“Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə həyata keçirdikləri irimiqyaslı ekoloji aksiya çərçivəsində Veloparkda 4 000 ağac əkintisinə start verilib.
“Bakı 2015” 1-ci Avropa Oyunları iyunun 12-də başlayacaq və həmin oyunlara daxil olan BMX velosiped yarışı Şıxov çimərliyinin yaxınlığında yerləşən Veloparkda keçiriləcək.
Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında “Coca-Cola” əməkdaşları, ADA Universitetinin tələbələri, Velosiped İdmanı Federasiyasının üzvləri və “Bakı 2015”in nümayəndələri iştirak ediblər.
“Bakı 2015” Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq tədbirin açılışını edərək hamını salamlayıb və “Bakı 2015” Oyunlarına dəstək üçün tərəfdaşlara təşəkkürünü bildirib: “Bakıda keçiriləcək ilk Avropa Oyunlarına tərəfdaşlarımızın bu qədər dəstək olması bizi çox sevindirir. 2012-ci ilin dekabrında Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi məlum olan kimi biz bütün səylərimizi bu Oyunların təşkilinin Azərbaycan xalqına dəyərli bir irs qoymasına yönəltdik. 29 ay hazırlıq müddətində çoxlu sayda gənc Azərbaycan mütəxəssisləri beynəlxalq səviyyəli yarışların keçirilməsində yeni təcrübə və bacarıqlar əldə etmişlər. İnsan kapitali irsindən başqa Avropa Oyunları Azərbaycana digər sahələrdə də böyük irs qoyacaqdır ki, onlardan biri də bu gün bizim tərəfdaşlarımız “Coca-Cola” və ADA Universitetinin dəstəyi ilə həyata keçirilir”, – deyə Saymon Kleq bildirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparkda toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, Veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər ƏIiyev göstəriş verib: “Bu ərazi çoxlarına yaxşı tanışdır. Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verib. Bu parkda onun özünün şəxsən əkdiyi ağacları da görmək olar. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidə ağacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Velosipedçilərimizin məşq edə bilmələri üçün burada 4 velomarşrut yaradıldı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30 000-dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə həftə ərzində isə “Coca-Cola” şirkəti və ADA Universiteti tərəfindən burada daha 4.000 ağac əkilib və biz ümidvarıq ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək”.
“Azərbaycan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel tədbirin açılışında çıxış edərək 2014-cü ildə “Coca-Cola” ADA Universiteti ilə birgə 2020-ci ilədək 100 000 ağacın əkilməsini nəzərdə tutan uzunmüddətli ekoloji inkişaf proqramına start verildiyni bildirib: “Bu proqrama “Bakı 2015” Avropa Oyunlarının idman obyektlərindən biri olan Veloparkın da daxil edilməsinə çox şadıq. Velosiped idmanı üzrə beynəlxalq və milli yarışların keçiriləcəyi Velopark Bakının ən gözəl guşələrindən birinə çevrilməkdədir. “Bakı 2015” Oyunlarının rəsmi tərəfdaşı kimi 1-ci Avropa Oyunlarının uğurla keçməsinə dəstək olmağa çox məmnunuq və Oyunların ölkəmizin və insanların həyatında müsbət dəyişikliklərə səbəb olacağına inanırıq”.
“Coca-Cola” şirkətinin nümayəndəsi onu da bildirib ki, ADA Universiteti ilə həyata keçirilən “Ağac əkək, təbiətə pay verək” adlı ekoloji proqramın məqsədi Abşeron yarımadasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolağının artırılması ilə ətraf mühitin inkişafına nail olmaqdır.
ADA Universitetinin vitse-rektoru Fariz İsmayılzadə ADA-nın ölkədə ekoloji maariflənmə və ekologiya sahəsində “Coca-Cola” ilə birgə həyata keçirdikləri işlərdən danışdı: “ADA Universiteti ekologiyanın qorunması və inkişafı üçün həm universitet daxilində, həm də universitet xaricində önəmli proqramlar həyata keçirir. Biz “Coca-Cola” şirkəti ilə birgə böyük ekoloji proqram çərçivəsində Bakı və ətraf rayonlarda 2020-ci ilədək 100 000 ağacın əkilməsi üçün hər il ekoloji aksiyalar keçiririk. Bu gün isə “Bakı 2015” Avropa Oyunlarının bir hissəsi olan BMX Veloparkının yaşıllaşması üçün 4 000 ağac əkilməsinə çox şadıq”.
Bu ilin sonunadək “Coca-Cola” və ADA Universiteti ümumilikdə 20 000 ağacın əkilməsinini planlaşdırır.
Naibə QURBANOVA