22 Aprel 2016 15:29
5 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik.

-Sənət dostlarının, həmkarlarının mərhum xalq artisti Nəsibə Zeynalova haqqında xatirələri maraqlıdır. Uzun illər onunla yaşayan bir insandan, qohumundan Nəsibə xanımı dinləmək daha maraqlıdır... Onu bir qadın, bir ana, bir nənə kimi necə xarakterizə edərsiniz?

-Öncə qeyd edim ki, Nəsibə xanım sözün əsl mənasında xanım idi. Ömrünü-gününü, həyatını teatra həsr etməsinə baxmayaraq ailəsini heç vaxt ikinci planda tutmazdı. Ona teatr nə qədər əziz idisə, ailəsi də bir o qədər əziz idi. Bilirsiniz, karyera ilə məşğul olan insanların həyatında bir məhəbbəti, bir eşqi olur. Amma Nəsibə xanımın dahiliyi onda idi ki, ürəyində həm ailəsinə, həm teatra, həm sənətinə olan sevgisini yanaşı qoruyub saxlaya bilmişdi.

Teatrda məşqlər gün ərzində, tamaşaların nümayişi isə axşamlar olurdu. Nəsibə xanım tamaşadan sonra axşam saat 10-da, 11-də qayıdanda mütləq ev işləri görürdü: yemək bişirirdi, tikiş tikirdi, evləri səliqə-sahmana salırdı.

-Deməli, köməkçisi yox idi?

-Yadıma gəlmir ki, onun nə vaxtsa köməkçisi olsun... Sözsüz, hər bir görkəmli, uğurlu insanla çiyin-çiyinə həyat yoldaşı dayanır. İstər qadın, istərsə kişi olsun, fərqi yoxdur.

Nəsibə xanımın özünü sənətinə fəda edə bilməsində Mütəllib müəllimin rolu danılmazdır. Çünki Mütəllib müəllim onun həm yoldaşı, həm sirdaşı, həm də ilk tənqidçisi idi. Nəsibə xanımın yaratdığı obrazların ilk tamaşaçısı məhz Mütəllib müəllim idi. O, Asəf Zeynallı adına musiqi məktəbində kamança müəllimi işləyirdi.

-Nəsibə xanımla Mütəllib müəllim necə tanış olublar?

-Onları Mirzə Babayev tanış edib.

-Tanışlıq necə baş verib?

-Qastrol səfəri zamanı olub. Nənəm və babam Daşkəndə qastrol səfərində olarkən sevimli sənətkarımız Mirzə Babayev onları tanış edib.

-Neçə yaşında ailə qurublar?

-Düzünü deyim ki, nənəmlə babamın yaş fərqi çoxdur. Bu, bizim əksəriyyətimizin qəbul etdiyi kimi deyil. Nəsibə xanımla Mütəllib müəllim arasında 11 yaş fərq vardı. Nəsibə xanım 1916-cı ildə, Mütəllib müəllim isə 1927-ci ildə doğulmuşdu. Aralarında bu qədər yaş fərqi olmasına baxmayaraq, bir-birilərinə çox bağlı idilər.
Bir söz var, deyirlər, insan dünyaya cüt gəlir. Doğru sözdü. İnsan öz yarını tapanda yaşın fərqi olmur. 1953-cü ildə ailə qurublar, bir ildən sonra atam dünyaya gəlib.

Mütəllib müəllim nənəmə hər mənada dayaq olub. İstər ailə-məişət məsələlərinin həll edilməsində, istərsə də sənət baxımından heç zaman Nəsibə xanımdan dəstəyini əsirgəməyib. Biri-birini bir baxışla, bir işarə ilə anlayırdılar. Məndən ideal ailə formulu necə olur soruşsalar, düşünmədən babamla nənəmi misal gətirərdim. Biz də ailəmizdə bu formulu tətbiq etməyə çalışırıq.

-Böyük sevgi hər şeyə qadirdi...

-Sözsüz... Sevgi olmasaydı Nəsibə xanım nə həyatda, nə də sənətdə bu cür zirvəyə ucala bilməzdi.

-Yalnız bir oğul anası olan Nəsibə xanım qız övladı olmasını çox istəyirmiş. Səhv etmirəmsə, sizə də qızı kimi müraciət edirdi.

- Mən doğulanda Nəsibə xanım nəinki mənə adını verdi, illər keçəndən sonra dedi ki, bu, mənim qızımdır, hətta sənədlərimdə atam Mütəllib Novruzov, anam Nəsibə Zeynalova kimi qeyd olunub. Rəsmi olaraq Cahangir müəllim qardaşım, Elnarə xanım isə gəlinimizdir (gülür). Bayaq da dediyim kimi, həyatımın böyük hissəsi nənəmin yanında keçib. Hətta atamgilə gedəndə də nənəm üçün darıxardım.

