9 May 2015 15:00
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tofiq Bəhramov”da futbol yox, oxatma həyəcanı

Sergey Qospodinov: “Bakıya Avropanın ən yaxşı oxatanları gələcək”

Futbol həyəcanının yaşandığı Tofiq Bəhramov adına Respublika Stadionun meydanında bu dəfə tamam başqa bir idman növü üzrə yarış keçiriləcək. “Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində ölkəmizə gələcək atletlər sırasında kamandan oxatma üzrə ixtisaslaşan idmançılar da olacaq.

Olimpiya Oyunları tarixinin ilk illərində proqrama salınan kamandan oxatma indi də I Avropa Oyunlarındadır.

Qeyd etmək yerinə düşər ki, bu mötəbər idman bayramı kamandan oxatmaya da böyük maraq yaradıb. Aristokratların “oyunu” sayılan kamandan oxatma yarışları iyunun 16-dan 22-dək məhz Respublika stadionunda baş tutacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatmanın özünəməxsus cəhətlərinə əsasən hazırlıq gedir. Bu stadionda futbol matçlarına alışdığımız üçün onun İlk Avropa Oyunlarına necə adaptasiya olunduğunu görmək üçün stadiona yollandıq.

Kamandarlar 5 dəst medal uğrunda

Bizi obyektlərin idarə edilməsi üzrə mütəxəssis Rüstəm Zeynalov qarşıladı. O, stadionda 64 kişi və 64-ü qadın olmaqla, ümumilikdə 128 atletin yarışacağını söylədi. Onun sözlərinə görə, kamandan oxatma üzrə 5 final yarışı olacaq. Oxatanlar 5 dəst medal uğrunda dəqiqliyini yoxlayacaqlar.

R.Zeynalov qeyd etdi ki, stadionun binasında yerləşən otaqların təyinatları dəyişib: “Futbol yarışlarında otaqlar başqadır, oxatma zamanı isə tamam başqa cür olacaq. Otaqlara olan tələblər üzərində işlənilir. Atletlər üçün isə ayrıca yerlər müəyyənləşib. Stadionda çadırlar da qurulub ki, bu da idmançıların son məşqi və isinməsi üçün nəzərdə tutulub. Həmçinin stadionun arxasında Oyunları yayımlayacaq media şirkətlərinin avadanlıqlarının qurulması üçün şərait yaradılıb”.

Mayın 17-də test yarışları olacaq

Mütəxəssis vurğuladı ki, oxatma yarışlarında stadionun kiçik bir hissəsi istifadə olunacaq: “Stadion ərazisində Oyunlara hazırlıq prosesi davam edir. İşlər sınaq yarışlarına qədər başa çatmalıdır. Mayın 17-də test yarışları olacaq”.

Oxatanları 2 sektordan izləmək mümkündür

R.Zeynalov söylədi ki, Tofiq Bəhramov adına Respublika Stadionu böyük tamaşaçı tutumuna malik olsa da, cəmi 3 sektor yarış izləyicilərinin ixtiyarına veriləcək. 1 sektorda yarışmayan atletlər, digər iki sektordakı min nəfərlik yer isə tamaşaçı üçün nəzərdə tutulub. Stadionun yerdə qalan sektorları istifadə edilməyəcək. Bir sözlə, ümumilikdə 1000 nəfər tamaşaçı oxatanları izləyəcək.

Yarışlara VİP məkandan isə “Bakı-2015" ailəsinin üzvləri, yəni Oyunlarda iştirakçı dövlətlərin idman sahəsindəki rəsmi şəxsləri, nazirliklər, olimpiya komitələri, beynəlxalq federasiya üzvləri baxacaqlar.
Yarışlardan sonra 10 gün ərzində stadion təmizlənib rəhbərliyə təhvil veriləcək.

Qayda necədir?

Avropa Oyunlarında yarışlar Olimpiya Oyunlarının proqramına uyğun olaraq 70 metr məsafəyə kamandan oxatma üzrə keçiriləcək. Yarış 2 məsafə üzrə ümumilikdə 72 atışı ehtiva edir. Sonra final keçirilir. Olimpiya setkası müəyyən olunur və istər şəxsi, istərsə də komanda və qarışıq hesabda finala çıxmaq uğrunda mübarizə gedir. Oxatanlar oxu hədəfə 70 metr məsafədən atırlar və hədəflərin diametri cəmi 122 santimetrdir. Bu, heç də sadə iş deyil. İdmançılardan diqqəti və fikri cəmləşdirmək, hədəfi düzgün nişan almaq hədsiz bacarıq və təmkin tələb edir. Nəzərə almaq lazımdır ki, hədəfin mərkəzindəki qızılı halqanın diametri cəmi 12,2 santimetrdir.

Azərbaycanı kimlər təmsil edəcək?

Bir sözlə, “Bakı-2015" I Avropa Oyunlarında bu qitənin ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər.

Beş dəst medalın 2 dəsti kişilər və qadınlar arasında şəxsi birincilikdə, 2 dəsti kişilərdən və qadınlardan ibarət komandaların yarışında, 1 dəsti qarışıq komanda yarışlarında oynanılacaq. Komandanın tərkibinə 3 kişi və 3 qadın oxatan daxil olacaq.

İlk Avropa Oyunları oxatma üzrə yarışan idmançılara Rio-2016 Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır. Millimizdən bu mötəbər turnirdə hansı idmançıların iştirak edəcəyi hələ dəqiqləşməsə də, bir çox idmançılarımız namizəd göstərilib.

Sergey Qospodinov: “6 qadın və 5 kişi idmançı yığma komandaya namizəddir”

Kamandan oxatma üzrə Azərbaycan yığmasının baş məşqçisi Sergey Qospodinovun sözlərinə görə, hazırda 6 qadın və 5 kişi idmançı yığma komandaya namizəddir: “İndi onlar məşq keçirlər. Komandanın yekun tərkibi mayın sonunda Türkiyədə keçiriləcək Dünya Kuboku yarışlarında müəyyən olunacaq”.

Baş məşqçi: “Medallar uğrunda mübarizə aparacağıq”

Baş məşqçi vurğulayıb ki, Avropa Oyunlarında iştirak edəcək sərrast atıcılarla yaxından maraqlanırlar: “Bakıya Avropanın ən yaxşı oxatanları gələcək, lakin biz də medallar uğrunda mübarizə aparacağıq. Kamandan oxatma Azərbaycanda yeni idman növü deyil. Bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb. Gözəl ənənələriniz var. Azərbaycan idmançıları uzun illər SSRİ çempionatları və birinciliklərdə yaxşı nəticələr göstəriblər. Məsələn, 2009-cu ildə ölkə çempionatında 18 nəfər iştirak edirdisə, 2015-ci ildə onların sayı 50-ni ötdü. Təkcə bu faktın özü oxatma idmanının inkişafından xəbər verir. Məhz bu yarışlar nəticəsində yığma komandanın heyətini müəyyənləşdirdik. Perspektivli gənc idmançılarımız çoxdur. Qeyd edim ki, hələ keçmiş SSRİ dövründə Azərbaycan idmançılarına məxsus olan 8-9 rekord son bir neçə ildə yenilənib”.

İdman elçisinə ümidlər böyükdür

Ölkəmizi bu mötəbər yarışda kimlərin təmsil edəcəyinə gəlincə, ən potensial iştirakçı sırasında qadınlardan ibarət yığmamızın aparıcı üzvlərindən biri Suğra Müqabilzadənin adı çəkilir. Ona I Avropa Oyunlarında böyük ümid bəslənilir. Xanım idmançı həm də İlk Avropa Oyunlarının 11 idman elçisindən biridir.

Rəqiblərimiz hansı ölkələrdir?

Avropa Oyunlarının kamandan oxatma yarışlarına qatılacaq ölkələrin siyahısı da bəllidir.
Yarışa 11 ölkə 6 idmançı (3 kişi, 3 qadın) ilə qatılmaq hüququ əldə edib. Yığmamız kimi Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna da həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün 3 kvota yerinə yiyələniblər. Bu ölkələrdən fərqli olaraq Sloveniya və Norveç kişilərin, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrə isə qadınların yarışına 3 oxatanla qatılacaq.

Digər ölkələrə gəldikdə, onlar maksimum 2 idmançı ilə paytaxtımıza gələ biləcəklər. Kişilərin yarışına Ermənistan, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San-Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya, Kosovo və Serbiyaya 1 oxatanla qatılmaq hüququ verilib.

Qadınların mübarizəsində isə Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litvaya 1 kvota verilib.

Bahalı ovçuluq - aristokratların “oyunu”

Oxucular üçün bildirək ki, kamandan oxatma daha çox aristokrat idmanı hesab edilir. Bu idman növündəki əsas məqsəd hədəfə doğru düzgün nişan almaqdır. Təbii ki, burada bir qədər güc də önəm kəsb edir. Çünki həmin kamanları çəkməyə güclü bilək lazımdır.

Ovçuluqdan peşəkar idmana doğru

Oxatma özü qədim tarixə malikdir. Qədim dövrdə oxatma ovçuluq və döyüşdə tətbiq olunurdu. Vaxt keçdikcə oxatmanın əsası ovçuluqdan götürülərək bir idman növünə çevrildi. Bu idmanda məqsəd oxu kaman vasitəsi ilə hədəfə atmaqdır.

1931-ci ildə Lvov şəhərində Beynəlxalq Oxçuluq Federasiyasının əsası qoyuldu. Bu quruma hazırda 156 ölkə üzvdür. Bu idman növünə maraq o qədər böyük idi ki, Olimpiya Oyunları tarixinin ilk illərində - 1900-cü ildə Parisdə və 1920-ci ildə Antverpendə bir neçə dəfə oxatmaya proqramda yer ayırdı. Sonra bu idman növü 1972-ci il Münhen Olimpiya Oyunlarında yenidən təqdim olundu. Bundan sonra bu idman növünə olimpiadada daim xüsusi yer ayrılır.

90-cı illərdə unuduldu, 2007-ci ildə əsaslı dönüş oldu

Bəziləri düşünür ki, kamandan oxatma Azərbaycan üçün yeni bir idman növüdür. Amma bu, heç də belə deyil. Dünyada qədim idman növlərindən biri kimi tanınan oxatmanın ölkəmiz üçün də tarixi böyükdür. Bu idman növü Azərbaycanda 1969-cu ildən inkişaf etməyə başlayıb. Hələ o dövrdə oxatanlarımız SSRİ birinciliklərində və çempionatlarında iştirak edib. Təbii ki, nəticə verənlər də olub. Bunun nəticəsində Azərbaycanda bir çox idmançı və beynəlxalq idman ustası hazırlanıb, SSRİ yığmasına cəlb ediliblər. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ölkədəki siyasi-iqtisadi proseslərlə bağlı kamandan oxatma idmanı da inkişafdan qaldı. Uzun müddətdən sonra federasiyanın yenidən yaradılmasına qərar verildi. 2007-ci ildən etibarən vəziyyət əsaslı şəkildə dəyişdi. Bu idman növünün inkişafı üçün idman qurğuları, idman zalları tikildi. Hövsan Olimpiya İdman Kompleksinin bazasında yaradılan şərait də buna misaldır. İdmançıların hazırlanması üçün təbii ki, yaxşı şəraitə ehtiyac var. 2008-ci ildə iş adamı Şahin Mövsümov Azərbaycan Respublikası Milli Kamandan Oxatma Federasiyasının prezidenti seçildi. Bundan sonra onun rəhbəri olduğu şirkət də bu federasiya üçün maliyyə yardımı göstərməyə başladı. Andrey Botrakov baş katib, indiyədək federasiya prezidenti səlahiyyətlərini icra edən Namiq Hüseynov isə vitse-prezident təyin edildi. Azərbaycan yığmasının baş məşqçisi isə Sergey Qospodinovdur.

Bir az gec olsa da, bu idman növü ölkəmizdə artıq məşhurlaşıb. Hətta beynəlxalq turnirlərdə medallar qazananlarımız da az deyil. Buna misal olaraq 2013-cü ildə İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarını göstərmək olar. Bu turnirdə Azərbaycan ikinci yerə çıxıb.

Nərgiz EHLAMQIZI

Foto: Rəşad ABBASOV


Müəllif:

Oxşar xəbərlər