3 May 2015 12:07
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 İlk Avropa Oyunlarının məşəl estafeti davam edir. Dünən günün ikinci yarısında Masallını dolaşan məşəl artıq Biləsuvara yol alıb.

Teleqraf.com xəbər verir ki, festival çərçivəsində Biləsuvarda saat 13:00-da məşəl estafeti olacaq. Qarşılama mərasimi saat 14:00-da Heydər Əliyev meydanında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 14:30 üçün nəzərdə tutulub.

Biləsuvardan sonra məşəl yürüşü 209 min nəfər əhalisi olan Cəlilabadda davam etdiriləcək. Qədim tarixə malik, quru və mülayim iqlimli Cəlilabadda saat 19:00-da məşəl estafeti, 20:00-da Heydər Əliyev meydanında Alov festivalı baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 21:20-da olacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.


Müəllif:

Oxşar xəbərlər