“Bakı-2015” birinci Avropa Oyunları məşəlinin növbəti dayanacağı Salyan rayonu olub. Mayın 4-də birinci Avropa Oyunlarının məşəli Cəlilabaddan Salyana gətirilib.
Teleqraf.com-un məlumatına görə, bu münasibətlə Salyan şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb.
Birinci Avropa Oyunlarının rəmzi qapısında kikboksinq üzrə məşqçi Rahil İsgəndərov Olimpiya məşəlini qəbul etdikdən sonra yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 3,2 kilometr məsafə qət ediblər. Salyan şəhərinin Heydər Əliyev, Xəlil Rza, Yusif Qasımov, Aslan Hüseynov, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Təbriz Xəlilbəyli küçələri ilə hərəkət edən idmançılar məşəli Heydər Əliyev parkına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıblar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Cavid Quliyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.
Salyan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Zərxanım Ağabəyova yandırdığı ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Salyandan Neftçalaya yola salındı.
Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəl səyahətinə mindən çox məşəlçi cəlb olunub. İyunun 10-u məşəl proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
İyunun 12-28-də idmanın 20 növü üzrə keçiriləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən altı mindən çox atlet 253 dəst medal uğrunda mübarizə aparacaq.