Bakı 2015, 12 iyun tarixində start götürəcək Birinci Avropa Oyunlarının rəsmi xəbər agentliyi olacaq AZƏRTAC-la bu gün tərəfdaşlıq əldə olunduğunu açıqlayıb.
AZƏRTAC jurnalistlər, fotoqraflar və operatorlardan ibarət 50 nəfərlik işçi heyətilə, Oyunların geniş yayımını təmin edəcək yeganə, ən böyük yerli media qurumu olacaq.
Yazılardan və fotoşəkillərdən ibarət hazırlayacaqları yazılar bir neçə dildə olacaq. AZƏRTAC, Azərbaycan dilində video xəbərlər silsiləsi də hazırlayacaq. Bütün məlumatları agentliyin internet səhifəsində yaradılmış “Bakı 2015” bölməsindən əldə etmək mümkündür.
Açılış mərasimindən öncə, AZƏRTAC öz resurslarından həm yerli, həm də beynəlxalq ictimaiyyətdə Birinci Avropa Oyunlarının təbliği üçün istifadə edəcək. Buraya Bakı 2015-də mübarizə aparan idmançılar haqqında həftəlik məqalələr, eləcə də Oyunlar çərçivəsində “uğur hekəyələri”ni təbliğ edən yazılar daxildir.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq AZƏRTAC-la tərəfdaşlıq barədə bunları dedi: “AZƏRTAC-ın Bakı 2015-in rəsmi xəbər agentliyi olmasından məmnunluğumuzu bildiririk və onun ölkə boyunca təmin edəcəyi yayımın bizə Azərbaycanda daha çox insanı idmanla məşğul olmağa ruhlandırmaqda yardım edəcəyinə inanırıq.
Onlar, dünyanın müxtəlif ölkələrində bir milyarddan çox insanın televiziya vasitəsilə izləyəcəyi Avropa Oyunlarının brendini yaratmaqda bizə kömək edərək mühüm rol oynayacaqlar”.
Tərəfdaşlıq barədə danışan AZƏRTAC-ın baş direktoru cənab Aslan Aslanov dedi: “Dünya informasiya məkanında layiqli yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün əlamətdar bir hadisə baş verir. Biz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını – birinci Avropa Oyunlarını təbliğ etməsi üçün “Bakı-2015”in rəsmi tərəfdaşı olmasından böyük məmnunluq duyuruq.
AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan artıq ölkənin xəbər agentlikləri vasitəsilə birinci Avropa Oyunlarının təbliğində fəal iştirak edir, hazırlıq prosesini geniş işıqlandırır. Birinci Avropa Oyunlarının informasiya təminatına 50-dən çox əməkdaşını cəlb edən, eləcə də bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman bayramının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verməyə çalışacaq”.
Bu müqavilənin bir hissəsi olaraq, AZƏRTAC hazırladığı yazılarda və media kanallarında Bakı 2015-in müəyyən olunmuş nişanından və “Bakı 2015 Avropa Oyunlarının rəsmi xəbər agentliyi” adından istifadə etmək və nəşr etmək hüququna sahibdir.