Dünya şöhrətli opera müğənnisi Xuraman Qasımova Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Xuraman xanım, sənətinizlə bağlı çoxsaylı mükafatlara layiq görülmüsünüz. Xalq artistisiniz, Dövlət mükafatı laureatı olmusunuz, “Şöhrət” və “Şərəf” ordenləri almısız, Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin "Qran Pri" qızıl medalına sahibsiz, P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqənin qalibisiz. Bütün bunlardan sonra arzusunda olduğunuz mükafat qalıbmı?
- Öncə onu deyim ki, uğur qazananda məqsədim sənətimi inkişaf etdirmək idi. Nəticədə nə qazanacağımı düşünmürdüm. Bilirdim ki, bu sənətdə nailiyyətlərə çatmaq üçün çox çalışmalısan, üzərində çox işləməlisən. Qazandığım mükafatların hamısı əmək və zəhmətimin bəhrəsidir.
Gənc yaşlarımda beynəlxalq müsabiqələr laureatı olmuşam, bacım Fidan xanım Qasımova ilə Dvlət mükafatına layiq görülmüşəmvə bütün bunlar bizi yüksəklərə getməyə ilhamlandırıb. Yəni oxuyum, konsert verim, mükafat alım deyə qarşıma məqsəd qoymamışdım. Məqsədim Azərbaycan vokal məktəbini layiqincə təbliğ etmək idi.
- Bəs, dünya şöhrətli opera sənətçisi olacağınızı düşünürdünüzmü?
- Düşünmürdüm. Onu da bildirim ki, gənc yaşımdan orta səviyyəli mütəxəssis olmaq, naliyyətlər əldə etməmiş insan kimi qalmaq istəmirdim. Hansı işlə məşğul olsaydım, mütləq birincilər sırasında düşməli idim.
- Siz filmlərə də çəkilmisiniz, "Mən ki gözəl deyildim" (Səidə), "Həyat bizi sınayır" (Hicran) və s. Hətta sizin kino sahəsindən gedişinizi böyük itki hesab edirlər. Necə düşünürsünüz, kino sahəsində fəaliyyətinizi davam etdirsəydiniz, bu dərəcədə tanınardınızmı?
- Tanına bilərdim... Çəkildiyim filmlərdə də işim uğurla alınıb. Baxmayaraq ki, filmlərə professional aktrisa kimi çəkilməmişdim. Çox gənc idim. Rollarıma görə festivallarda ən yaxşı qadın mükafatına layiq görülmüşəm. Bu da pis nəticə deyil. Gəncidim, məktəblidim… Mənə valideynlərim uşaqlıqdan deyirdilər ki, həyatını səhnə ilə bağlayacaqsan. Çünki məndə bu istedadı hiss edirdilər. İfaçılıq sənətini seçməsəydim, teatr, yaxud kino aktrisası olacaqdım.
- Sizin valideynləriniz də musiqi ilə məşğul olublar, tanınmışlar ailənizə qonaq gəlib. Necə oldu ki, məhz operanı seçdiniz?
- Bəli, bizim ailəmizdə incəsənəti sevirdilər, ona dəyər verirdilər. Valideynlərimiz bizi bu səpkidə də tərbiyələndirirdilər. Mədəniyyətdən və musiqidən gözəl nə ola bilər ki? Musiqi insanı zənginləşdirir.
Atam-anam nəinki musiqini sevirdilər, həm də tanınmış sənətçilərlə dostluq edirdilər. Atamın gözəl səsi var idi. Anam əsərlər yazırdı, mahnılar bəstələyirdi. Anam bəstələyən mahnıları Şövkət Ələkbərova da oxumuşdu. Bu cür ailədə böyümək böyük xoşbəxtlik idi. Bizə dahilər gəlirdi, hətta onların əsərləri ilk dəfə bizim evdə səslənirdi. Niyə məhz opera sənətini seçdim? Düşündüm ki, məndə olan istedad Allah vergisidir. Səsimin gücü, diapazonu göstərirdi ki, opera sənətçisi kimi fəaliyyət göstərə bilərəm.
Amma məsləhətçilərim olan valideynlərimə və böyük bacım Fidan xanıma çox minnətdaram. Mənə musiqi aləminin nə qədər zəngin olduğunu Fidan xanım öyrədib. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm, amma bu sənəti öyrənmək, mənimsəmək bununla kifayətlənmir. Əgər ifaçı bu yolu seçibsə daima nə isə öyrənməlidir. Mən indi də tələbələrimlə məşğul olanda sanki yeni nə isə öyrənirəm. Musiqi bir dəryadır, onun sonu yoxdur.
- Yaradıcı insan üçün daim uğur qazanmaq, gündəmdə qalmaq üçün istedadla yanaşı başqa nə lazımdır? Sizin kimi dünya şöhrətli ifaçının keçdiyi sənət yolu maraqlıdır.
- Gündəmdə qalmaq üçün hansısa pilləyə qalxdıqdan sonra onu itirməməyə çalışmalısan. Bununla yanaşı, davranışına fikr verməlisən. Bəzən deyirlər ki, yüksəkdə hər şey edə bilərsən. Amma biz o insanlardan deyilik. Hər sözümüzə, hərəkətimiz fikir veririk. Heç zaman özümüzü tərifləməyi sevmirik. Özünə tənqidi yanaşmaq çox gözəl xüsusiyyətdir.
Bu gün Fidan xanımın tələbəsi Ayan Həsənova məni çox sevindirdi. Fidan xanıma təşəkkür etdi və Rusiyada üçüncü dərəcəli diplom qazandığını bildirdi. İstəyirik ki, istedadlı gənclərimiz çoxalsın və onlara tövsiyə edirik ki, sənətlərinə, özlərinə qarşı tənqidi yanaşsınlar.
- Azərbaycanda opera sənətinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Sözün düzü, bu haqda danışmaq istəmirəm. Çünki Opera və Balet Teatrına gedənlər bu haqda danışsınlar. Mən teatrdan uzaqlaşmışam, bunun səbəbləri vardı. Amma Fidan xanım və mənim yetişdirdiyim gənclərin çoxu Opera və Balet Teatrında çalışırlar. Hər bir tələbəmizin uğurları bizi sevindirir.
- Adətən yaradıcı insanlar “kapriz”li olurlar. Sizin “kapriz”ləriniz nələrdir?
- “Kapriz” yox, tələbkarlıq adlandırardım. Məsələn, bu yeməyi yemirəm, bu paltarı sevmirəm kimi hallar “kapriz” deyil, insan xüsusiyyətləridir. Bu da normaldır.
- Hansısa tədbirlərə gedəndə xüsusi göstərişiniz, tələbiniz olurmu?
- Bizi çox yerə dəvət edirlər. Əlbəttə, televiziya proqramlarına, tədbirlərə gedəndə bizdən başqa kimlərin qonaq olacağı, mövzu maraqlandırır. Mən mövzulardan qaçmıram, amma hər verilişə də getməyi sevmirəm. Bunun səbəbi var. Təəssüf ki, televizyada bütün verilişlər səviyyəli deyil, şit zarafatlara yer verirlər. Hazırda ciddi mövzulara yer ayırmaq lazımdır.
Artıq neçə illərdir ki, ürəyimizə Qarabağ münaqişəsi qan sızdırır. Ona görə şit zarafatlara, proqramlara, səviyyəsiz ifaya yer vermək, saatlarla hansısa sənətçinin həyatına dair veriliş həsr etmək düzgün deyil. Daha maraqlı və zəngin verilişlərə zaman ayırsalar proqramlarda iştirak edərəm.
- Bir müddət əvvəl bacınız Fidan Qasımova saytımıza açıqlamasında Sizi millət vəkili kimi görmək arzusunda olduğunu, xalqımıza millət vəkili kimi də xidmət edə biləcəyinizi demişdi. Sizin siyasətlə məşğul olmaq arzunuz varmı? Millət vəkili olsaydınız, mədəniyyət sahəsində hansı işləri görərdiniz?
- Öncə onu deyim ki, musiqi sahəsində çalışan insanlara kömək etmək, onlara dəstək olmaq lazımdır. Bəzilərinin yaşadığı vəziyyəti siz bilmirsiniz. Sənət adamlarının 70 faizinin maddi köməyə ehtiyacı var. Onları tanıyırıq. Estrada sahəsində hər şey çox gözəldir. Amma ciddi sənətlə məşğul olanlara dəstək lazımdır, xəstələr var. Bu kimi məsələlərdə millət vəkili olmasam da artıq kafedrada çalışaraq çox insanlara köməklik göstərmişəm, göstərirəm, göstərəcəm də.
- Bəs millət vəkili olmağı düşünürsünüzmü?
- Millət vəkillliyi təklif olunsa, niyə də olmasın?.. Xalqıma neçə illərdir ki, sənətimlə xidmət göstərmişəm. Millət vəkili kimi də xidmət göstərə bilərəm. Prezidentimizi ürəkdən sevən, hörmət edən insanlardanam. Mən də, bacım da ulu öndərimiz Heydər Əliyevin gözü önündə böyüyən sənətkarlarıq. Fidan xanım və mən 30 il onun qanadları altında böyük mükafatlarımızı almışıq. Millət vəkili olmaq təklif olunsa, xalqıma xidmət etməyə hazıram.
- Heydər Əliyev sizin sənətinizi çox yüksək qiymətləndirirdi. Sağlığında sizə siyasətlə məşğul olmağı təklifi etmişdimi?
- Bəli, mənə Heydər Əliyev tərəfindən millət vəkili kimi fəaliyyət göstərmək təklifi edilmişdi. Amma o zaman daha çox sənətimi düşünürdüm. Əgər onda siyasətlə məşğul olsaydım, sənətimdən uzaqlaşardım. Siyasətlə təcrübə yığdıqları sonra məşğul olmaq lazımdır.
- Dünyaca tanınmış opera ifaçısınız. Tanınmış insan həyatı yaşamaq çətindirmi?
- Asan deyil… Gərək hər addımını ölçüb-biçəsən, hər sözünə diqqət edəsən.
- Fəaliyyətinizin hansı dövrünə qayıtmaq istərdiniz?
- 1970 illərin sonuna, 80-ci illərin əvvəlinə qayıtmaq istərdim…
- Sənətinizdə hər şeyə nail olmusunuz, qadın kimi xoşbəxtsinizmi?
- Bəli, mən xoşbəxt qadınam. Ümumiyyətlə, bədbinliyi sevmirəm. Hər zaman nikbin olmağa çalışıram. Kiminsə yanında ağlamağı, qəlbimə göz yaşı sızsa da, onu göstərməyi sevmirəm. Problemlərimi heç kimə danışmağı xoşlamıram. Çalışıram ki, onların öhdəsindən özüm gəlim. Həyatda güclü olmağa çalışmışam. Hər zaman Fidan xanıma da arxalanmışam, o, həyatımda böyük dayağım, sütunum olub.
Elə bilməyin ki, həyatımız asan keçib. Bu il sənət fəaliyyətimizin 40 illiyidir. Bunu rəsmilər nəzərdən qaçırmamalıdırlar… Çünki hər ailədə iki böyük sənətçi yetişmir. Fidan xanım və mən ölkəmizə böyük mükafatlar gətirmişik.
- Şöhrət sizə nə bəxş etdi, sizdən nə aldı?
- Şöhrət bizi tanıtdı. Gənc yaşımdan Mariya Kallas adına mükafatı qazandım. Böyük bir ölkədə tanınmış gənc saprano ifaçısı oldum. İlk dəfə idi ki, 1982-ci ildə Mariya Kallas müsabiqəsində sovetlər birliyindən gənc sapranoçu birinciliyə layiq oldu. Bu, mənə şöhrət gətirdi, bütün ölkədə tanımağa başladım.
Fidan xanımla xarici ölkələrdən dəvətlər alırdıq. Amma dəvətləri qəbul etmədik, çünki vətənimizdən ayrılmaq istəmədik. Vətənimizə çox bağlı idik.
Fidan xanım İtaliyada birinci yerə layiq görülüb, hansı müğənnimiz Fidan xanımdan əvvəl və sonra birinciliyə nail olub? Kaş layiq görülsün, biz buna sevinərik. Amma yoxdur. Bizim Moskvada Böyük Teatrda işləyən tələbələrimiz var. Pyotr Çaykovski adına müsabiqənin mükafatını yalnız mən Bakıya gətirmişəm. Roma Papası ikinci İohann Pavel Bakıya gələndə bizi şəxsi medalı ilə mükatlandırıb. Evimizdə çoxlu sayda medallarımız, mükafatımız var. Onları göz-bəbəyimiz kimi qoruyuruq. Bir gün onlar muzeylərdə qorunacaq…
- İki bacı birlikdə fəaliyyət göstərirsiniz. Sənət mübadiləsi zamanı hər hansı mübahisəniz olurmu?
- Mübahisəmiz olur. Məsələn, konsert proqramı üzərində çalışanda... İlk dövrlərdə ayrı-ayrı fəaliyyət göstərirdik. Bir gün qərara gəldik ki, hansısa əsəri birlikdə ifa edək. Beləliklə, duet şəklində əsər ifa etdik və çox maraqlı alındı. Konsert proqramı hazırlayan zaman Fidan xanımın böyük musiqi duyumuna malik olduğu üçün onun fikirlərinə üstünlük verirəm və görürəm ki, düz deyib. O, hər şeyi öncədən görür. Mənim isə rejissor duyumum güclüdür.
- Röya Ayxan tədbirlərin birində sizi çox sevdiyini qeyd etdi, dedi ki, səsində kiçik problemi hiss etmişiniz, onu xəstəxanaya aparacağınızı bildirmisiniz. Amma sonra Röyanın səsini elə olduğu kimi qalmasını və bu cür ifa etməsini istəmisiniz...
- Röyanı çox sevirik. Onun səsində problemi duyduq. Bu barədə çox həssasıq, o dəqiqə səsdəki problemi anlayırıq. Tək Röya deyil, hər kəs ifa edəndə onun səsində problem olanda hiss edirik. Röya çox gəncdir, çox çalışır, studiyalarda əsərlər yazdırır, özünü yorur.
Bu problem hər kəsdə ola bilər və həkim məsləhətinə ehtiyac olur. Bəli, xatırlayıram ki, Röyanın səsində problem vardı, ona kömək etmək istədik. Kimin səsində problem varsa kömək edə bilərik...
- Zülfiyyə Xanbabayeva ilə “Aləm oyansın” mahnısını duet şəklində ifa etmisiniz. Bəs, Röya Ayxanla duet oxuyarsınız?
- Bilmirəm... Baxır əsərə. Zülfiyyə xanımla ifa etdiyimiz əsər xüsusi hazırlanıb. Buna görə mahnının bəstəkarı Vaqif Gərayzadəyə təşəkkürümüzü bildiririk. O bizim mahnı ilə bağlı bütün təkliflərimizi qəbul etdi və hər birimiz əsəri öz stilimizdə ifa etdik.
- Xuraman xanım, vaxtilə xərçəng xəstəliyindən əziyyət çəkmisiniz. Hazırda səhhətiniz necədir?
- Hər insanın həyatında hansısa hadisələr baş verə bilər. Həyat cizgilidir. Amma onu mətbuatda səsləndirmək nə dərəcədə etikdir? Bununla özüm üçün reklam eləmək istəmirəm və sevmirəm. Amma eşidəndə ki, hansısa sənətkar özünü pis hiss edib, xəstələnib, buna sevinə bilmərik ki... Eləsi var, sevinir. Mən gizlətmirəm və bir zamanlar ağır xəstə olmuşam.
Xalqıma, ölkəmə, ölkə rəhbərliyinə, həkimlərə minnətdaram ki, vaxtında mənə böyük kömək əli uzadıldı və xəstəlikdən qurtardım. Hətta Amerikada müalicə aldım. Sağaldıqdan sonra Azərbaycanda dəfələrlə solo konsertlər verdim. Bu hadisəyə həsr olunmuş xüsusi konsert proqramı ilə çıxış etdim. Yəni insan xəstələnə də bilər, sağalar da. Amma hay-həşir salmaq düzgün deyil. İnsan problemlə savaşır – ya sağ çıxır, ya da Allah deyən olur.
- Ad gününüzə sayılı günlər qalıb. İyunun 6-da doğum gününüzdür. Öncədən Sizi təbrik edir və hər zaman bu cür zirvədə qalmağınızı arzulayırıq. Ad gününüzü necə qeyd etməyi planlaşdırırsınız?
- Ad günümü təntənə ilə yox, sadə qeyd edəcəyik. Əlbəttə, həmin gün evimin qapıları açıq olacaq. Dostlarımdan, qohumlarımdan kim istəsə evimə gəlib təbrik edə bilər.
Rəqsanə Həsənova