həyəcanlı idim. Bu dəfə qətiyyən həyəcan keçirmədim.
- Necə oldu, Flora xanımın gəncliyini canlandırmaq qərarına gəldiniz?
Z.Şəfiyeva: Rövşən Cevişov və rejissor Türkay qardaşımızın ideyası idi. Eləcə Nail Naiboğlunun... Hər birinin ideyası eyni vaxta düşdüyü üçün mən Bakıda olanda klipə çəkdilər. Bu günlərdə Londona qayıdıram.
- Flora xanım, qızınızın sizin gəncliyinizi canlandırması necə bir hissdir?
Flora Kərimova: Qızım Londondan Bakıya gələnə qədər səksəkə içində həsrətini çəkdim. Səsini eşitməyə möhtacıdım... Ancaq düşünürəm, hər bir ana övladına hara perspektivlidir, rahatdır, orada olmasını istəyir. Klipə çəkildi və çox gözəl hisslər keçirdim.
- “Ən böyük arzum Zümrüdün ana olmasını görməkdir” demişdiz...
F.Kərimova: Xeyr, o arzumla yaşamıram. O arzum gecəm-gündüzüm deyil. Çünki yaradana, Zümrüdün naxışına inanıram. Qızım çəkilişə gedəndə hər şeyə onun gözü ilə baxdım. Londonda yaşayır. Ora qürbətdir, hərdən insan qəribsəyir. Hətta çox doğmalarının arasında belə... İnşallah, sentyabrda yenə Bakıya gələcək.
Gün ərzində qızımla votsap vasitəsilə danışıram, eyni sualları verirəm... Siz gəlməmişdən əvvəl qızıma deyirəm ki, mama qurban, heç vaxt arzularla yaşamamışam. Bəlkə də heç doğulandan arzu etməmişəm, həyatımda cəmi iki arzum olub.
Uşaq idim, ailəmiz kasıb idi. Qonşumuzun fotoaparatı vardı. Onda gözüm yox idi, ancaq fotoaparat istəyirdim. Digər arzum uşaqlıqda qol saatı taxmaq idi. Ondan sonra mənim bütün arzularım bitdi.
Mən çox qəddar realistəm. Qızıma deyirəm ki, mən artıq arzulamaqdan yoruldum. Arzulamaq yadımdan çıxıb, həyat öz-özünə o hissiyyatı sildi.
- Flora xanım, bir insan üçün elə yaşamaq çətin deyil ki?
F.Kərimova: Mənim üçün yox. Qızıma da başa salıram ki, güvənməyin üçün mən, qardaşın, Yaqut (yaxın qohumu nəzərdə tutulur-red.) var. Üç nəfərik, amma böyük qüvvəyik, ona görə çox şeyə çəhrayı rəngdə görürsən. Allah o anları qismət eləməsin ki, cəhrayı rəngi yox, boz rəngi görəsən.
Mən inanıram ki, artıq dediyi kimi, Yaradan onun əlindən tutub aparır. Mənim kimi realist olmasını istərdim. Qızımda narahat olduğum bir xüsusiyyət var, hamıya bəraət qazandırır, hətta düşməninə də.
Z.Şəfiyeva: Həyatda şəxsən özümə qarşı heç bir neqativ görməmişəm. Bu, insan üçün böyük xoşbəxtlikdir. Səbəbi odur ki, güclü və zərbəni öz üzərinə götürən valideynlərim, məni qoruyan Allahım var. Dostlarımdan çox razıyam. Həyatım boyu mühitimdən razı olmuşam. Heç kimdən özümə qarşı düşmənçilik görməmişəm. Yaşım imkan verir deyəm ki, bu, insan üçün xoşbəxtlikdir.
- Tanınmış, öndə gedən insanların düşməni çox olur. Flora xanım, sizin düşmənləriniz necə, övladlarınıza pislik etməyə çalışıblarmı?
F.Kərimova: Əlbəttə, pislik etməyə çalışıblar. Amma qızım hər zaman deyir ki, mama, onlar bədbəxt və yazıq adamlardır.
- Ana-bala bir-birinizin hansı xüsusiyyətindən razı və ya narazısınız?
Z.Şəfiyeva: Flora xanımın razı qaldığım xüsusiyyətləri çoxdur.
F.Kərimova: Narazı olduğun xüsusiyyətlərim daha çoxdur…
Z.Şəfiyeva: Bəli, narazı olduğum xüsusiyyətləri də var. Amma soruşsanız ki, hansı xüsusiyyəti dəyişmək istəyərsiniz? Deyərdim, heç bir xüsusiyyətini. Yalnız onun varlığını, sağlamlığını, bu həyatdan razılığını istəyərdim. Təbiətində heç nəyi dəyişmək istəməzdim. Hansısa hadisəyə müxtəlif baxışlarımız olur, müzakirələr aparırıq. Flora xanımla xarakterimiz fərqlidir.
F.Kərimova: Təbiətimiz ayrıdır…
Z.Şəfiyeva: Özümü xasiyyət baxımından atamın övladı sayıram.
F.Kərimova: Pahhh (gülür).
Z.Şəfiyeva (gülür): Həmişə düşünürəm ki, Oqtayla mənim bir bacımı olsaydı, o, mütləq ananın xasiyyətini götürəcəkdi. Mama kimi çılğın, iradəli...
F.Kərimova: Yazıq mama...
