Moskvada Avropa Oyunlarının təbliğatı məqsədilə marafon yarışı keçirilib.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya Azərbaycanlı Gənçlər Birliyi (AMOR) tərəfindən ilk Avropa Oyunlarının Moskvada tanıtımı məqsədiylə keçirilən marafonda Rusiyanın ali məktəblərində təhsil alan tələbələr iştirak edirdi.
Moskva Beynəlxalq Münasibətlər Universitetində keçirilən yarışmada qızlar 1200, oğlanlar isə 2400 metr məsafəyə qaçışda yarışdı.
Gərgin mübarizəyə səhnə olan turnirdə qızlar arasında 3 dəqiqə 59 saniyə nəticə ilə Olqa Romanova birinci yeri qazanarkən oğlanlar arasında 7 dəqiqə 16 saniyə ilə Bolat Koça qalib oldu.
“Bu gün mən qalib gəldim. Buna heç inana bilmirəm. Bu həm də mənim üçün ikiqat xoşbəxtlikdir. Çünki, bu yarışma Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunub. Mütləq bu oyunlara gedib yığmamızı dəstəkləyəcəm”, – deyə marafonun qalibi Olqa Ramanova bildirib.
“İlk dəfədir ki, Azərbaycanda bu cür, dünya miqyaslı idman tədbiri keçiriləcək. İdman tədbirilə bağlı buradan Azərbaycana gəlmək istəyənlər kifayət qədərdir. Hazırda burada görülən tədbirlər də məhz bu silsilədəndir. Biz burada bu cür tədbirləri keçirməklə çalışırıq ki, Azərbaycana gələn türistlərin sayı artsın. Gəlib ölkəmizlə yaxından tanış olsunlar”, - deyə AMOR-un icraçı direktoru Emin Hacıyev bildirib.
Qeyd edək ki, AMOR tərəfindən bu ilk aksiya deyil.
Daha öncə stolüstü tennisi turniri keçirən AMOR növbəti dəfə voleybol turniri keçirməyə hazırlaşır.