14 Aprel 2016 18:32
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas Məryəm Əlizadə bu gün 66-cı doğum gününü qeyd edir. Məryəm Əlizadənin Teleqraf.com-a verdiyi müsahibəni təqdim edirik.

-Məryəm xanım, öncə sizi təbrik edirik. Necəsiniz?

-Diqqətinizə görə təşəkkür edirəm. Yaxşıyam.

-Bir ara səhhətinizdə problemlər vardı. İndi hər şey yaxşıdırmı?

-Doğrudur, ayaqlarımda ağrılarım oldu, əməliyyat olunmaq məcburiyyətində qaldım. İndi şükür Allaha, yaxşıyam.

-Gününüz necə keçir?
-Teatr Xadimləri İttifaqındayam. Doğum günümü burda sənət dostlarımla keçirirəm, axşam da ailəmlə birgə qeyd edəcəm. Artıq neçə ildir ad günümü belə keçirirəm.

-Təbriklərin ardı-arası kəsilməz...
-Elədir. İinanın, indiyə kimi sənət dostlarımdan, yaxınlarımdan çoxlu təbrik almışam. Hamı sağ olsun. Mən də insanlara çox diqqət göstərən adamam. Görünür, insanın elədiyi itmir. İnsan diqqət göstərirsə, məhəbbətlə yanaşırsa, min qat artıq əvəzini alır.

10-15 il universiteti bitirən tələbələrim var, onlar zəng edib təbrik edirlər. Hazırda ordumuzda xidmət edən tələblərimin də əlinə telefon düşən kimi mənə zəng vururlar. Mən də tapşırıram ki, möhkəm olun, torpağımızın hər qarışını qoruyun. Bunlar diqqətdir, qayğıdır və çox gözəl hisslər yaradır .

-Bir az da hədiyyə verənlərdən danışaq.
-Bu gün mənə çox orijinal hədiyyələr veriblər. Məsələn, Əzizə xanım Cəfərzadənin qızı, rəfiqəm Kəmalə Cəfərzadə mənə Hindistan sərgisindən aldığı əl işini hədiyyə edib. Möcüzə bir şeydir. Bu əl işləri vaxtilə bizim bəylərin, xanların evində olub. Sən demə, tacirlər onları Hindistandan gətiribmişlər. Mən onu nənəmin evində görmüşdüm. Çünki babam Qarabağ bəylərindən olub. Bu hədiyyə ilə Kəmalə xanım məni heyrətə saldı. Bilir ki, əl işlərini çox sevirəm.

-Bəs kitab hədiyyəsi?..
-Kitab da hədiyyə eləyiblər. Moskva nəşriyyatının çap etdiyi insan təbiəti, psixologiyası ilə bağlı iki kitab veriblər. Eyni zamanda gül hədiyyələrim də var. Bir sözlə, ziyalı hədiyyələridir... Ziyalı hədiyyəsinin də maddi dəyərinin heç bir önəmi yoxdur, əsas məsələ hədiyyənin insanın ruhuna uyğun olmasıdır.

Hədiyyə alıblar, sağ olsunlar, amma bilirsiniz, bunu həmişə onlara da deyirəm, ən böyük hədiyyəm dostlarımın, tələbələrimin məhəbbətidir və yanımda olmaqlarıdır.

-Bu gün nəyi və kimi xatırladınız?
-Anam sağ olanda mənə təntənəli ad günü keçirməyi xoşlayırdı. Hətta üç gün, üç gecə də davam edən ad günlərim olub. Sinif yoldaşlarımı, qrup yoldaşlarımı, qohum-qonşu demədən hamını çağırırdı. Anam rəhmətə gedəndən sonra Azərbaycanın gözəl psixoloq alimi, qardaşım Əbdül Əlizadə bu missiyanı boynuna götürdü. Bir də əziz dostum Vaqif İbrahimoğlu mənə demişdi ki, hər il doğum günü Yuğ Teatrında keçirəcəyik.

Doğurdan da, dünyasını dəyişənə qədər mənə “Yuğ”da xüsusi proqram əsasında tədbir keçirirdi. 60 illik yubileyimi indiyənə qədər hamı xatırlayır. Vaqifin ruhu şad olsun. Bilirsiniz, dünyasını dəyişən insanları sevənlər qaldıqca, onları xatırladıqca elə onlar da sağ kimidirlər. Vaqifin də ruhu bu gün mənimlədir.

-Yeni məkanda Yuğ Teatrını ziyarətə getmisinizmi?
-Əlbəttə, getmişəm. Açılış tamaşalarına baxdım, çox bəyəndim. Səviyyəli bir açılış tədbiri təşkil etmişdilər. “Yuğ” da maraqlı iş gedir. Orda çox istedadlı aktyorlar var. Mədəniyyət və Turizm Nazirliyi sağ olsun ki, onları yaxşı binada yerləşdiriblər. İnanıram ki, bir-iki ilə Yuğ-a məxsusi bina veriləcək.

-Eşitmişəm, ilk tənqidi yazınızı Məlik Dadaşovla bağlı olub.
-O vaxt “Azdrama”da “Maqbet” tamaşası hazırlanmışdı. Tamaşada bizim iki böyük sənətkarımız oynayırdılar- Hökumə Qurbanova və Məlik Dadaşov. İkisi də böyük sənətkardırlar. Yazıda söhbət aktyor işindən getmirdi, mənim tənqidi qeydlərim rejissor işi ilə bağlı idi. Nə yaxşı ki, rejissor Mərahim Fərzəlibəyov mənimlə razılaşdı.

O, yozumda müəyyən xətalara yol vermişdi ki, onları yazımda qeyd etmişdim. Əvvəl-əvvəl Məlik müəllim tənqidi fikirlərimi qəbul etmədi, oturduq, söhbət etdik və gördü ki, mən düz deyirəm. Sonra bu yazı sayəsində biz dost olduq.

-Sizdən kimə şikayət etmişdi?
-Deyəsən, Mərkəzi Komitəyə... Allah rəhmət eləsin, onlar böyük sənətkarlardırlar. Ölümləri teatrımız, kinomuz üçün böyük itki oldu.

-Qələminizə görə sizinlə uzun müddət danışmayan, düşmən kəsilənlər olubmu?
-Yox, belə bir şey olmayıb. Sovet vaxtı tənqidi başqa cür qəbul edirdilər, indi başa düşürlər ki, bu, sadəcə fikir mübadiləsidir. Biz hamımız bir sənətə - əlahəzrət teatr sənətinə xidmət edirik. Əslində biz bir adamlarıq.

-Tamaşalara baxmaq üçün tez-tez teatra gedirsiniz, yoxsa?..
-Gedirəm. Amma indi mən daha çox kitablar üzərində işləyirəm. Buna baxmayraq teatr mənim həyatımdır, sənətimdir.

Bahar da gəlir, gücüm də artıb, yeni işlərə başlamaq həvəsindəyəm. Arzu edirəm ki, bu əhval- ruhiyyə hamımızda olsun.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər