29 May 2016 18:17
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tara qoyulan abidə Xızı rayonunun Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısındakı dağın ətəyində yerləşir. Nakam şairimizin “Oxu tar” şeirini tərənnüm edən qeyri-adi abidə artıq Xızının simvollarından birinə çevrilib.

Mikayıl Müşfiqin xatirə muzeyinin direktoru Orxan Əzimov AZƏRTAC-a bildirib ki, 8 metr uzunluğu olan tar Xızıya gələn bütün qonaqların diqqətini çəkir. Bu həm şairə, həm də musiqi alətinə qoyulan unikal heykəldir. Abidə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin, eləcə də milli musiqi alətimiz olan tarın təbliğində önəmli rol oynayır.

Abidə 2008-ci ildə Mikayıl Müşfiqin 100 illiyi münasibətilə Xızı Rayon Mədəniyyət və Turizm şöbəsinin təşəbbüsü ilə yaradılıb. Çay daşı, beton və başqa tikinti materiallarından istifadə etməklə hazırlanan abidənin müəllifi həmin vaxt Mikayıl Müşfiqin xatirə muzeyində çalışan Camal Hüseynovdur.

Orxan Əzimov bildirir ki, 8 ildən çoxdur ki, Xızıya gələn qonaqları salamlayan abidə yağış və qarın təsirindən əvvəlki görkəmini itirib. Abidənin restavrasiya olunmasına ehtiyac yaranıb. Bununla əlaqədar lazımi materiallar alınıb. Görkəmli şairin 108-ci doğum günü ərəfəsində abidə təmir olunacaq.


Müəllif:

Oxşar xəbərlər