Mayın 5-də Neftçala rayonunda yandırılan birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərinə gətirilib. Rayon sakinləri yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
Teleqraf.com-un məlumatına görə, Şirvan şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi qəbul etdi.
Sonra Bayraq meydanından Heydər Əliyev prospekti, Naxçıvan və M.Ə.Rəsulzadə küçələri boyunca məşəl yürüşü başlandı. 3,8 kilometr məsafə qət edən 10 idmançı növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev meydanına gətirdilər.
Meydana toplaşanların alqışları altında səhnəyə qalxan Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. 16 yaşlı karate üzrə dünya və Avropa çempionu Fərid Abbasov Avropa Oyunlarının çırağını yandıraraq yarışlar başa çatana qədər saxlanılmaq üçün rayona təhvil verdi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Hərbi müəllim Təbriz Həşimov da söhbətə qoşularaq əlamətdar hadisə - birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə təbriklərini çatdırdı, idmançılarımızın bu mötəbər yarışlarda da uğur qazanacağına əminliyini ifadə etdi.
Birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul rayonuna yola salındı.