Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi növbəti mötəbər tədbir - birinci Avropa Oyunları ictimaiyyətin diqqət mərkəzindədir.
Bu dəfə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacılı "Bakı-2015"-in əhəmiyyətindən danışıb.
Teleqraf.com rektorun fikirlərini təqdim edir:
“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyəti olan tarixi hadisədir. Respublikamızın iqtisadi, ictimai, mədəni sahədə misilsiz nailiyyətlərinin beynəlxalq səviyyədə təsdiqidir. Cənab Prezident İlham Əliyevin möhtəşəm dövlətçilik siyasətinə olan böyük etimad və inamın ifadəsidir.
İlk Avropa oyunlarının Bakıda keçirilməsi respublikamızın beynəlxalq nüfuzunun parlaq təsbitidir və təbii ki, gələcəkdə beynəlxalq əlaqələrimizə, əməkdaşlığımıza, eləcə də iqtisadiyyatımızın, mədəniyyətimizin, turizmin inkişafına çox müsbət təsir edəcək.
Bu yarışmalara bir çox ölkələrdən gələn qonaqların qədim mədəniyyətimiz, müasir inkişafımız, Bakımızın Şərq və Qərbin sintezindən doğan ecazkar mənzərəsi, cəmiyyətimizdəki tolerantlıqla yaxından tanış olmasına geniş imkan yaranacaq. Bununla da ölkəmizə maraq daha da artacaq, yeni dostlar qazanacağıq.
İdman oyunları ilə əlaqədar yaradılmış yeni obyektlər, infrastruktur uzun illər gənclərimizə, xalqımıza xidmət edəcək, Azərbaycan idmanının inkişafını stimullaşdıracaq. Bütün bunlar milli maraqlarımıza, ölkəmizin mənafeyinə, tarixi məqsədlərimizə uyğun mühüm məsələlərdir”.
Kəramət Böyükçöl