Z.Şəfiyeva: Mən əslində necə xarakterli insan olduğumu bilmirəm. Təbiətimdən bir o qədər xəbərim yoxdur. Yəni ki, necə biri olduğumu hələ də anlaya bilməmişəm.
F.Kərimova: Xeyr, qızım, sən çox hallarda kişi xasiyyətlisən.
Z.Şəfiyeva: Düşünürəm ki, həyatın hər üzünü görən insanlar özünü daha yaxşı tanıyır. Bu cür sevgi içində böyüyən, çətin gün görməyən insan bir o qədər də iç dünyasını bilmir. Həyat ağ-qara deyil. Onun spektri genişdi. Bir rəngin digər rəngə keçən tərəfləri var. Bizim iç dünyamız və həyat da belədir. Həyatda hər şey nisbidir. İnsanın davranışı qarşı tərəfdən də asılıdır.
Ancaq hamımız düşünsək ki, qarşımızdakı insan necədirsə, mən də onun kimi rəftar edəcəm, bu, doğru olmaz. Müsbət reaksiya ötürməlisən ki, sonra onu qəbul edəsən. Mən özüm birinə müsbət enerji ötürməliyəm ki, o da müsbət cavab qaytarsın. Amma əfsus ki, hər insan qarşıdakı tərəfdən gözləyir, nəsə almaq istəyir. Heç kim o istiliyi vermək istəmir.
F.Kərimova: Bu da mənim qızım... Xasiyyəti anasından gəlib.
Z.Şəfiyeva: Mən Londonda təhsil almağım...
F.Kərimova: Məni tərifləməsiniz qırğın salacam (gülür).
Z.Şəfiyeva: Mən təhsilimlə çox şey öyrənmişəm. Tərbiyə və təhsilim hər şeyi qavramağa imkan verib.
- İmkanınız olsaydı, bir-birinizin hansı xasiyyətini dəyişmək istərdiniz?
Z.Şəfiyeva: Flora xanım bunu özü etiraf etmir. Amma hər şeyi əvvəl neqativini, sonra pozitivini görən insandır. Mən istərdim, hər ikisini görsün. Amma deyirəm ki, ikisini də birdən görsün ki, onların heç biri onun qərarına mane olmasın (gülür).
F.Kərimova: Qızımın heç bir xasiyyətini dəyişmək istəməzdim.
Z.Şəfiyeva: Keçən dəfə nə isə demişdin...
F.Kərimova: O xasiyyətini yavaş-yavaş düzəldirsən.
Z.Şəfiyeva: Səbrsizliyimi? Deyir ki, bəzən səbrsiz olmuşam. Mən çox sakit insanam. Amma hövsələsizəm.
F.Kərimova: Atası kimi sakit danışandır. Amma həmişə ehtiyatlanır ki, onu düzgün başa düşməzlər, ona görə fikrini tez çatdırmağa çalışır.
- Zümrüd xanım, birinci dəfə ailə həyatını Flora xanımın razılığı ilə qurmusunuz. Bu dəfə necə, xalq artistimizin müdaxilə edəcəyini düşünürsünüzmü?
Z.Şəfiyeva: Bu dəfə Flora xanımın müdaxilə qərarına gələcəyini düşünmürəm. Çünki mən şəxsiyyət kimi çox dəyişmişəm. Flora xanım da bu dəyişiklərin müsbət tərəflərini görür və sevinir. Artıq həyatdan nə istədiyimi bilirəm...
F.Kərimova: Qızım ailə qurarkən müdaxilə etməyimə görə peşman deyiləm. Bu dəfə isə müdaxilə etməyəcəm, qoy öz seçimi olsun. O ailə ilə qohum olmaqda yanılmamışdım, həyatdır, hər şey ola bilər. Artıq qızım müdrikləşib.
Qızımın bir az əvvəl qeyd etdiyi fikri xoşuma gəldi ki, "anam ilk əvvəl neqativi, sonra pozitivi görür". Zümrüd insanlara hörmətlə yanaşır, hamını pozitiv görür. Ancaq həyatda neqativi də görüb özünü sığortalamaq lazımdır.
-Zümrüd xanım, bu il evlilik gözləyəkmi?..
Z.Şəfiyeva: Hər bir xanım kimi mən də ailə qurmağı düşünürəm.
F. Kərimova: Evliliyi planlaşdırmaq olmur, qarşına insan çıxır, seçim edib ailə qurursan.
- Həyatın çətinliklərinə qalib gəlmək üçün sizcə, xanıma nə lazımdır?
Z.Şəfiyeva: Xanıma səbr lazımdır. Keçən dəfə ailəmizə tanış bir xanım dedi ki, qadının səbri yoxdursa, heç nəyi yoxdur. Onun fikirləri çox xoşuma gəldi. Davranışda, hərəkətdə, münasibətdə, dostluqda, sevgidə səbr nümayiş etdirməsən, həyatda heç nə əldə etmək olmur.
F.Kərimova: Qadına səbrlə yanaşı ağıl lazımdır. Yoxsa səbr göstərmək köləlikdir.
Z.Şəfiyeva: Bəli. Yəni düşünülmüş səbr...
- Həyatda ağıla, şansa, yoxsa taleyə inanırsınız? Ümumiyyətlə, insan öz taleyini dəyişə bilərmi?
F. Kərimova: Xeyr insan taleyini dəyişə bilməz.
Z.Şəfiyeva: Məncə, dəyişər.
Rəqsanə