20 Aprel 2016 11:34
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özümü tanıyandan doğum günümü qeyd etdiyimi xatırlamıram…İnsanın duyğuları düyümlənir…Üstəlik hər türk vətəndaşı kimi Atatürkə böyük heyranlıq duyan sənətçiyəm…Ayrıca, insanın doğum gününü qeyd etməsi o qədər də önəmli deyil…Atatürk üçün ildə bir gün onun önündə sayğı ilə əyilmək məncə, vicdani duyğuların ən müqəddəsidir…”

1982-ci ildə verdiyi bir müsahibəsində belə deyir Ayten Alpman…Türk musiqisinin əfsanəvi ismi.
10 noyabr Atatürkün vəfat günü olduğuna görə, doğum gününü keçirməzmiş.

Ölümündən sonra məzarında fərqli doğum tarixi yazıldı. Görünür, pasportda doğum günü fərqli qeyd edilibmiş.
Musiqiyə qızlar liseyində oxuyarkən başlamışdı. Dərs fasilələrində, axşamlar yataqxanada başına toplaşan qızlar üçün mahnılar oxuyurdu. Belə bir vaxtda o, digər musiqi həvəskarı olan, Türkiyənin ilk pianoçularından İlham Gencerlə tanış olur.

Birlikdə professional musiqiyə doğru addım atırlar. İlham Gencerin evində fransız və italyan radiolarına qulaq asır, orada çalınan mahnıları əzbərləyir, pianoda təkrar edirlər. Hər yeni mahnı əzbərlədikcə bunun sevincini yaşayırlar. Amma bunu nə ailəsi, nə də başqa kimsə bilmirdi.

Bu cür çalışmalar ərəfəsində həkim olan atası onu tibb işçilərinin partisinə aparır. Ailəsi partidə sürprizlə qarşılaşır. Çünki partinin musiqi orkestrinin şefi “aramızda gənc bir qız var, mükəmməl mahnı oxuyur” deyərək Alpmanı səhnəyə dəvət edir.

Ayten Alpman ailəsinin təəccüblü nəzərləri ilə səhnəyə çıxır və neçə müddətdir üzrində çalışdıqları “You Are Always in My Heart” mahnısını oxuyur. Salon alqışlarla coşub-daşır.

Radiodan təklif

Ayten Alpman elə bir dönəmdə parlayır ki, Türkiyədə qadın sənətçi sayı barmaqla göstəriləcək qədər az idi. Ona görə də İstanbul radiosu quruluşunun ilk ilində Alpmanla Genceri radioya dəvət edir. Beləliklə, 1949-cu ildə cütlüyün hər çərşənbə günü 15 dəqiqəlik proqramı başlayır.

Bu müddətdə Alpman iki mahnı oxumalı idi.

Radio proqramı ona məşhurluğa gedən yolu asanlaşdırır. Həmin ərəfələrdə Yeşilköydə açılan Denizpark-da səhnəyə çıxır. Amma bu professional səhnə gənc musiqiçi üçün hələ çox şey öyrənməli olduğunu göstərir. Ona görə də həmin dönəmin tanınmış musiqişünaslarından olan Aleksdən dərs alır, notları öyrənir, bilgisi onu səhnədə daha peşəkar davranmağa səbəb olur. Daha sonra cütlük Elmadağ-da açılmış Kervansaray-dan təklif alır. Bu elə bir səhnə idi ki, həmin vaxt Türkiyəyə gələn italiyalı, fransız sənətçilər burada konsert verirdi. Artıq kifayət qədər tanına Ayten Alpman dönəmin məşhur sənət dərgiləri olan “Radyo alemi”, “Radyo dünyası”nda manşetlərdə yer tutur.

Sənətdə qazandıqları bu uğur cütlük arasında həm də yaxın münasibətlərə yol açır. Ayten Alpmanla İlham Gencer 1953-cü ildə ailə həyatı qururlar. 1959-cu ildə isə ilk səsyazısı olan “Sayanora / Passion Flower” yayımlanır.

Evlilikdən sonra cütlük özlərinin səhnəsinin olmasını istəyir. Çatı adlı məkan açırlar. Tezliklə bu məkan dönəmin ən məşhur yerlərindən birinə çevrilir, digər sənətçilər burada səhnə alır, gənclər özlərini sınamaq üçün bu sənət mərkəzinə axışır. Türk popunun gələcək kraliçalarından Ajda Pekkan ilk dəfə Çatıda ustadlar tərəfindən dinlənilib və bəyənilmişdi…

Amma bu sevinc uzun sürmür. İlhan və Ayşə adlı iki övladları olmasına rəğmən cütlük boşanır. Ayten Alman Türkiyəni tərk edir.

İsveç

1963-cü il. Ayten Alpman İsveçdədir. Burada caz təhsili alır, amerikalı caz vokalisti Ella Fitzgeraldla, bəstəkar, pianist Duke Ellingtonla tanış olur, səhnələrə çıxır. Bir neçə ildən sonra Türkiyəyə qayıtdığı zaman artıq musiqi sektorunun tamamilə dəyişmiş olduğunu görür. Əgər bir neçə il öncəyə qədər xarici dildə mahnılar oxumaq üstünlük sayılırdısa, indi hər kəs ancaq türk dilində oxuyurdu. Onunla bərabər xarici dildə oxuyan sənətçilər də, artıq ana dilində mahnılar oxumağa başlamışdılar. Əvvəlcə, keçmiş ənənəni davam etdirmək üçün dirənən Alman nəhayət tövsiyələrdən sonra türk dilində oxumağa başlayır,“İnan Bana/Ayrıldık Yalnızım” səsyazılarını təqdim edir. Bunun ardınca dönəmin tanınmış firmaları ilə əməkdaşlıq edir, ard-arda bir neçə plastinkası yayımlanır.

1968-ci ildə ikinci dəfə ailə həyatı qurur. Orkestr şefi Ümit Aksu ilə olan evliliyi müddətində bir neçə dəfə ayrılıq mərhələsinə çatırlar, amma bir müddətdən sonra barışırlar.

Bu dönəmdə artıq o, məmləkətin hər tərəfində tanınan insan idi. İndi isə o, məmləkətini tanıtmalı idi…

Bir başqadır mənim məmləkətim…

1972-ci il.

Türk pop musiqisinin ilk qadın söz yazarı Fikret Şeneş yəhudi xalq mahnısı olan “Rebe Elimeylekh” mahnısına türkcə mətn yazır, Aytən Alpman bu mahnını səsləndirir, lakin geniş maraq doğurmur. Lakin iki il sonra türklərin Şimali Kiprə ordu çıxarmasından sonra “Məmləkətim” mahnısı TRT-də tez-tez səsləndirilir, artıq mahnı bütün Türkiyədə milli marş səviyyəsinə qalxır, həmin dövrdə çəkilən filmlərdə istifadə olunur. Bu mahnı Aytən Alpmanın əbədiləşməsinə səbəb olur.

Reportajlarının birində Alpman bu mahnı barədə deyir:
“O mahnının mənə rəhmətlik Şərif Yüzbaşıoğlu gətirmişdi. Böyük bir pianist idi. İlk gətirdiyi vaxt mahnı mənə çox tərs gəldi, çünki həmin ilə qədər ancaq sevgi mahnıları oxumuşdum, ona görə də qəribə gəldi. Lakin yaxşı ki, oxumuşam. Bu gün keçmişdə oxuduğum mahnılarımın içində ən iftixar etdiyim mahnıdır”.

“Məmləkətim”in ardınca yenidən unudulmaz sevgi mahnıları yaranır. 1974-cü ildə səsləndirdiyi “Ben Varım”, 1975-də “Birazcık Umut”, 1976-cı ildə “Ben Böyleyim”mahnılardan, 1977-ci ildə “Neden Sanki Dünya Dar Gelir İnsana / Son Bir Defa” səsyazılarından sonra 80-ci illərdə sənətdən uzaq durur. Çünki 80-ci illərdə türk pop və caz musiqisi arabesk musiqi qarşısında “məğlub olmuşdu”.

90-cı illərdə Aytən Alpman yenidən sənətə qayıdır, 1995-ci ildə səs tellərində yaranmış problemlərlə bağlı əməliyyat olur. “Bir başkadır Ayten Alpman” albomu gənclərin sevgisini qazanır.

İki film

1953-cü ildə Ayten Alpman Muzaffer Tema ilə “Eşq iztirabdır” filminə çəkilir. Ağ-qara dönəmin məhsulu olan filmdə sevgisinə görə nişanlısını tərk edən bir obrazı canlandırır. 1974-cü ildə çəkildiyi “Tək başına” filmində isə baş rolu bölüşməsə də, filmin musiqilərini o səsləndirir.

Məmləkətə vida

2012-ci ilin aprelin 20-si.
Türk musiqisinin bayraqlaşmış türk qadını ünvanını qazanan pop və caz musiqilərinin ifaçısı Aytən Alpman müalicə aldığı İstanbul Şişli özəl xəstəxanasında həyatını itirir…

Mətbuata açıqlamasında “Ağzında oksigen maskası vardı və yatırdı. Üzündə maska olduğuna görə yanaqlarından deyil alnından öpdüm. Gözlərini açdı, amma danışmağa macalı yox idi” deyir, ilk həyat və sənət yoldaşı İlham Gencer…

Vəsiyyətində anasının məzarı üzərində dəfn edilməsini istəmişdi. Ulus məzarlığında dəfn olunan sənətçi ilə vida mərasiminə birinci həyat yoldaşı İlham Gencer, övladları İlhan Gencer və Ayşe Gencer, siyasətçilər və sənətçilər qatılmışdılar.

Cənazə namazından sonra dua oxuyan imam Alpmanın sənətindən danışdıqdan sonra Yılmaz Güneyin şeirini oxuyur:

”Kavgayı, bir yaprağın üzerine yazmak isterdim
Sonbahar gelsin yaprak dökülsün diye
Öfkeyi, bir bulutun üzerine yazmak isterdim
Yağmur yağsın bulut yok olsun diye
Nefreti, karların üzerine yazmak isterdim
Güneş açsın karlar erisin diye
Ve dostluğu ve sevgiyi yeni doğmuş tüm bebeklerin yüreğine yazmak isterdim
Onlarla birlikte büyüsün bütün dünyayı sarsın diye”

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər