18 İyun 2014 17:14
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir adamın sədrlikdə bu qədər oturmağı normal deyil. Doğrusu, uzun illərdir ki, bu mövzular müzakirə olunur, yazılır və mən də bu fikirləri təkrarlamaqdan yorulmuşam. Anar müəllimə uğurlar arzulayıram, başqa heç nə”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında gənc yazar Qismət Rüstəmov deyib. Onun sözlərinə görə, Anarın yenidən sədr seçilməyi çoxdan gözlənilirdi. Qurultayda iştirak etmədiyini deyən yazar çıxışlar barədə məlumatı olduğunu bildirib:

“Qurultayda normal və yığcam çıxışı Məmməd İsmayıl edib. AYB-də olmayan gəncləri kənara qoyaq, qurultayda alternativ, fərqli fikir deyən, narazılığını ifadə edən adam olmalı idi, o mənada Məmməd İsmayılın fikirlərini bölüşürəm. Çıxış edən insanların içərisində yeganə normal, vicdanlı fikirləri o səsləndirib”.

Məmməd İsmayılın üzvlüklə bağlı rüşvət ittihamı barədə yazar bunları deyib: “Mədəniyyət və Turizm Nazirliyinin 525-ci qəzetlə birgə həyata keçirdiyi Gənc Ədiblər Məktəbi çərçivəsində 10-20 gəncin AYB-yə üzv olmağı təklif olunmuşdu. O prosesin içərisində mən də AYB-yə üzv oldum. Bizim vaxtımızda mən nə gənclər, nə də digər yaşlı yazarlarla bağlı belə bir faktla qarşılaşmamışam. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Bunu AYB-nın məsul işçilərindən soruşmaq lazımdır. Bilmirəm Məmməd müəllim bunu nəyə istinadən deyir”.

Yazıçılar Birliyindən heç bir gözləntisi olmadığını bildirən Qismət hesab edir ki, AYB-nin qapıları birliyin üzvü olmayan, fərqli, alternativ düşüncəli, istedadı olan adamların üzünə də açıq olmalıdır:

“Yalnız daxili akvariumda, vakuum şəraitində fəaliyyət göstərməməlidir. Xarici səfərlər olanda birliyin üzvləri olmayan adamlar da bu kimi imtiyazlardan faydalanmalıdır. Amam yenə deyirəm, mən artıq Yazıçılar Birliyi, AYB-nin qurultayı, perspektivləri ilə bağlı məsələləri müzakirə etməkdən yorulmuşam. Bunların mənim üçün heç bir mənası, əhəmiyyəti yoxdur. Mən sadəcə oturub yazımı yazmaq istəyirəm”.


Nərmin


Müəllif: