10 May 2015 13:50
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkəmizdə keçiriləcək Avropa oyunları təkcə idman tədbiri deyil, Avropa ölkələrinin, dünyanın Azərbaycana inamı, etibarıdır”.

Bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Heydər Əliyevin 92 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazir Azərbaycanın Avropaya inteqrasiya edən demokratik ölkə olduğunu vurğulayıb: “Bunu prezidentimiz də, ölkəmiz də dəfələrlə sübut edib”.

General-polkovnik K.Heydərov bildirib ki, bir neçə il əvvəl Azərbaycan gərgin vəziyyətdə idi: "Mixail Qorbaçovun rəhbərliyi ilə 1988-ci ildən ölkəmizə, erməni daşnaklarının, separatçılarının Rusiyadan dəstəyi ilə Azərbaycana qarşı təzyiqlər başlamışdı. Məqsəd Azərbaycan torpaqlarını ələ keçirmək idi. Sanki bilirdilər ki, SSRİ dağılacaq. Ona görə də torpaqlarını qanunsuz olaraq bir az da genişləndirmək istəyirdilər. Təsadüfi deyil ki, 1987-ci ildən Dağlıq Qarabağ ətrafında məsələlər başlamışdı. Heydər Əliyev kimi şəxsin SSRİ rəhbərliyindən getməsi onlara pis əməllərini həyata keçirməyə imkan verdi".

K.Heydərovun sözlərinə görə, ölkə daxilində isə bəzi qüvvələr istəmirdilər ki, Heydər Əliyevin xalqın içində olan nüfuzu artsın: "Bakıda o vaxtkı rəhbərlik onun Azərbaycana gəlişini qısqanclıqla qarşıladı. Amma o hara gedirdisə, sadə insanlar onu müşayiət edir və Azərbaycanı xilas etməyi ondan xahiş edirdilər. Sadə xalq Naxçıvana üz tutub həm onu ziyarət edir, həm də onu ümid yeri kimi görürdü. İstəyirdilər ki, Azərbaycan, o cümlədən hər tərəfdən blokadada olan Naxçıvan gərgin vəziyyətdən çıxsın. O vaxt ölkədə hakimiyyət, kreslo davası gedirdi. Hərə özünə silahlı qurum yaratmışdı. Onların məqsədi torpaqları azad etmək, orduya kömək etmək deyil, onlardan şəxsi mənafeləri naminə istifadə etmək idi. Bunlar hamısı gözümüzün önündə baş verirdi".

Nazir qeyd edib ki, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvanda dalğalandı: "Bu da Heydər Əliyevin adı ilə bağlı idi. Bunun simvolik mənası ilə yanaşı, həm də dərin kökləri var. Yaradıcıya, təbiət qanunlarına, tarixə inanırıqsa, bu, belə də olmalı idi. Artıq 12 ildir ulu öndər Heydər Əliyev həyatda yoxdur. Amma bu illər ərzində onun ideyaları üzərində təməli qoyulan ölkə nə qədər məsafələr qət edib, uğurlar əldə edib. Azərbaycan bundan sonra da Heydər Əliyevin qoyduğu xətlə müstəqil, qəti addımlarla irəliləyəcək. Bu gün Azərbaycanın yaxın və uzaq gələcəkdə öz müstəqilliyini təmin etməsi üçün bütün imkanları var".

K.Heydərov vurğulayıb ki, 2005-ci ildə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması, neft-qaz sənayesi, kənd təsərrüfatı və digər sahələrin təhlükəsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır: "Prezident İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirir. Bu gün ölkəmizdə iqtisadiyyatda əldə olunmuş böyük nailiyyətlər və dinamik inkişaf Azərbaycanı dünyada nüfuzlu ölkələrdən birinə çevirib".


Müəllif:

Oxşar xəbərlər