18 İyun 2014 17:18
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yazıçılarının XII qurultayında səslənən fikirlər gənc yazarlar tərəfindən etirazla qarşılanıb, geniş müzakirələrə səbəb olub.

Yazıçı Kənan Hacı Teleqraf.com-a açıqlamasında Ramiz Rövşən və Seyran Səxavətin qurultaydakı çıxışını tənqid edib:

“Ramiz Rövşənin, Seyran Səxavətin qurultaydakı çıxışları zamanı söylədikləri fikirlərlə qəti razı deyiləm. Ramiz Rövşən ədəbi gəncliyə dəstək olmayıb, heç bir gəncin əlindən tutmayıb. Bununla belə qurultayda söyləyib ki, bunlar bilinmir hansı yuvanın quşudurlar. O hansı haqla bu fikirləri səsləndirib? Seyran Səxavət “ədəbiyyatın bic balaları” ifadəsini işlədib. Seyran müəllimə çox böyük hörmətim var idi, ona görə bu sözləri ona yaraşdırmadım”.

İndiki ədəbi gəncliyi müdafiə edən yazıçı Yazıçılar Birliyi tərəfindən onlara qarşı mənəvi təzyiqlərin olduğunu bildirib:

“İndiki ədəbi gənclik öz dişi, dırnağı ilə, çox böyük çətinliklərlə ədəbiyyata gəlib. Heç bir himayəsi olmayıb. Yazıçılar Birliyi tərəfindən onlara qarşı mənəvi təzyiq, basqılar olub. Onlar öz ayaqları üstündə öz gücləri ilə dayanıblar. Mən ağsaqqal şairlərimizin, yazıçılarımızın bu cür gəncləri aşağılayan fikirlərini nə onların yaradıcılığına, nə də şəxsiyyətlərinə yaraşdırmıram”.

Məmməd İsmayılın qurultayda səsləndirdiyi fikirlərinə gəlincə, Kənan Hacı hesab edir ki, alternativ gənclik istənilən halda olmalıdır:

“Ədəbi kulislərdə hamıya məlumdur ki, hansı yollarla Yazıçılar Birliyinə üzv olurlar. Birliyə müəyyən pul müqabilində üzvlük olub. Birliyin 1800-ə yaxın üzvü var, amma bu adamların böyük əksəriyyətinin şairliyi, yazıçılığı bilinmir. Biri jek rəisidir, biri zavod müdiridir. Bunlar haradan gəliblər? Bu baxımdan ədəbiyyata aidiyyatı olmayan insanların birliyə ancaq pul müqabilində üzv olduğunu güman etmək olar. Bəzən də həmin dediyim adamların kitablarına xalq şairləri ön söz yazırlar”.

O bildirib ki, birliyin fəaliyyəti indiyə qədər necə idisə, bundan sonra da elə olacaq:

“Yəni istedadlılara qarşı ögey münasibət olacaq, əvvəlki ədəbi siyasət davam etdiriləcək”.

Nərmin


Müəllif: