“Bakı gündən-günə gözəlləşir və qonaqları qəbul etməyə hazırdır. Artıq ilk akkreditasiya kartları və uniforma təqdim olundu. Sevinirəm ki, Bakıya gələn bütün qonaqlar və idmançılar bizi uniformada görəcək və bu layihədə nə qədər adamın çalışdığının şahidi olacaqlar”.
Teleqraf.com xəbər verir ki, bu sözləri gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov uniformaların paylanması mərasimində çıxışı zamanı deyib.
Avropa Oyunlarına 43 gün qaldığını xatırladan A.Rəhimov ilk akkreditasiya kartları və uniforma təqdim olunduğuna görə həyəcan keçirdiyini söyləyib:
“Bu, onun işarəsidir ki, Oyunlara qısa müddət qalıb. Biz böyük bir yol keçdik, bu, bizim, I Avropa Oyunlarının Təşkilat Komitəsində işləyən min nəfərdən çox gənclərimiz, bizimlə birgə çalışan 17 minə qədər könüllülər həddən artıq çox təcrübə qazandırdı. Xalqımız bu gözəl anları yaşayır. Ölkəmizdə heç vaxt bu cür möhtəşəm və böyük tədbir keçirilməmişdi. Çox sevinirik, çünki Oyunlara 43 gün qalıb və bu anda deyə bilərik ki, tam hazırıq. Təşkilati məsələlər müvafiq cədvəllə gedir. Heç bir sahədə gecikmələr yoxdur. Dünyanın ən yüksək standartlarına cavab verən gözəl idman qurğuları qurulub. Oyunlardan sonra onlar qapılarını, gənclərimizin, Bakı sakinlərinin üzünə açılacaq”.
Onun sözlərinə görə, birinci Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub: “Bu Oyunlar Azərbaycan tarixində və ürəyimizdə qalacaq. İnanırıq ki, Oyunlar zamanı parlaq Azərbaycan mədəniyyətini, qonaqpərvəriliyini, tarixini nümayiş etdirəcəyik”.
Rüstəm