17 Aprel 2016 15:57
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Anadolu” Aydınlar Ocağının “Kültür və sanatta kardeşlik və candaşlıq” layihəsi çərçivəsində aprelin 4-dən Türkiyədə genişmiqyaslı qastrol səfərində olan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tamaşaçılarla növbəti görüşünü İzmit şəhərində keçirib.

Aprelin 24-dək davam edəcək qastrol səfəri çərçivəsində teatrın kollektivi ilə İzmit şəhərində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Evində görüş olub.

Sonra teatrın kollektivi İftixar Piriyevin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nurlu ömrün anları” mənzum tamaşasının qısa formasını açıq havada nümayiş etdirib. Teatr adından Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin kitanbxanasına çoxlu sayda kitab hədiyyə edilib.

Həmçinin İzmitdəki “Sabançı” Mədəniyyət Mərkəzində “Cümhuriyyətin ilk sədası” tamaşası təqdim edilib. Əsərin əsas qəhrəmanları Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və onun ən yaxın silahdaşlarından olan Kazım Qarabəkir Paşadır.

Tamaşadan sonra Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, teatrın direktoru İftixar Piriyev, “Kocaeli” Aydınlar Ocağının sədri Ruttin Sönmez və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıb, yaradıcı kollektivə uğurlar arzulayıblar.

Bundan əvvəl teatr İğdır, Qars, Ərzurum, İzmir və Manisa şəhərlərində olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində səhnələşdirilən “Soyqırımı tarixinin dastanı” əsəri də bu layihəyə daxildir.

Teatr növbəti görüşlərini İstanbul şəhərində keçirəcək.


Müəllif:

Oxşar xəbərlər