“Bakı-2015” birinci Avropa Oyunları BMX Veloparkında sınaq yarışları həyata keçirib.
Teleqraf.com-un məlumatına görə, sınaq yarışları Azərbaycan Velosiped İdmanı Federasiyasının təchizat və nəqliyyat dəstəyi, “Bakı-2015”in rəsmi dəstəkçisi Red Bulla əməkdaşlıq şəklində gerçəkləşdirilib.
BMX Veloparkı xüsusi olaraq, “Bakı- 2015” Avropa Oyunları üçün tikilmiş daimi idman arenasıdır və növbəti illərdə BMX yolu ölkə və Azərbaycan Velosiped İdmanı Federasiyası üçün Oyunlardan qalan mirasın bir hissəsini təşkil edəcək. Bakı şəhərinin mərkəzinə yaxın yerləşən Velopark Qərb qrupuna daxildir və 1000 nəfərlik tamaşaçı tutumuna malikdir.
“Bakı-2015” idman üzrə direktoru Pirs O`Kallaqan bildirib ki, bu sınaq yarışı hazırlıqların yekunlaşdırılması üçün çox vacib idi: “Çoxsaylı irihəcmli sınaq yarışlarının keçirilməsinin vacib hesab olunduğu Olimpiya Oyunlarından fərqli olaraq, biz artıq keçirdiyimiz altı əsas sınaq yarışlarına yekun vurmaqla kiçik ölçülü sınaq yarışları vasitəsilə hazırlılıq səviyyəmizi yoxladıq. Bu, bizə diqqətimizi yarışlar üzərində cəmləməklə ayrı-ayrı idman növləri üzrə resurslardan ən səmərəli şəkildə istifadə edərək sınaq yarışları keçirməyin vacibliyini xatırlatdı. İlk Avropa Oyunlarının təşkilatçısı olmaq gözəl hissdir və biz uyğun hesab etdiyimiz qaydada yeniliklər etməkdə sərbəstik. Hazırlıqlarımız üçün düzgün balans və gələcək ev sahibi ölkələr üçün etibarlı model yaratdığımıza inanırıq”.
Bakı 2015-də BMX Velosiped sürmə yarışlarında BMX Veloparkın xarici yolunda 32 kişi və 16 qadın iştirak edəcək. Qadın və kişilərin Rio 2016 Yay Olimpiya Oyunlarına reytinq balı təklif edən final yarışları iyunun 28-də baş tutacaq.