Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli Naxçıvandan başlayaraq respublikamızın bir çox rayonlarından keçməklə mayın 12-də Zərdaba gətirilib.
Azərtac xəbər verir ki, Ana Kürün sahilində yerləşən Zərdab şəhərinin Bayraq meydanında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Minlərlə zərdablının sevinc dolu sürəkli alqışları və gül-çiçək yağışı altında rayonun fəal gənclərindən olan Bəxtiyar Nurəliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
Beləliklə məşəlçilərin yürüşü başlandı. On məşəlçi yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Azərbaycan, Ramiz Kərimov küçələrindən keçməklə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev-muzeyinə, sonra isə Qələbə meydanına gəldilər. Məşəlçilər burada gəmiyə minərək Kür çayında gəzintiyə çıxdılar. Avropa Oyunlarının məşəli daha sonra şəhərin Zərdabi küçəsi, Dədə Qorqud meydanı və Heydər Əliyev prospektindən keçməklə Heydər Əliyev parkına gətirildi. Parkda yürüşçülər hərarətli alqışlarla qarşılandılar. Şəhərdə 3,5 kilometr məsafə qət edən idmançılar səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdılar.
Karatenin VKC növü üzrə dünya və iki qat Avropa çempionu, idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sonuncu kurs tələbəsi Nərmin Camalzadənin yandırdığı ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi. Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı Zərdab sakinlərinə və qonaqlara ikiqat bayram sevinci yaşatdı. İlk Avropa Oyunlarının məşəli Zərdabdan Tərtərə yola salındı.
Rayonun 82 yaşlı sakini, “Şərəf nişanı” ordenli, Zərdab rayon Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Hüseyn Həsənov “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin Zərdaba gətirilməsindən duyduğu sevinci bölüşərək dedi: “Birinci Avropa Oyunları kimi möhtəşəm beynəlxalq idman yarışının Vətənimizdə keçirilməsindən fərəh duyuram. Bu, hər şeydən əvvəl Azərbaycanın beynəlxalq nüfuzundan, bu cür möhtəşəm tədbirlərə ev sahibliyi edə biləcək qədər qüdrətli olmasından irəli gəlir. Müasir Azərbaycanın qısa zamanda belə böyük uğurlara nail olması sanki bir möcüzədir. Bu nailiyyətlər, əlbəttə, ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin, onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyinin bəhrəsidir. Çox xoşbəxtik ki, Zərdab rayonu da bu gün ilk Avropa Oyunlarının məşəlini qarşılamaqla öz tarixinə daha bir parlaq səhifə yazdı. Zərdab rayonu çox təntənələrə şahidlik edib. Amma bugünkü mərasimin rayonumuzun tarixində xüsusi yeri var”.
Rayon sakini, ziyalı Elçin Şirinov isə sevincini belə ifadə etdi: “İlk Avropa Oyunlarının məşəlinin neçə-neçə bölgədən keçərək Həsən bəy Zərdabinin yurduna gətirilməsini, bununla əlaqədar keçirilən təntənəli mərasimi heç vaxt unutmayacağam. Bu, əsl bayram, rayonumuzun tarixində unudulmaz, möhtəşəm bir gündür. Belə bir təntənəli mərasimin iştirakçısı olmaqdan qürur duyuram. Əlbəttə, şübhə yoxdur ki, ölkəmiz hələ bundan sonra da bu kimi bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edəcək”.