14 May 2016 10:35
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən Tarix Klubunun Şah Təhmasib Səfəviyə həsr olunmuş konfransı keçirilib.

Tarix İnstitutunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ADU-da keçirilən konfransda çıxış edən Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Tofiq Nəcəfli bildirib ki, Şah Təhmasib 235 illik Səfəvi imperiyasının yaradıcısı olan Şah İsmayıl Səfəvinin oğludur: “Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi”.

Professor Şahin Fazil qeyd etdi ki, Şah Təhmasib Səfəvi-Osmanlı müharibələrində sülhə nail olub: “Bir sıra Avropa dövlətlərinin Səfəvilərdən Osmanlılara qarşı istifadə etmək cəhdləri təsirsiz qaldı və Şah Təhmasib onların təkliflərinə uymadı”.

Daha sonra konfransda çıxış edən tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Tarix Klubunun sədri Günel Əliyeva və başqaları bildiriblər ki, Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb.

Konfransda qeyd edilib ki, Şah Təhmasib dövründə ağır tamğa vergisinin ləğv edilməsi Azərbaycanda sənətkarlığın və ticarətin inkişafına müsbət təsir göstərib.

Tədbirdə çıxış edənlər konfransın vacib və aktual mövzuya həsr olunduğunu söyləyiblər.
Şah Təhmasibə həsr olunmuş konfransın sonunda tarixçi-alimlər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Bəkir


Müəllif:

Oxşar xəbərlər