Azərbaycanın müstəqil, art-underground teatrı olan ADO Gürcüstan və Türkiyəyə qastrol səfərinə hazırlaşır. Bu barədə teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlov deyib.
Onun sözlərinə görə, səfər 1 iyundan 15 iyun tarixinə kimi davam edəcək və səfər zamanı teatr rəhbərinin adıçəkilən ölkələrdəki mədəniyyət insanları ilə görüşləri baş tutacaq: “ADO-nun Gürcüstan və Türkiyəyə səfər hazırlıqları yekunlaşmaq üzrədir. Qastrola teatrın STOP tamaşasını aparırıq. Müxtəlif yerlərdə tamaşalarımız olacaq. İlk öncə İstanbulda, daha sonra isə Tiflisdə nümayişlərimiz baş tutacaq. Tiflisdə “Movement” teatrında iki nümayiş olacaq, daha sonra LOFT Hostel-də və Gürcüstanın Bolnisi rayonunda yaşayan azərbaycanlılar və gürcülər üçün tamaşa göstərəcəyik. Qısa zamanda tamaşaların dəqiq yerləri və vaxtları haqda detallı məlumatlar da dəqiqləşəcək və bütün bu məlumatları rəsmi Facebook səhifəmiz olan Fb.com/adotheatre ünvanında mütəmadi paylaşacağıq”.
Elmin Bədəlov onu da qeyd edib ki, Tiflis və Türkiyədə yaşayan insanlar 1-15 iyun tarixlərində onlarla yaxından əməkdaşlıqda iştirak edə və nümayiş olunan tamaşalara qatıla bilərlər: “Bunun üçün teatrın rəsmi e-mail adresi olan [email protected] ünvanına yaza bilərlər. Nümayiş olunan tamaşa sözsüzdür və hər kəsin başa düşəcəyi bir formadadır”.
Qeyd edək ki, 15 iyul 2013-cü il tarixində ölkənin ilk müstəqil teatrı olan Oda teatrı yaranıb. Həmin teatrın təsisçisi Elmin Bədəlov 1 sentyabr 2015-ci il tarixində ADO teatrını yaradıb. Daha sonra bütün fəaliyyətlər ADO teatrı adı altında cəmləşib və davam edir. ADO fərqli, müasir incəsənət nümunəsi kimi tanınır. Teatrın ölkə daxilində qastrol səfərləri olub. Eyni zamanda ötən il teatr Fransada (Oriak) və İranda (Təbrizim) təşkil olunan teatr festivallarında qalib olub.