19 May 2016 12:36
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolşeviklər Azərbaycan Cümhuriyyətini işğal edəndə ölkəni tərk edə bilənlər tərk etdi, qalanlar isə həbs olundu.

Üzeyir Hacıbəyli də həbs edilənlər içərisindəydi.

Hökumətin “Azərbaycan” qəzetinin redaktoru, himninin müəllifi idi, bolşeviklərə qarşı sərt mövqedəydi.

Nəriman Nərimanov onu son anda xilas edə bildi.

Həmin vaxt qardaşı Parisə gedən nümayəndə heyətinin içində idi, həbs ediləcəyini başa düşüb geri qayıtmadı.

Ömrünün axırınadək bolşeviklərə qarşı mübarizə apardı.

Üzeyir bəy isə ölkədə qalmaq yolunu seçdi. Artıq ictimai-siyasi fəaliyyət üçün bütün əli-qolu bağlandığı üçün onun yalnız bir seçimi vardı: Azərbaycanda professional musiqini formalaşdırmaq.

Bunun üçün də bolşeviklərlə anlaşmaq lazım idi.

O, iki illik keçmişini “unudacaq”, ancaq sənəti ilə məşğul olacaqdı.

Amma bununla yanaşı bir istəyi də olacaqdı: qardaşını geri gətirmək.

Bu məqsədlə 1922-ci ildə qardaşı Ceyhun bəyə yazacaqdı:

“Hökumət izn verəndən sonra nə üçün gəlməmək? Halbuki, izn ilə gələnlərin hamısı burada rahat oturub qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov, Vəkilov və sairələri... Mən bir kərə də olsun eşitməmişəm ki, izn verilməklə buraya gələn adamlara sonra bir əziyyət olsun və əvvəllərdə təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə sidq dil ilə qulluq edirlər. Sən ki, məlum olduğu üzrə təqsirsizsən, özün də ki, Parisdə student olaraq yaşayırdın, nəinki mühacir... Görünür ki, oraların da aksiyon mətbuatı buraların əhvalını fəna bir halda yazır və sən də ona inanıyorsan... Bizimkilər və biz özümüz səni inandıra bilərik ki, heç vaxt böylə asudə və rahatcasına yaşamamışdıq. Bu saat buraların əhvalı çox gözəldir, qoçubazlıqla məşğul olan Bakıdan heç bir əsər də qalmayıbdır”.

Bir il öncə göndərdiyi məktubunda isə Üzeyir bəy qardaşına konservatoriyanın açılmasından, iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından bəhs edir, açılışda Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən yazır.

Bəli, artıq Üzeyir bəyin xalqına xidmət edəcəyi bir ünvan vardı: Konservatoriya!

Azərbaycan SSRİ Xalq Komissarlar Sovetinin dekretində yazılır:

“Azərbaycan əhalisinə ali musiqi təhsili almaq imkanı yaratmaq, eləcə də ixtisaslı kadrlar hazırlamaq üçün XKS qərara alır: “Bakı şəhərində ali təhsil müəssisələri üçün nəzərdə tutulan bütün üstünlüklər tətbiq edilməklə Azərbaycan Dövlət Musiqi Akademiyası təsis olunsun”.
Xalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanov.
26 avqust 1921-ci il”.

Konservatoriyanın ilk rektorları pianoçu L.Pressman və İ.Aysberq olur. Bu dövrdə Üzeyir bəy Azәrbaycan Xalq Maarif Komissarlığı nәzdindә musiqi şöbәsinә rәһbәrlik edirdi.

1922-ci il o, Dövlət Türk Musiqi Məktəbini yaradır. 1926-cı ildə bu məktəb konservatoriyaya birləşdirilir.

Beləliklə, konservatoriya yaradılır və ilk vaxtlar müxtəlif binalarda təhsil verilir.

Həmin binalardan biri də sonralar Asəf Zeynallı adına Musiqi Texnikumunun yerləşəcəyi bina olur.

İndi isə həmin binada mühüm bir qurum yerləşir: Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.

***

Jurnalist həmkarım Ruslan Rəhimov həmin binada Üzeyir Hacıbəyli aid bir otağın olmasını deyəndə çox təəcübləndim. Çünki uzun müddətdir araşdırdığım şəxslər arasında Üzeyir Hacıbəyli olsa da, ev-muzeyi ilə yaxından maraqlansam da, bu faktı bilmirdim.

Ona görə də elə sabahısı Mirzə İbrahimov küçəsi 8 ünvanında yerləşən binaya üz tutduq.

Daha öncə məlumat verdiyimiz üçün bizi qarşıladılar və binada yerləşən otağa apardılar.

Çox səliqəli şəkildə hazırlanan otaqda divara Üzeyir Hacıbəylinin iri portreti vurulub. Simvolik olaraq piano qoyulub, müxtəlif fotoşəkillər, Üzeyir bəyə aid kitablar düzülüb. Otağın bir küncündə isə bir masa yerləşir. Masanın üzərində köhnə bir telefon, siqar qabı, pero və eynək var.

