Bu gün Nizami Kino Mərkəzində Bakı III Beynəlxalq turizm filmləri festivalının bağlanış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, nazirliyin kinematoqrafiya şöbəsinin nümayəndələri və xarici qonaqlar iştirak edib.
Builki festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışıb.
Festivalın “Qran-pri” mükafatını “Dubrovnik və zaman” filmi ilə Xorvatiyanı təmsil edən rejissor Herve Tirmarşe qazanıb. Mükafatı rejissora Əbülfəs Qarayev təqdim edib.
Milli mükafat nominasiyasında qalib “Yurdum” filminin rejissoru Rüfət Kərimzadə olub.
Festivalda hər kateqoriya üzrə 3 film mükafatlandırılıb. Azərbaycan təmsilçisi yalnız bir kateqoriyada fərqlənib. Belə ki, Tofiq Şahverdiyevin “Lahıc” filmi “Mədəniyyət, ənənə” kateqoriyasında qızıl mükafata layiq görülüb.
Digər kateqoriyalar üzrə qaliblər Banqladeş, Gürcüstan, Türkiyə, İrlandiya, Rusiya, Polşa, Portuqaliya, Yunanıstan, Böyük Britaniya, Çexiya, Baham adalarının təmsilçiləri olub.
Qeyd edək ki, festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik (Azər Qərib, Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko) beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nərmin Muradova