“Biz “Bakı-2015” Avropa Oyunlarına hazırlıq üçün böyük zəhmət çəkmişik, vəsait xərcləmişik. İmkan verməməliyik ki, hansısa qüvvə bu oyunları pozsun”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova bildirib.
Onun sözlərinə görə, əgər kimsə “Bakı-2015” Avropa Oyunlarını pozamağa çalışsa, bu onların öz başında çartlayacaq.
E.Axundova deyib ki, Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi “Bakı-2015” Avropa Oyunları reallaşır: “Artıq bütün Avropa ölkələri öz komandalarını Azərbaycana göndərir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan bu oyunları ən yüksək səviyyədə təşkil edəcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında “Bakı-2015” Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə başa çatıb. Dünyanın demək olar ki hər yerində “Bakı-2015” Avropa Oyunları və Azərbaycanla bağlı təbliğat işləri həyata keçirilir. Düşünürəm ki, Azərbaycan “Bakı-2015” Avropa Oyunları ilə bağlı çox yüksək imic qazanıb. Azərbaycanın düşmənləri isə bu oyunlara qarşı çıxanlardır.
Tarixə diqqət etsək görərik ki, vaxtilə Rusiya, ABŞ və digər böyük dövlətlərə qarşı da bu cür tənqidlər, qarayaxma kampaniyaları aparılıb. Ancaq bununla bəd qüvvələr heç nəyə nail ola bilməyiblər. Bu gün Azərbaycan da güclənir, inkişaf edir. İndi kim istəyər ki, müsəlman ölkəsi olan Azərbaycan bu qədər güclənsin? Hər halda Azərbaycanı gözləri götürməyən qüvvələr var.
Bu gün ABŞ-da insan haqları kobud formada pozulur. Hər gün bu ölkədə qaradərililəri öldürürlər, qaradərili əhali polis işgəncələrinə məruz qalır. Ancaq heç kəsin cürəti çatmır ki, ABŞ-ı tənqid etsin. ABŞ polislərinə baxanda, Azərbaycan polisləri mələkdir. Ancaq bəzi dairələr Azərbaycan polisini qəddar kimi təqdim etməyə çalışır. Bütün bunlar Azərbaycana qarşı həyata keçirilən ikili standartlardır”.