18 Aprel 2016 13:45
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, mərhum İlhamə Quliyevanın dayısı nəvəsi Sədaqət xanım Teleqraf.com-a müsahibə verib. O mərhumun xarakterindən, qohumları ilə münasibətindən danışıb.

Müsahibəni təqdim edirik.

- İlhamə xanım dünyasını dəyişəndən sonra onun ölümü, eləcə də ona məxsus mülklərin taleyi ilə bağlı söz-söhbətlər səngimək bilmir. Yaxın qohumu kimi xalq artistimizi necə xarakterizə edərsiniz? Bu söz-söhbətlərlə bağlı nə düşünürsüz?

- İlhamə xanımın ətrafı hər zaman insanlara dolu olurdu, heç kimə qonaqlıq zamanı hesabı ödəməyə imkan verməzdi. Çörək verən insan idi. Amma onun qohumu kimi bəzi xarakterindən razı deyildik. Gözəl, imkanlı, tanınmış xanım idi. Lazım idi ki, hər uşağın ağzında onun sözü hallansın? Uşaq kimi idi. 73 yaşı var idi, hələ də özünü cavan insanların yanında görmək istəyirdi. Demək olar ki, yaşlı insanlarla oturmurdu. Hər zaman özünü cavan saxlamağa çalışırdı. Bilirdi ki, ağır xəstədir. Amma zəng edən zaman deyirdi ki, mənə nə olub ki? Ayağında, ürəyində problem var idi. 40 mərasimində köməkçisi deyir ki, özüm tibb bacısıyam, nəbzini yoxlayırdım, yaxşı döyünmürdü. Təcili yardıma zəng etməyə icazə vermirdi. Deyirdi, deyəcəklər ki, İlhamə yenə xəstələnib. O insanda yaşamaq sevgisi böyük idi. Özünəməxsus mərd xarakteri vardı. Onu hamı, qohumlar, cəmiyyət əzizləyirdi. Anası onu çox ərköyün böyütmüşdü.

- Tanınmış insan idi. Qohumlarla münasibəti necə idi, onlara kömək edirdimi?

- Xeyr, qohumlara heç vaxt kömək etməyib. Onun ən pis cəhəti də qohumlara kömək etməməsi idi. O ətrafındakı insanlara daha çox kömək edirdi, nəinki qohumlarına. Bizim nəsilə kömək etdiyini görməmişik. Nəslimiz öz gücünə qalxıb. İlhamə xanım heç kimə kömək etməyib. Amma kənar adamlar ondan çox istifadə edirdilər. Bizim qohumlar arasında musiqi sahəsində olan insanlar var. Kənardan gələn bir çox müğənniləri üzə çıxardı, “Toylar kralı” və s. bir çoxuna titullar verdi. Amma öz qohumlarımızdan olan musiqiçiləri onun yanında heç kim görmədi.

- Səbəb nə idi?

- Onun eqosu buna mane olurdu. Hesab edirdi ki, bir nəsildən bir adam tanınmış ola bilər. Onun çatışmayan cəhəti bu idi.

- Bir çox müğənnilər onun sağlığında ətrafında idilər, amma rəhmətə getdikdən sonra dəfn mərasimində bir çoxu iştirak etmədi...
- Bəli, ətrafındakılara çox yaxşılıq etdi, çox müğənniləri məşhurlaşdırdı. Amma qohumlar üçün heç nə etmədi. Yalan danışa bilmərəm. Haqq dünyasındadır, Allah ona rəhmət eləsin. Oun 70 illiyində müğənnilər İlhamə xanımın başına fırlanırdılar. Ona çoxlu hədiyyələr bağışlamışdılar. Amma dəfn mərasimində gül hədiyyə edənlərin heç birini görmədik.
Onun bütün tədbirlərində şou əhli iştirak edib. Onlarınkı “bağda ərik” məsələsi idi. Bilirdilər ki, çörək verən insandır. Keçən dəfə Lamiyə Ələkbərova çox gözəl söz dedi ki, “Xarakteri yaxşı deyildisə, niyə sağlığında başına fırlanırdınız, əllərindən öpürdünüz, brilliantlar hədiyyə edirdiniz?”. İnanırsınız ki, 40 mərasimində şou nümayəndələrindən 5 nəfər iştirak etdi. Qohum-əqrəba, elm adamları, ziyalılar və s. hər sahədən adam var idi. Amma şou sahəsindən beş nəfər… Bu hər şeyi izah edir. Bu gün insanlar ancaq istifadə etməyi düşünür. O insanlar utansınlar. Pis münasibət göstərdiyi insanlar beş faiz olsun... Digərləri həmişə onun ətrafında olub axı. Gəlib onu qucaqlayıb öpürdülər, sakitləşirdi. O anadan elə doğulmuşdu. Hər zaman əzizlənib. Yaşlanmasına baxmayaraq, onda uşaq ürəyi var idi. istəyirdi ki, hamı onun nazı ilə oynasın.

- Güclü xanım idi. Hər kəs ondan çəkinirdi...

- Çəkinməzdilər...Xarakterlərini göstərəydilər. Onlara çəkinmək lazım idi. Niyə mənimlə onlar kimi davranmırdı? Çünki bilirdi ki, elə şeyi sevmirəm. Kiminlə necə davranmağı bilirdi. Əgər bəzilərinin şəxsiyyətlərinə hörməti var idisə, özlərini aşağı səviyyədə aparmazdılar. Deməli, onların xarakteri elə idi və onlarla elə davranmaq lazım idi. İlhamə xanım güclü psixoloq idi, kiminlə necə danışmaq lazım olduğunu bilirdi. Əslində, onun 40 mərasiminə, cümə axşamlarına bəzi insanların gəlməməsi sübut edirdi ki, onlarla elə danışmaq lazım imiş. Allah rəhmət etsin! Onun haqqında pis danışa bilmərəm. Bir xanım kimi şəxsi xoşbəxtliyi yox idi.

- Bilirik ki, bir dəfə ailə qurub. Niyə xanım kimi xoşbəxt deyildi?

- Güclü xanım idi, elə xanımların yanında kişi dayana bilmir. Onun hər şeyi var idi. Allah prezidentimizə can sağlığı versin, o həmişə deyirdi ki, arxamda prezidentim dayanır. O sevdiyi insanı həqiqətən də çox sevirdi. Heç kim onun sevdiyi insanlar haqqında onun yanında pis danışa bilməzdi. O savadlı xanım idi. Mən İlhamə xanımsız çox darıxıram. Ondan sonra şou aləmini, televiziyanı boş görürəm. Qohumu olduğuna görə demirəm. Heç birimiz ondan nə isə gözləməmişik. Yəni ki, qohumlarından heç kimi işə düzəltməyib. O kənardakı insanları daha çox sevirdi, nəinki qohumları...

- Bəs şəxsi həyatda xoşbəxt olmamasından şikayətlənirdimi?

- Xeyr, həmişə deyirdi ki, “Xoşbəxtəm, nə istəmişəm həyatda nail olmuşam, yemişəm, nə istəmişəm geyinmişəm”. Dünyanı gəzən insan idi. O ancaq anası üçün darıxırdı. Anasına çox bağlı xanım idi. Hər zaman Tükəzban xanım üçün ağlayırdı. Televiziyada necə idisə, bizim yanımızda da elə idi. Məsələn, oğluna hirslənən vaxtı da olurdu. Gəlininə çox böyük hörməti var idi, deyirdi ki, qabiliyyətli, yerini bilən qızdır. Orxandan incisə də onu, gəlinini, nəvəsini çox sevirdi.

- Sədaqət xanım, deyilənə görə Orxanın həyat yoldaşı ilə evlənməsinə razı deyilmiş… Doğrudurmu?

- Bəli, İlhamə xanım Orxanı başqa bir xanımla evləndirmək istəyirdi. Ailəvi dostluq etdiyi ailənin qızı ilə evləndirmək istəyirdi. Sonra da dedi ki, onunla Orxan yaşayacaq. Qarışmıram. Orxan hazırda evli olduğu xanımla evləndi. Onun Orxan üçün başqa arzuları var idi.

- İlhamə xanım bir müddət əvvəl televiziyada deyirdi ki, evlidir, amma həyat yoldaşı xarici ölkədə yaşayır. O haqda nə deyə bilərsiniz?

- O onun şəxsi həyatıdır. Biz o haqda danışa bilmərik. Ancaq onun özündən danışa bilərik. Sevilən xanım idi. Çox maraqlı insan idi. Günlərlə onun yanında otur, darıxmazdın. O insanı evindən yedizdirməmiş buraxmazdı. Çox gözəl yemək hazırlamaq qabiliyyəti var idi və yeməyi də özü bişirirdi. Ürəyi geniş insan idi, kasıbın adamı idi. Bağ evinə, Bilgəhə gedəndə bütün sahibsiz heyvanlara, konservlər aldıırb, yedizdirirdi.

- Müğənni Cavanşir Məmmədov Ilhamə xanımın qohumu idi. Sənətdə ona kömək edirdimi?

- Cavanşir müəllim onun yaxın dostu, sirdaşı idi. Ilhamə xanımın yanında Firuzə xanımı, Cavanşir müəllimi çox görmüşəm. Mən hər zaman onun yanında olmuşdum, sonra uzaqlaşdım. Köməkçisi Mehriban Hüseynovanın onun başına gətirdiklərini bilirsiniz. İlhamə xanımın halallıqla vermədiyi mala kimsə əl uzadırsa, inanıram ki, o insanın başına böyük faciələr gələcək. Onun mirasınının davamçısı oğlu və nəvəsidir. Düzdür, bacıları da var. O haqda heç nə deyə bilmərəm.

- Bacıları mirasdan pay istəyirlərmi?

- O xanımlar çox gözəl insanlardılar. Vərəsəlik çıxmayıb deyə o qarışıq məsələdir. Görək necə olacaq. Ona artıq dövlətimiz qərar verəcək. Amma düşünürəm ki, onun bir mirasçısı var, o da oğlu və nəvəsidir. İlhamə xanım tez öləcəyini düşünmürdü.

- Orxanın anası Lalə xanım İlhamə xanımdan oğluna soyadını verməsini xahiş edirdimi?

- Hazırda vərəsəliklə bağlı iş məhkəmədədir. Lalə xanım çox həyalı xanımdır. O, İlhamə xanımla bir yerdə böyüyüb. Lalə xanımı da Tükəzban xanım böyüdüb. Biz Tükəzban xanımın evində, Laləni, Püstə xanımı, İlhamə xanımı və Orxanı görmüşük. Onlardan başqa adam görməmişik.

- Bəs, İlhamə xanımın sağlığında bacıları onlara gedirdimi?

- Mən onun evində bacılarını görməmişəm. Sadəcə bacısı İradə xanımı bir dəfə restoranda görmüşəm. Ancaq bacılarının xətrini çox istəyirdi. İlhamə xanım insanlardan, qohumlardan qaçırdı. Onun fikri sənətdə idi.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər