I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.
Publika.az həmin idmançıları təqdim edir.
Tofiq Məmmədov -“Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. Yadro itələmə üzrə beşqat Azərbaycan çempionu olan T.Məmmədov Avropa çempionatında “ilk onluğ”a düşüb.
İsmayıl Əliyev - Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan İ.Əliyev Azərbaycan çempionatında II yerin, Azərbaycan Kubokunda III yerin sahibi olub.
Alyona Setina - idmanın atletika növü ilə məşğul olur. Azərbaycan və Bakı çempionatlarının iştirakçısı olan A.Setina Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir.
Yekaterina Sarıyeva - Bakı şəhərı 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Üç təkanla uzunluğa tullanma ilə məşğul olan Y.Sarıyeva İslam Oyunlarının qızıl, Avropa turnirinin gümüş mükafatçısıdır. Y.Sarıyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.
Aynur Hüseynova - Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Bakı Pedaqoji Kollecində təhsil alan A.Hüseynova akrobatika gimnastikası ilə məşğul olur. O, Respublika çempionatının qalibi, Minsk şəhərində keçirilən beynəlxalq turnirin bürünc mükafatçısı olub. Avropa çempionatında isə V yeri tutub.