Bu əşyaların Üzeyir bəyə aid olduğu deyilir. Sözün açığı, bu barədə şübhələrim qalsa da, eynək və peronun Üzeyir bəyin yaşadığı dönəmin istehsalına bənzədiyi üçün ehtimal da vermək olur.

Amma önəmli olan odur ki, Üzeyir bəy bu otaqda uzun illər çalışıb, Azərbaycan professional musiqisi bu otaqda ərsəyə gəlib.

Bizə məlumat verən qurumun əməkdaşı otağı qorumaqda əsas məqsədlərini belə açıqladı: “Bu otaq bizim üçün çox əzizdir. Çalışdıq ki, Üzeyir bəyin ruhunu yaşadaq”.

Üzeyir bəy Azərbaycan musiqisi üçün bir çox qərarları bu otaqda vermişdi.

1925-ci ildә Hacıbəyli konservatoriyada özünün rәһbәrliyi ilә “Şәrq musiqisini öyrәnәn sinif”in açılmasına nail olur.

1927-dә M.Maqomayevlә birlikdә Azәrbaycan xalq maһnılarından ibarәt ilk mәcmuәni nәşr etdirir.

Onun tәşәbbüsü ilә konservatoriyada Azәrbaycan bәstәkarlarının әsәrlәrindәn ibarәt müntәzәm konsertlәr tәşkil olunur.

Konservatoriyanın ilk məzunları Səid Rüstəmov, Asəf Zeynallı, Xurşid Ağayeva, Əşrəf Həsənov, Kövkəb Səfərəliyeva olur.

Yetişməsində, təhsilində Üzeyir bəyin də rolunun olduğu Şövkət Məmmədova bu illər haqqında yazacaqdı:

“Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi ilk gündən bütün fikrini gənc kadrların yetişdirilməsinə verən Üzeyir, biz müəllimlərə də atalıq qayğısı göstərirdi. Böyük dövrümüzə layiq musiqi kadrlarını yetişdirib tərbiyə etmək haqqında Üzeyirin xeyirxah tövsiyələri biz müəllimlər üçün bir növ həyat devizi oldu”.

Konservatoriyanın ilk məzunlarında Səid Rüstəmov isə belə yazacaqdı:

“Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyir bəyin sinfində keçirdim. 1931-ci ildə Asəf Zeynallı, Fuad Əfəndiyev, Əşrəf Həsənov və mən Üzeyir bəyin bilavasitə rəhbərliyi və redaksiyası ilə ilk dəfə olaraq Azərbaycan dilində “İbtidai not savadı” adlı musiqi dərsliyi yazıb çap etdirdik. O zamanlar Üzeyir bəy bizə sinifdə Azərbaycan muğamlarının “çox maraqlı” qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq müşahidələrindən danışıb, misallar göstərirdi. Bu “söhbətlər” get-gedə təkmilləşərək, indi hamımızın bildiyi “Azərbaycan xalq musiqisinin əsasları” adlı müstəqil bir musiqi fənninə çevrildi. Üzeyir Hacıbəyov 1926—27-ci illərdə konservatoriya tələbələrini toplayaraq, 80 nəfərdən ibarət ilk “çoxsəsli” Azərbaycan xor kollektivi təşkil etdi. Xorun repertuarına xalq mahnıları ilə yanaşı, orijinal əsərlər və qardaş xalqların mahnıları daxil edilirdi. Bu kollektiv o zaman mədəniyyət saraylarında və bəzən rəsmi ictimai yığıncaqlarda çıxış edərək, azərbaycanlı dinləyiciləri tədricən çoxsəsli xor əsərlərinə qulaq asmağa alışdırır və geniş dinləyicilərin hüsn-rəğbətini qazanırdı”.

1939-cu ildə Ü.Hacıbəyov rəsmi olaraq konservatoriyanın rəhbəri seçilir. Elə həmin ildən etibarən konservatoriya üçün yeni bina tikilir.

İndi Bakı Musiqi Akademiyasının binası olan bu binanın memarları Mikayıl Hüseynov və Sadıq Dadaşov olub.

Lakin çox keçmir ki, yeni bina bir daha lazım olur.

II Dünya müharibəsi illərində digər təhsil ocaqlarının binası kimi Konservatoriyanın yeni binası da hospital çevrilir, buna görə də konservatoriya köhnə binaya köçürülür.

Hazırda Üzeyir bəyin əsas yadigarı ev muzeyi və konservatoriya olsa da, fotolarını təqdim etdiyimiz bu otaq da onun ruhunun dolaşdığı yerlərdən biridir.

Qardaşına gəldikdə isə…

Üzeyir bəy davamlı olaraq yazırdı:

“Əvvəla, sən qaçaq degilsən, müxalif siyasi firqələrdə olmamısan və saniyən komissar yoldaşlarımızın hamısı sənin kim olduğunu çox yaxşı bilirlər… Bakı, onların Parisindən daha yaxşıdır”.

Amma qardaşı dönmədi. Üzeyir bəydən fərqli olaraq o, 1937-ci ilin repressiyalarını öncədən duyurdu…

Dilqəm Əhməd

Fotolar: Ruslan Rəhimov


Müəllif:

Oxşar xəbərlər