Azərbaycanın ən qədim yaradıcı kollektivlərindən biri olan Dövlət Xor Kapellasının məşqindəyəm. Filarmoniyanın məxsusi xor üçün ayrılmış məşq zalı binanın üçüncü mərtəbəsində yerləşir.
Zala daxil olmağım məşqarası fasiləyə təsadüf etdiyindən fürsətdən yararlanıb, otağa göz gəzdirib, Kapellanın bədii rəhbəri Gülbacı İmanovanı axtarıram. Mənə yardımçı olurlar, bir neçə addımlıqdakı otağı göstərirlər. Gülbacı xanımla salamlaşıb, söhbətimizi məşqdən sonraya saxlamaq qərarına gəlirik...
Qeyd edək ki...
Azərbaycan Dövlət Xor Kapellası respublikanın ən qədim yaradıcı kollektivlərindəndir. Hələ 1926-cı ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən çoxsəsli xor yaradılmasına cəhd göstərilib. Bu istək nəhayət, 1966-cı ildə Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xor Kapellasının yaranmasına səbəb olub.
Kapellanın ilk bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi Eduard Novruzov olub. 1996-cı ildən bədii rəhbər və baş dirijor əməkdar incəsənət xadimi, xalq artisti, “Şöhrət” ordenli Gülbacı İmanovadır.
Fasilə başa çatır...
...Və solistlər yavaş-yavaş öz yerlərində oturub, notlarına göz gəzdirirlər. Bədii rəhbər pianinonun arxasına keçir, tapşırıqlarını verir... Beləcə, məşq davam edir... Onlara qulaq asa-asa fotolar çəkməyə başlayıram. Bu arada deyim ki, kollektiv bəstəkar Aqşin Əlizadənin “Azərilər” oratoriyasını məşq edir.
Əlbəttə, ifa zamanı bədii rəhbərin tapşırıqlarından kənara çıxanlar, xaric oxuyanlar da olur. Məşqdir, belə də olmalıdır... Amma xor elə bir ifadır ki, xaric oxunanda diqqətsiz tamaşaçı tərəfindən də asanlıqla hiss oluna bilər. Gülbacı xanım hərdən zarafata salır, hərdən də sərt şəkildə ifaçılara iradlarını bildirir.
Fürsətdən istifadə edib...
...Kapellanın direktoru Xürşid Abdullayevadan kollektivin fəaliyyəti barədə fikirlərini soruşuram: “15 ildir Kapellada direktoruyam. Bu gün elə səviyyədəyik ki, istənilən səhnədə çıxış edə bilərik. Bu yaxınlarda Gürcüstanda keçirilən festivalda bir daha bu qənaətə gəldim. Amma təəssüf ki, çox az qastrollara, festivallara gedirik”.
“Sizi Filarmoniya göndərmir” deyə səbəbini soruşuram: “Göndərmirlər... Direktor olduğum bu 15 ildə Paris, Moskva və bir də bu yaxınlarda Gürcüstan səhnəsində çıxış etdik. Qastrol səfərləri, müxtəlif festivallarda iştirak çox vacibdir. Çünki musiqiçilər əcnəbi musiqiçiləri mütləq dinləməlidir. Məşhur bəstəkar Baxın oğlu öz traktatlarında yazırdı ki, gözəl musiqiçi olmaq üçün digər əcnəbi musiqiçiləri mütləq dinləmək, öyrənmək lazımdır. Biz istənilən festivalda uğurla çıxış etməyə hazırıq”.
“Bura öz istəyimlə gəldim”
Məşq başa çatır, Gülbacı xanım öz otağına gedir, solistlər isə hazırlaşıb bir-bir zaldan çıxırlar. Bir xanım ifaçıya yaxınlaşıb söhbətləşirəm. 10 ildir kollektivin solisti olduğunu deyən Nigar Cəbiyeva işindən razılıqla danışır:
-Musiqi fəaliyyətimə Bülbül adına musiqi məktəbində başladım, magistraturanı bitirəndən sonra öz istəyimlə Kapellaya gəldim və qəbul olundum. Fəaliyyətimiz çox yaxşıdır, bəzən səfərlərimiz olur, amma əksər vaxt konsertlərə hazırlaşırıq, gündəlik məşq edirik. İşimdən razıyam.
-Nədəsə çətinliyiniz olur?