Nəsibə xanım mənim xatirəmdə sözün əsl mənasında nənə kimi qalıb. O nənə ki, səni görəndə cibindən şirni çıxartsın, səni görəndə əzizləsin, oxşasın... Bu gün həyatda nəyəsə nail olmuşamsa nənəmə borcluyam.

-Deyirlər, “kapriz”li və tələbkar aktrisa idi...

-“Kapriz”li deməzdim, sadəcə onun tələbi var idi. İstəyirdi ki, hər insan öz işinə ciddi yanaşsın. Bir fakt deyim, Nəsibə xanım o vaxt teatra gələndə gözəl sənətkarımız Münəvvər Kələntərliyə dublyorluq edirmiş. Amma illər keçəndən sonra Münəvvər xanım Nəsibə xanımın dublyoru oldu. O sənətinə o qədər qısqanc yanaşırdı... Sənətdə qısqanclıq yaxşıdır, amma sağlam rəqabət olan yerdə.

Rəqabət kiməsə pislik edib, kiminsə işlərinə pəl vurmaq deyildi. Bu o demək idi ki, mən öz işimi o qədər yaxşı görüm ki, bunu məndən yaxşı görən olmasın... Yəni möhürü mən vurum. Nəsibə xanım yaratdığı bütün obrazlara öz möhürünü vurmuşdu. Çox vaxt dulbyorlarına da ehtiyac qalmırdı. Yalnız xəstələnəndə onu tamaşada dulbyorlar əvəz edərdi.

Onu da deyim ki, “Qaynana” tamaşası dünya teatr tarixində yeganə tamaşadır, 3 min dəfədən artıq oynanılıb. 3000-ci tamaşanın afişası hazırda Teatr Muzeyinin arxivində saxlanılır.

Amma təəssüf ki, nənəmin oynadığı tamaşaların lent yazılarından çox az hissə arxivlərdə qalıb. Əgər teatrın repertuarında 100 tamaşa vardısa, Nəsibə xanım hamısında oynayırdı. Amma texnikanın zəif olmasımı, yoxsa bəzi insanların səhlənkarlığındanmı, o lent yazılarının çoxu məhv olub...

-Nəsibə xanım həyatının son illərində teatrdan uzaq düşdü. Nə idi səbəbi: xəstəliyimi, incikliyimi?

-Nənəm uzun müddət idi şəkər xəstəliyindən əziyyət çəkirdi. Amma onun teatrdan ayrılmağının səbəbi bu deyildi. 1994-cü ildə yoldaşı Mütəllib müəllim rəhmətə getdi və onun 40-ı günündə Nəsibə xanım artıq xəstəxanada idi. Beyninə qan sızmışdı. Nəsibə xanım Mütəllib müəllimdən on il sonra dünyasını dəyişməsinə baxmayaraq o illəri çox çətin və ağrılı keçdi. İkisi də eyni ayda-martda rəhmətə getdi. Mütəllib müəllimdən sonra onun qolu-qanadı sındı. Yoldaşının xiffətini çəkə-çəkə yavaş-yavaş əridi.


-Səhv eləmirəmsə, Mütəllib müəllimin ciddi xəstəliyi də yox imiş. Ona görə çox gözlənilməz olub.

-Həqiqətən elədir, babam sağlam idi. Ələtə getmişdik, qayıdanda axşam qəfildən halı dəyişdi, məlum oldu ki, infarkt keçirib, bir neçə saatdan sonra dünyasını dəyişdi. Hər şey o qədər anidən baş verdi ki... Heç kim bunu gözləmirdi.

Mütəllib müəllimin həyatdan köçməsi Nəsibə xanıma böyük zərbə oldu. Doğrudur, ondan sonra verilişlərə, ara-sıra filmlərə çəkildi, amma... Nəsibə xanım nə qədər xəstə olsa da səhnəyə çıxanda, yaxud kameranın işığı yananda sanki yenidən doğulurdu. Ağrılarından, xəstəliyindən heç bir iz qalmırdı.

-Tərəf-müqabillərini, işləyəcəyi rejissorları özü seçirdimi?

-Yox, qətiyyən. Onun üçün rolun böyüyü-kiçiyi yox idi, teatrda bütün tamaşalarda oynayırdı, necə seçim ola bilərdi? Onun tərəf-müqabilləri içərisində cavanlar da vardı, yaşlılar da.

Hacıbaba Bağırov teatra gələndə Nəsibə xanım hamıya deyib ki, ona dəyməyin, özümə partnyor hazırlayacam. Yəni Nəsibə xanım həmişə cavanlara yol verirdi. Bəzi aktyor və aktrisalar var ki, qarşısında cavan görəndə ona səhnədə sözünü deməyə şərait yaratmır. Nəsibə xanımda belə xüsusiyyət yox idi. Amma bir şeydə çox ciddi idi, əgər səhnədə, ya da kamera qarşısında tərəf-müqabili sözlərini unutsa, işinə səhlənkar yanaşsa onu bağışlamazdı.

-Nəsibə xanımın Akademik Milli Dram Teatrına getmək istəyi olmayıb ki?

-Akademik Milli Dram Teatrına getmək istəyib-istəməməsini deyə bilmərəm. O həyatını Musiqili Komediya Teatrına bağlamışdı. Amma dramatik obrazlar yaratmaq onun hər zaman arzusu olub. Sadəcə bəzi rejissorlar aktyoru müxtəlif janrlarda da sınamaqdan çəkinirlər. Bu mənada Nəsibə xanımın arzusu ürəyində qaldı.

-Müsahibələrinizin birində belə bir ifadəyə rast gəlmişdim: Cahangir müəllimin Türkiyəyə getməsinə səbəb Nəsibə xanımın səhhəti olub.

-Səhhəti elə vəziyyətdə idi ki, Cahangir müəllimin burdakı qazancı ilə onu müalicə etmək olmurdu...

-Bəs atası Cahangir Zeynalovun var-dövlətindən Nəsibə xanıma nə qalmışdı?

-Sovetlər qurulanda Zeynalovun var-dövləti müsadirə olundu. Nəsibə xanım və anasına o boyda imarətin zirzəmisində bir otaq verdilər.

Cahangir Zeynalovun nə mülkündən, nə torpaq sahələrindən, nə onun var-dövlətindən Nəsibə Zeynalovaya heç nə qalmadı. Nəsibə xanım bu həyatda nəyi qazanıbsa, öz alın-təri, zəhməti ilə qazanıb. Oğlu da həmçinin.

-Nəsibə xanımın son gününü necə xatırlayırsınız? Bu həyatdan kimdən incik getdi? Yoxsa hamını bağışlayıb, hamıdan halallıq aldı?

-Mart ayının 10-u idi. Teatr Xadimləri İttifaqından ona mükafat verəcəkdilər. Nəsibə xanımın vəziyyəti ağır olduğu üçün mükafatı almağa mən getdim. Medalı nənəyə təqdim edəndə soruşdu ki, qızıldandır? Dedim yox, qızıl suyuna salınıb. Soruşdum ürəyin nə istəyir, dedi nə istəyəcəm, hər şeyim var: nəvələrim, nəticələrim, Cahangir də gəlir, özünüzdən muğayat olun. İstirahət elə, gəlirəm deyib, o biri otağa keçdim.

Axşam saat 8-ə 20 dəqiqə qalmış Nəsibə xanım həyatdan getdi, elə o vaxt divardan asılan saatın əqrəbləri də dayandı.

-Onsuz illər necə keçir?

-Nəsibə xanımın gedişi ailəmizi çox sarsıltdı, xüsusilə mənim həyatımda böyük bir boşluq əmələ gəldi. O bizim kiçik planetimiz, biz onun peykləri idik. Nənəm cismən yanımda olmasa da sanki hər zaman onun ruhu üzərimdədir.

-Sizə qarşı çox tələbkar olduğunu eşitmişəm. Hətta gedib-getməməli olduğunuz yerləri belə o müəyyən edirmiş. Bəs ailə quran zaman seçiminizə qarışdımı?

-Seçimi özüm etdim. Biz tələbə yoldaşı olmuşuq, mən Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq, yoldaşım isə kinoşünaslıq ixtisası üzrə təhsil alırdı. Onu nənəmlə tanış edəndə çox tərəddüd edirdim. Amma hər şey çox yaxşı keçdi. Yoldaşım sanki həmişə bizim ailəmizin üzvü olub.

-Maşallah, üç qızınız var, Allah saxlasın. Qızlarınıza Nəsibə xanım haqda nələr deyirsiniz?

-Məncə, deməyə ehtiyac yoxdur. Azərbaycan xalqının Nəsibə xanıma münasibəti hər şeyi ifadə edir. Nəsibə xanımın adı gələndə, onun nəvəsi olduğumu söyləyəndə insanların gözündəki işıltını, parıltını onlar da görür, qürurlanırlar... Bilirlər ki, kimin nəticəsidirlər və özlərini ona layiq aparmağa çalışırlar.

-Eləcə də siz...

-İndinin özündə də o məsuliyyət mənim çiynimdədir. Ömrümün axırına kimi mən bu ocağın qoruyucusu olub, həyatımı onun yolunda sərf etməyə hazıram.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər