Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi bəyanat yayıb.
Komitədən Teleqraf.com-a daxil olan bəyənatda bildirilir ki, “Amnisty İnternational” Beynəlxalq hüquq təşkilatı tərəfindən Avropa Oyunlarının başlanmasına 100 gün qalmış yaydığı qeyri-dəqiq və qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır.
Bu hesabatda verilən məlumatlar və İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqin İsveçin “Aftonbladet” qəzetinə verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq, Avropa oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil.
İsveç Olimpiya Komitəsinin Azərbaycandakı repressiyalarla əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı iddialar isə sözün əsl mənasında riyakarlıqdır.
Avropa Olimpiya Komitəsindən aldığımız məlumata əsasən onlara İsveç Olimpiya Komitəsindən heç bir məlumat daxil olmayıb və bu məsələ Komitə tərəfindən araşdırılacaq.
Biz təəssüf edirik ki, İsveç Olimpiya Komitəsinin prezidenti Azərbaycan haqqında belə bir bəyanatla çıxış edib. Məlumat üçün bildiririk ki, bu insanın Azərbaycana qarşı mənfi münasibəti hələ 2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 8-ci Baş Assambleyası vaxtı aşkar olundu. İsveç Olimpiya Komitəsinin prezidentinin özünün etiraf etdiyi kimi, 48 ölkənin iştirak etdiyi seçkilər zamanı İsveç Olimpiya Komitəsi nəinki Avropa Oyunlarına Bakının ev sahibliyi etməsini, ümumiyyətlə Avropa Qitə oyunlarının keçirilməsinin əleyhinə səs verən 8 Komitədən biri olub.
Qeyd etmək istərdik ki, Azərbaycan hüquqları və demokratiya ilə bağlı standartlara əməl olunması haqda danışan İsveç dırnaqarası hüquq müdafiəçiləri unudurlar ki, 1986-cı ildə fevralın 28-də İsveçin paytaxtı Stokholm şəhərində İsveçin baş naziri Ulof Palmenin odlu silahdan açılan atəş nəticəsində öldürülməsi, 2013-cü ilin sentyabrın 11-də İsveçin Xarici İşlər naziri Anna Lindin qəddarcasına qətlə yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə törədilən hücumlara qarşı İsveç parlamentinin qarşısında təşkil olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni təmsil edirlər. Onların insan hüquqlarının və demokratik rejimin müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır.
Eyni zamanda söylənilənlərin əksinə olaraq, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin söz azadlıqları qorunduğunu və indiyənədək Azərbaycana səfər etmiş əcnəbi jurnalistlərin fikirlərinə hörmətlə yanaşıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı irəli sürülən fikirlər də həqiqətə uyğun deyildir.
İsveç Olimpiya Komitəsinin Bakıda keçiriləçək Avropa Oyunlarında iştirakına və xərclərinin “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən ödənilməsinə gəldikdə isə qeyd etmək istərdik ki, bu təkcə İsveç komandasına aid deyil, bütün iştirakçı ölkələrin nəqliyyat, yaşayış və yemək məsrəfləri ödənilir. Bütün Olimpiya oyunlarında tətbiq edilən bu prinsip Avropa Olimpiya Komitəsinin qərarı ilə “Bakı 2015” Avropa Oyunlarına da şamil edilir.
Azərbaycan qapıları hamı üçün açıqdır. Ümid edirik ki, böyük uğur qazanacaq Bakı 2015 Avropa Oyunlarından sonra insanlar Azərbaycanı daha yaxından tanıyacaq, onu dərk edəcək, bizə qarşı yönədilmiş bu kimi təxribatlara son qoyulacaq.
Naibə QURBANOVA