-Mən işimi sevirəm. Kapelladakı fəaliyyətimin ilk illərində çətinliyim olmadı, çünki uşaqlıqdan xor qruplarında ifa edirdim, təcrübəm vardı. Amma əlbəttə, insan hər yeni kollektivdə işləməyə başlayanda müəyyən çətinliklər çəkir. Çünki hər kollektivin öz ab-havası var.
-Səsinizi qorumaq üçün nə edirsiniz?
-Düzünü deyim, heç nə etmirəm. Mən Kapellada xorla bərabər solo da ifa etmişəm. Bu zamanacan səsimdə problem olmayıb.
“Çox utancağam”
1997-ci ildə Kapellaya gələn Daşqın İbrahimovdan xoru seçməyinin səbəbini soruşuram. O da maraqlı bir etiraf edir: “Çox utancağam, o vaxtlar səhnəyə çıxıb, solo ifa etməyə utanırdım, elə indi də bu xüsusiyyətim qalıb. 2001-ci ildən Kapellada rəsmi işləməyə başlamışam. Bu illər ərzində Kapellanın konsertləri zamanı xorla bərabər solo ifalarım da olub”.
Daşqın bəy danışmaqla çox arası olmadığını deyib, sözü bir az aralıda, aynanın qarşısında dayanan Nərminə Zeynalovaya verir:
“Kapella böyük bir məktəbdir. Burda hər solist oxuya bilməz. Mən Kapellaya öz istəyimlə gəlmişəm. Çünki xoru sevirdim, üzv olmamışdan öncə gəlib bir tamaşaçı kimi konsertlərinə baxardım. Xor məni cəlb edirdi, ona görə də sevərək Kapellaya gəldim”.
“O müsabiqə üç ildir keçirilmir”
Məşq zalı yavaş-yavaş boşalır, Gülbacı xanımla otağında oturub söhbətləşirik. İlk sualım Azərbaycanda xorun vəziyyəti ilə bağlıdır: “Xorun yaranması və inkişafı üçün musiqi məktəblərində mütəmadi iş aparılmalıdır. Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Azərbaycanda məktəblərin xor kollektivlərinin baxış- müsabiqəsi keçirilirdi. Mən 14 il o müsabiqədə münsif kimi çıxış edirdim. Biz rayonlara gedir, xor ifalarını dinləyib, müsabiqə keçirirdik. İlk illər 90-a yaxın xor qrupları müsabiqədə iştirak edirdisə, daha çox Bakı və Bakı ətrafı rayonların məktəblərini əhatə olunurdusa, üç il bundan əvvəl müsabiqənin dairəsi daha da genişləndi. Ölkə üzrə 178 xor qrupu yarandı. Bu, çox böyük göstərici idi. Amma çox təəssüf ki, məndən asılı olmayan səbəblərdən müsabiqə üç ildir keçirilmir.
Xor ayrı bir mədəniyyət, kollektiv ifa deməkdir. Xorla məşğul olan uşaqların dünyagörüşü geniş olur, onlar bəstəkarları tanıyır, konsertlərdə, müsabiqələrdə iştirak edirlər. Hər pianino, yaxud başqa alətlərdə ifa edən uşaqların səhnəyə çıxıb konsert vermə şansı olmur. Amma xorda ifa edən uşaqlar tez-tez səhnəyə çıxır, konsertlərə qatılırlar.
Siz görəydiniz, o müsabiqələrdə uşaqlar necə həvəslə səhnəyə çıxıb, xor ifa edirdilər... Hətta kənd məktəblərinin də xor qrupları müsabiqəyə gəlirdilər. Təsəvvür edin, Bərdənin beş kəndindən xor qrupları gəlirdi, həmçinin Ağdam, Ağcabədidə gələn xor qrupları vardı. Çox istərdim ki, yenidən o müsabiqələr bərpa olunsun”.
“Deyirəm elə bilməyin ki, Kapella batacaq...”
Gülbacı İmanovanın sözlərinə görə, hazırda kollektivdə 65 solist çalışır: “Onların hamısı ali təhsilli vokalçılardır”.
Həmsöhbətimdən belə böyük bir kollektivi idarə etməyin, saxlamağın çətinliyini xəbər alıram: “Xoru saxlamaq çox çətindir. Orkestri bir-iki aya yığmaq mümkündürsə, xorda elə deyil. Kollektiv canlı orqanizmdir, həmişə dəyişilir. Kimsə gedir, kimsə gəlir.
Amma bir gerçəklik var. Həmişə kollektivin solistlərini danlayanda deyirəm, elə bilməyin ki, siz burdan gedəndən sonra Kapella batacaq. Kapella qatar kimidir, öz yolu ilə gedir.
Əlbəttə, əvəzedilməz səslər var. Amma böyük işi yalnız bir nəfərin üzərində qurmaq mümkün deyil. Bu, dövlət kollektividir. Onu da deyim ki, Kapelladan heç kim getmək istəmir, sadəcə ortada yaş məhdudiyyəti var. Səsdir, bir vaxt gəlir, solistin səsi mənim tələblərimə cavab vermir. Çağırıram, başa salıram, beləcə sağollaşırıq.
Kollektivdə 18 yaşlı tələbə də var, 60-65 yaşlı solist də. Amma əsas kollektivimiz cavanlardan ibarətdir.
40 yaşında bir nəfər gəlib, xorda işləmək istədiyini deyəndə, qəbul etmirəm. Çünki 5 il keçməlidir ki, o, tamamilə yetişmiş xor artisti olsun. Buna zaman gərəkdir.
Xor Kapellasına tələbələr daha çox meyl edir. Çünki bura bir məktəbdir. Əgər o, hansısa teatrda solist kimi ildə bir, yaxud iki partiya öyrənib ifa edirsə, Kapellada hər ay 15-20 əsər ifa edir. Dövlət tədbirlərinin isə ayrı repertuarı olur. Yəni bura həm işdir, həm də qazanc yeridir. Maaş da hamıya lazımdır”.
“Kimisə qane edir, kimisə yox...”
Söhbətin bu yerində: “Bəs maaş kollektivi qane edirmi” sualıma Gülbacı xanım belə cavab verir: “Kimisə qane edir, kimisə yox, onlar ya həmişəlik gedirlər, ya da əlavə iş tapırlar”.
Bədii rəhbər deyir, Kapellada demək olar ki, hər ay repertuar dəyişir: “Repertuarı dəyişməyə məcburuq. Çünki Filarmoniyada mütəmadi konsertlərimiz olur. Bu ay konsertimizə gələn tamaşaçının qarşısına gələn ay eyni repertuarla çıxa bilmərik.
Repertuarımızda xalq mahnıları, Azərbaycanın həm köhnə bəstəkar mahnılar, həm də müasir mahnılar yer alır. Azərbaycan bəstəkarlarının yazdığı əsərlərin ilk dəfə mütləq bizdə ifa olunur. Mən bunu özümə borc bilirəm. Bəzən bəstəkarlar özləri əsərlərini təqdim edirlər, bəzən də Bəstəkarlar İttifaqı tərəfindən keçirilən plenumlar zamanı bizə yeni əsərlər təqdim olunur.
Bunlarla yanaşı repertuarda rus və Qərbi Avropa bəstəkarlarının əsərlərinə də yer veririk. Repertuarımız çox zəngindir. Onu da deyim ki, bu yaxınlarda Gürcüstanda keçirilən festivalda yeganə bizim kollektiv idi ki, rəngarəng repertuarla çıxış etdi”.
Kapellanın ən böyük çətinliyi...
Əsas çətinliyin kadrlarla bağlı olduğunu deyən bədii rəhbər Azərbaycanda bass və alto səslərin yoxluğundan gileylənir: “Bas səsə malik kadrlarımız azdır. Əksəriyyət bariton, tenor oxuyur. Xorun fundamentini təşkil edən bass və alto səsimiz məhduddur. Bu, repertuar seçiminə də təsir edir”.
Beləcə, söhbətin sonuna gəlirik və Kapelladan sonra uğurlu yaradıcılıq fəaliyyətini davam etdirən sənətçilərlə maraqlanıram. Bədii rəhbər siyahının uzun olduğunu deyir və yadına düşənləri sadalayır: “Xalq artisti Əvəz Abdullayevi Almaniya, Çexiya və başqa Avropa ölkələri tez-tez dəvətlər edirlər. Hazırda Opera və Balet Teatrının solisti, əməkdar artist İlahə Əfəndiyeva, Səbinə Əsədova, Saidə Şərəfəliyeva, Aytac Şıxəlizadə, Zemfira İsmayılova və başqalarını misal çəkə bilərəm”.
Nərmin Muradova