2 İyun 2016 15:18
2 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazıçı Həmid Piriyevin bu yaxınlarda “Alatoran” yayınlarından “Şanapipik haqqında mahnı” adlı miniatür romanı çap olunub. Həmid həddindən artıq təvazökar olsa da, neçə illərdir ki, ədəbiyyat üçün çalışır, tərcümələr edir, hekayələr yazır. Gənc yazıçının miniatür romanı haqqında miniatür müsahibəni təqdim edirik:

- Həmid, səni indiyə qədər tərcümələrinlə tanımışıq. Hansı əsərləri çevirmisən?

- 2011-ci ildə əsgərlikdən qayıdandan sonra tərcümələr eləməyə başladım. Marağım vardı. İndiyədək çap olunmayan tərcümələrim daha çoxdur. Yəni sifarişsiz, öz istəyimlə elədiyim tərcümələrdir. Sonra “Alatoran” yayınlarının sahibi Rasim Qaracanın sifarişi ilə Yoram Kaniukun “Adamın dirilməsi” romanını çevirdim. Ötən ilin aprelində bu kitab nəşr olundu. Başqa müstəqil tərcümə kitabım yoxdur. Balzakın “Gizli şedevr” kitabında yer almış “Tapşırıq” hekayəsini çevirmişəm. “Kitabsevərlər Qrupu”nun iki antologiyasında tərcümələrim var. “Həyatın qanunu” antologiyasında İtalo Kalvino ilə Borxesdən tərcümə etmişəm. “Şəhrizad” toplusunda isə yapon yazıçısı Ba Çzinin “Yağış” hekayəsi tərcüməmdədir. Ümumiyyətlə isə, jurnallarda, saytlarda tərcümələrim çox gedib. Dramaturgiyaya daha çox meyl edirəm. Bizdə bu janra maraq zəif olsa da, çalışıram edim. Bekketdən, İoneskodan tərcümələr edirəm. Düzdür, əksəriyyəti balaca səhnələrdir, amma vaxtaşırı edirəm.

- Rus dilindən edirsən?

- Hə, ancaq rusca.

- Belə başa düşdüm ki, tərcümədən pul qazana bilmirsən…

- Əksərən yox. Tərcüməyə görə cəmi iki dəfə qonorar almışam.

- Bu sənin ilk kitabındır. Amma feysbukda yazırdın ki, çap olunmamış 4-5 kitabın var...

- Bu romanı ilk dəfə hekayə kimi yazmışdım. İki il öncə “Yazı” jurnalında çap edilmişdi. Sonra “Şanapipik haqqında mahnı” hekayəsini yazdım. O da “Yazı”nın başqa nömrəsində çap olundu. Təxminən ilyarım öncə. Eyni üslubda üçüncü hekayəyə başlamaq istəyirdim. Düşündüm ki, bunları ayrı-ayrı uzatmaqdansa, elə birləşdirmək yaxşıdır. “Şanapipik haqqında mahnı” adı ilə həmin hekayələri birləşdirdim, müəyyən əlavələr, ixtisarlar elədim. Birinci variantda miniatür roman indikindən təxminən 4 dəfə böyük idi. Amma sonra xeyli ixtisar elədim. Artıq təfərrüatlara yer vermək istəmədim. Bir şeyi ki, 5 kəlmə ilə demək mümkündürsə, onu 25 kəlmə ilə yazmağa gərək yoxdur. Oxucuların da vaxtını almaq lazım deyil. Romanın baş qəhrəmanı Həcidir. Bir də onun Zəki adlı dostu var. Həcmi kiçik olsa da, roman adlandırıram. Çünki burada hadisələr, obrazlar çoxdur, hamısını yığcam yazmışam. Bunu yaza-yaza ağlıma gəldi ki, ikinci bir belə şey yazım, o da Zəkinin öz dilindən olsun. Onu da yazdım. Sonra artdı və dörd dənə bu həcmdə miniatür roman oldu. Birincisi bu idi. İkincisinin adını “Qarğalar oturub üzü qibləyə”, üçüncüsünün adı “Bildirçin yuvası”, dördünücünü adı isə “Qağayılardan soruşdum səni ləpədöyəndə” adlanırdı. Sonra bu üç dənəyə baxdım, gördüm ki, təkrarçılıq çoxdur, üslub, dil də təkrardır. Elə bil ki, eyni adam danışır, amma mən 4 müxtəlif adam yazmışdım. Bu üç dənəni sildim. “Qarğalar oturub üzü qibləyə” əsərini hekayə kimi təkrar işlədim, “Oxu zalı”nda çap edildi. Amma ürəyimcə deyil, bəlkə yenə işlədim.

- İddiaların nədir?

- Mənim ümumiyyətlə iddiam yoxdur. Yazmağa başlayanda ağlıma da gəlməzdi ki, haçansa çap oluna bilərəm. Elə-belə maraq üçün yazırdım. Əsgərlikdə şeirlər yazırdım. Çap olunana qədər həddindən artıq çox yazmışam. Çapa başlayana qədər yazdıqlarımın hamısı artıq yox idi, yaxşı ki də yox idi. Bir iki dənə şeiri xatirə kimi saxlamışam. Hər dəfə oxuyanda utanıram (gülür).

- Status yazmışdın ki, əsərdə söyüşlər var, indi baxıram ki, nöqtələrlə vermisən. Tam yaz bilmədin, ya necə?

- Yox, bəzi yerlərdə nöqtədir. Yüngül söyüşləri açıq vermişəm. Söyüş yaşayışın bir parçasıdır. Küçəyə çıxırsan hamı söyür. Bu saat qızlar oğlanlardan daha çox söyür (gülür). Hamı da normal baxır, ona görə də niyə yazmayaq ki? Mən də çalışıram ki, heç nəyi uydurmayım. Çünki həyatdan yazıram. Yazdığım adamlar da söyürlər.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər