Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində I Şah İsmayılın hakimiyyəti dövründə zərb olunan sikkələr qorunub saxlanılır.
Muzeydən bildirilib ki, çoxəsrlik tariximizdə özünəməxsus və əhəmiyyətli yer tutan orta əsr dövlətlərindən biri Azərbaycan Səfəvilər dövləti olub. Səfəvilər imperiyasının banisi və ilk şahı I Şah İsmayıl 1501-ci ildə hakimiyyətə gəlıb və Təbrizi paytaxt şəhər elan edib. Tarixdə silinməz iz qoyan Xətai təxəllüsü ilə şerlər yazmış məşhur şair və böyük hökmdar Şah İsmayıl (Xətai) (1501-1524) Səfəvilər dövlətini güclü, qüdrətli imperiyalardan birinə çevirməyi bacarıb.
Tanınmış numizmat, tarix elmləri doktoru Əli Rəcəblinin sözlərinə görə, Səfəvi dövləti adından 70-dən çox şəhərdə pul kəsilib, o cümlədən Azərbaycan ərazisində orta əsr şəhərləri olan Zəyəm, Qum (Albaniya dövründə alban xristianlıq məbədlərinin olduğu şəhər), Ərəş şəhərlərində müxtəlif illərdə pullar zərb olunub. Sikkə istehsalının əsas mərkəzi paytaxt Təbriz zərbxanası idi.
I Şah İsmayılın dövrümüzə qədər gəlib çıxan qızıl və 200-dək gümüş sikkəsinin bir hissəsi muzeyin numizmatika fondunda qorunub saxlanılır, bəziləri isə ekspozisiyada nümayiş olunur.
Muzeyə gələnlərin böyük marağına səbəb olan qızıl sikkə I Şah İsmayılın adından Təbriz şəhərində kəsilib. Bu qızıl pul “Əşrəfi” adlanır, çəkisi 3,5 qramdır.
Muzeyin ekspozisiyasında qorunan gümüş sikkə “şahı”nın orta çəkisi 9,4 qramdır. Sikkənin başlıca funksiyası onun iqtisadi amil kimi əmtəə mübadiləsi, alış-veriş vasitəsi olması idi. Deyilənə görə, bu gümüş pullar imperiya üçün kəsilən sikkələr sayılırdı, həmçinin xaricdə də ticarət pulu kimi işlədilirdi.
Azərbaycan numizmatikası əsasında milli dövlətçilik tariximizin öyrənilməsində bu eksponatlar böyük tarixi əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu sikkələr hazırda Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl sərkərdə və hökmdar” adlı sərgidə nümayiş olunur. (Azərtac)