30 Aprel 2015 11:02
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları ölkə iqtisadiyyatına həm yaxın, həm də uzaq perspektivdə böyük faydalar gətirəcək”. Bu barədə Trend-ə isveçrəli ekspert Andrej Baster deyib.

A.Baster bildirib ki, məlum olduğu kimi, bu Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək:

“O cümlədən bu Oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət mənada mühüm təsir göstərəcək. Avropada, Amerikada, Asiyada, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri cəlb etmək üçün bir maqnit effekti verəcək və ölkədə turizmin genişlənməsinə mühüm töhfə verəcək”.

A.Baster vurğulayıb ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda ölkənin beynəlxalq imicinin də yüksəlməsinə səbəb olacaq:

“Azərbaycan onsuz da beynəlxalq aləmdə böyük nüfuza malikdir. Ancaq hesab edirəm ki, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq”.

A.Baster İlk Avropa Oyunlarının dünyada və regionda idmanın inkişafına da mühüm təsir edəcəyini bildirib: “Adətən bu cür böyük beynəlxalq yarışlar Avropa, Amerika və Asiya regionunda keçirilirdi, lakin bu dəfə Azərbaycan belə bir möhtəşəm yarışmaya ev sahibliyi edir ki, bu da regionda idmanın inkişafına mühüm təsir göstərəcək”.


Müəllif:

Oxşar xəbərlər