Bu gün Nizami Kino Mərkəzində Britaniya Film Festivalına həsr olunan mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, mətbuat konfransında Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, “British Counsil” Azərbaycanın direktoru Elizabeyt Vayt, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva iştirak edib.
Leyli Mirzəyeva bildirib ki, festival aprelin 25-dən 30-na qədər davam edəcək: “Bu bizim “British Counsil”la ilk əməkdaşlığımız deyil. Biz daha öncə teatrların HD formatında layihəsini uğurla həyata keçirdik. Bu layihə çərçivəsində İngiltərədə məşhur rejissorların quruluşunda təqdim olunan “Ceyn Eyr”, “Qış nağılı” kimi tamaşaları izləyicilərə təqdim etdik.
Layihə çox böyük maraqla qarşılandı və əminik ki, bu festival da eyni dərəcədə marağa səbəb olacaq”.
İrfan Siddiq deyib ki, bu festivalda Britaniya istehsal olunan ən yeni və uğurlu filmlər təqdim olunacaq: “Son illər Britaniya kinematoqrafı özünün parlaq dövrünü yaşayır. Bu, həm gənc rejissor, aktyor, texniki heyətinin yetişdirilməsində, həm də yaşlı nəslin çəkidiyi filmlərin uğurlar qazanmasında özünü göstərir.
Kino deyəndə ağla ilk Hollivud gəlir: iri büdcəli, qlamur filmlər... Amma onu deyim ki, Brtitaniya kinematoqrafı son illərdəki uğurları ilə fəxr edə bilər. Hollivudu çıxmaq şərtilə deyə bilərəm ki, ən çox film istehsal olunan məkan məhz Şərqi Britaniyadır.
Britaniyada texniki baxımından uğurlu filmlər də çəkilir. Buna misal Hollivudla birgə çəkilən “Qravitasiya” filmidir. “Starvars” filmlər silsiləsinin son hissələri Britaniya çəkilib. Yayımçıların aldığı filmlərin 15 faizi Britaniyada istehsalıdır”.
Səfir həmçinin bildirib ki, Britaniyanın rejissor və aktyorları dünyada tanınır, sevilir: “Bunlara misal olaraq Cudi Denç, Tom Hilston, Daniel Krey, “Oskar” mükafatçısı Asif Kapadiyanı deyə bilərəm. Yeri gəlmişkən, Asif Kapadiya Azərbaycanla əlaqədar olan və hamımızın səbirsizliklə gözlədiyi “Əli və Nino” filminin də rejissorudur”.
Elizabeyt Vaytın sözlərinə görə, festival Kolm Toybinin eyniadlı romanı əsasında rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı “Bruklin” adlı tarixi dramın premyerası ilə açılacaq: “Biz çox istərdik ki, festival müddətində Britaniyanın məşhur aktyor və aktrisalarını Azərbaycanda dəvət edək. Cudi Dençi Bakıda görməyi mən də çox istəyərdim. Amma təəssüf ki, bu festival çərçivəsində aktyor və aktrisaların Bakıya gəlməsi, həmçinin master-klaslar təşkil etmək mümkün olmadı.
İlboyu Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycanda müxtəlif aspektrlərdə master-klassları həyata keçiririk. Festivalın açılışında bir müddətdir ki, Bakıda ustad dərsləri keçən sənədli filmlər rejissoru Corc Kerri də iştirak edəcək”.
O həmçinin bildirib ki, festivalın növbəti günlərində aktrisa Meqqi Smitin baş rolda çəkildiyi “Furqondakı ledi”, rejissor Endrü Heyin Berlin Kino Festivalında qalib olmuş “45 il” filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi, rejissor Yorqos Lantimosun “Lobster” filmi daxil olmaqla, altı maraqlı, eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.
Nərmin