12 May 2015 17:23
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlbəttə, bu kimi beynəlxalq tədbirlərin Bakıda təşkil olunması Azərbaycanın mövqelərini gücləndirir. Eləcə də, bura gələn turistlər Dağlıq Qarabağ probleminin səbəbi, indiki durumu və reallıqlar haqqında ətraflı informasiyalar əldə edə biləcəklər. Başqa sözlə, bu tədbirin dolayısı yolla problemin həllinə köməyi olacaq. Ən azından Azərbaycanla bağlı maraqlanan insanlar biləcək ki, ərazimizin 20 faizi işğala məruz qalıb, yüz minlərlə insan evlərindən didərgin salınıb, irqi və dini ayrı seçkiliyin qurbanı olub. Biləcəklər ki, Qarabağ Azərbaycanın torpağıdır”.

Bunu Teleqraf.com-a müsahibəsində Demokratik Azərbaycan Dünyası Partiyasının qurucusu, siyasi şərhçi Məmməd Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Bakıda keçiriləcək I Avropa Oyunlarına münasibətiniz necədir?
- Bu, çox mühüm tədbirdir. Belə mötəbər idman tədbiri Avropa məkanında ilk dəfədir keçiriləcək və paytaxtımızda baş tutacaq. Yəni, bu faktın özü bir tarixdir. Bizim bu məsələyə mövqeyimiz və münasibətimiz birmənalıdır. Azərbaycan vətəndaşı olaraq qürur və şərəf hissi keçirirəm. Birincisi, Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və dünyəvi dövlət olaraq beynəlxalq ictimaiyyətdə tanınması mühüm haldır. Vaxtilə mərhum prezident Heydər Əliyev bu istiqamətdə ciddi addımlar atmışdı. Cənab Prezidentin apardığı sistemli və məntiqli siyasətin nəticəsində isə bu gün hər bir Avropa ölkəsində, dünyanın hər yerində Azərbaycan tanınır, bilinir və ölkəmizlə bağlı müxtəlif fikirlər səslənir. Hesab edirəm ki, belə mötəbər tədbirlərin təşkili özü yüksək peşəkarlıq tələb edir. Azərbaycan bu Oyunları ilk dəfə keçirməsinə baxmayaraq, yüksək peşəkarlıq nümayiş etdirir, böyük infrastruktur işləri həyata keçirir. Biz bu prosesi dəstəkləyirik. Azərbaycan əhalisinin 99 faizi bütün bunlarla bağlı müsbət fikirlər yürüdür.

- Bu mühüm tədbirin Azərbaycanda keçirilməsinin hansı əhəmiyyəti var?
- Birincisi, Azərbaycan dünyada tanınır, özünü təqdim edir. İkincisi, Azərbaycan bu Oyunları təşkil etməklə tarixə düşür. Özünü bir daha isbat etmiş olur. Bunlar sadə məsələlər deyil. Bu Oyunların Bakıda keçirilməsi çox ciddi hadisədir. Azərbaycan dünyəvi, demokratik ölkə olduğunu ortaya qoyur, ölkəmizdə gedən möhtəşəm işləri Avropadan gələnlər də görəcək. Nəzərə alın ki, bura gələn əcnəbilər Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi ilə tanış olacaqlar. Mən ötən gün Gül bayramında bəzi ziyarətlərdə iştirak etmişəm. Bakıya gələn xarici turistlərin şəhərimiz haqqında dedikləri fikirlər sevincdən insanı kövrəldir. Bu, bizim qürurumuz, sevincimizdir. Biz uzun illər bunu arzu etmişik ki, dövlətimiz və şəhərimiz haqqında müsbət fikirlər səsləndirilsin. Artıq indi bunu görürük. Bu mənada I Avropa Oyunları da hər bir vətəndaşımızın qürur duyacağı hadisədir. Həm də, bu tədbir ölkəmizin imicinə yüksək təsir edəcək. Gəlin, açıq danışaq. Bizə qonşu olan Ermənistan, Gürcüstan, Rusiya və Avropa dövlətləri ilk baxışdan Azərbaycanla bağlı müsbət yanaşmalar ifadə etsələr də, alt qatlarda Azərbaycanı antidemokratik ölkə kimi təqdim edirlər. Hesab edirəm ki, I Avropa Oyunlarından sonra, bura gələnlər görəcək ki, Azərbaycan sivil, demokratik ölkədir, insan haqlarına hörmət qoyulur. Təsadüfi deyil ki, ötən əsrdə bir çox ölkələrdə demokratiya anlayışı olmayanda, Azərbaycan demokratik yanaşmalar sərgiləyib. Bu gün isə bir daha sübut edirik ki, islam dövləti olmağımızla yanaşı Avropa çapında da böyük işlər görə bilərik. Elə bu günə qədər də görmüşük.

- Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Qarabağ probleminin həllinə necə təsir göstərəcək?
- Deyə bilmərik ki, bu yarışdan sonra problem həll ediləcək. Çünki bu doğru yanaşma olmazdı. Əlbəttə, bu kimi beynəlxalq tədbirlərin Bakıda təşkil olunması Azərbaycanın mövqelərini gücləndirir. Eləcə də, bura gələn turistlər Dağlıq Qarabağ probleminin səbəbi, indiki durumu və reallıqlar haqqında ətraflı informasiyalar əldə edə biləcəklər. Başqa sözlə, bu tədbirin dolayısı yolla problemin həllinə köməyi olacaq. Ən azından Azərbaycanla bağlı maraqlanan insanlar biləcək ki, ərazimizin 20 faizi işğala məruz qalıb, yüz minlərlə insan evlərindən didərgin salınıb, irqi və dini ayrı seçkiliyin qurbanı olub. Biləcəklər ki, Qarabağ Azərbaycanın torpağıdır. Bunun özü mühüm məsələdir. Biz ermənilərlə savaşırdıq. Savaşın ikinci mərhələsində milli lider Heydər Əliyev sülh sazişi imzaladı və beləliklə də ideoloji istiqamətdə savaş başlatdı. Heydər Əliyev ideoloji savaşı başladanda İlham Əliyev Avropa Şurasının vitse-prezidenti seçildi və ideoloji savaşda önə çıxdı. Beləcə, Azərbaycan ideoloji savaşda addım-addım önə çıxdı, irəlilədi. Biz bu gün həmin fəaliyyətin nəticəsini görürük. Əgər Azərbaycan BMT Təhlükəsizlik Şurasında rəhbərlik edirsə, Avropa Oyunları paytaxtımızda keçirilirsə, bu önə çıxmaq deyilmi? Həm də, bilirik ki, bu mübarizədə bizim yeganə düşmənimiz Ermənistan deyil. Bizim yaxın və uzaq düşmənlərimiz var. Bir çox ölkələr Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyir. Bu məqsədlə də, müxtəlif oyunlar qururlar. Onlar heç də istəmir ki, I Avropa Oyunlarını Azərbaycan möhtəşəm şəkildə təşkil etsin və müstəqil ölkə kimi bir qədər də güclənsin. Ümumən qalib gəlməyin iki yolu var. Birinci yolu ələ silah alaraq döyüşməkdir. İkinci yol isə güclü iqtisadi inkişaf və demokratiya yoludur. Azərbaycan isə demokratiya və iqtisadi inkişaf yolunu seçdi. Ermənilər Bakının necə inkişaf etdiyini, regionlarımızın vəziyyətini görürlər. İndilikdə bizim seçdiyimiz yol doğrudur, bu yol dünyadakı erməni qalalarını dağıdıb. Onlar zamanında elə qalalar tikmişdilər ki, dünyaya çıxmağımıza imkan vermirdilər, əleyhimizə ciddi kampaniya aparırdılar. Ancaq Xocalı soyqırımı ilə bağlı apardığımız fəaliyyət saxta “soyqırım”la bağlı Türkiyənin üzərinə yapılan basqıların üzərindən xətt çəkdi.


- Bəzi qüvvələr I Avropa Oyunlarının boykot edilməsi haqda çağırışlar edir. Bunu necə qiymətləndirmək olar?
- Bütün bunlar gözlənilən idi və hər zaman da olacaq. Buna görə ruhdan düşməyə dəyməz. “Eurovision” mahını müsabiqəsi öncəsi də, bu kimi çağırışlar eşitdik. Hansısa kampaniyalar apardılar, ölkəmizi gözdən salmağa çalışdılar. Ancaq gördüyünüz kimi, bu kampaniyaların heç bir effekti olmadı. Əvəzində çox yüksək şəkildə mahnı müsabiqəsi keçirildi, bura gələn əcnəbilər də Bakıdan xoş təəssüratla ayrıldılar. Əlbəttə, indi I Avropa Oyunları ilə bağlı bu kimi çağırışlar eşidirik. Əslində, bütün bunlar sanki it hürər, karvan keçər məsəlinə bənzəyir. Azərbaycan bu gün öz yolu ilə gedir. Kim nə deyir, desin. Biz milli mənəvi dəyərlər və dövlətçilik xəttinin aparıldığını görürük. Cənab Prezident bu iki xətti öz şəxsiyyəti ətrafında birləşdirməyi bacarıb. Heç kəsdən də çəkinmək lazım deyil. Həm də, anti-Azərbaycan kampaniyası təkcə xaricdə aparılmır, sapı özümüzdən olan baltalarımız da Azərbaycanın uğurlarına sevinmirlər. Onlar bizim içimizdədir.

- İçimizdə olanların məqsədi nədir?
- Bunun bir neçə səbəbi var. Bir səbəbi odur ki, onlar qərəzlidir, hakimiyyət hərisidirlər. Zamanında özləri hakimiyyətdə olsalar da, hakimiyyəti saxlaya bilməyiblər. İndi isə iddialı mövqedə dayanırlar. Ən əsası isə bu qüvvələr “Atam mən kor deyib, gəlib-gedənə vur deyib” prinsipindən əl çəkə bilmirlər. Bunlar hər zaman öz ətrafını aldadırlar ki, hakimiyyətə gələcəyik və s. Bu yolla 5-10 nəfəri yanlarında saxlayırlar. Ancaq anlamırlar ki, onları hakimiyyətə gələ bilməyəcəklər. Çünki Azərbaycanda o qədər möhtəşəm işlər, böyük layihələr, tikintilər həyata keçirilib ki, xalqımız bütün bunları görür və cənab Prezidentin ətrafında birləşib. Bu səbəbdən də, həmin qüvvələr məqsədli və qərəzli şəkildə Azərbaycanda keçiriləcək istənilən mühüm tədbiri baltalayırlar. Yəni hakimiyyət hərisliyi onlara imkan vermir ki, vətəndaş mövqeyində dayansınlar. Buna da adi hal kimi baxmaq lazımdır, lakin bu yaxşı hal deyil. Onlar kökü bizə oxşayan, amma damarlarında başqa qan axan insanlardır.

- Xaricdə Azərbaycana qarşı kampaniya aparanların məqsədi nədir?
- Onların da səbəbi var. Baxın, Azərbaycan güclü, demokratik və nüfuzlu dövlət olacaqsa, onların istədiyi getməyəcək. Üstəlik Azərbaycan bu halda ikinci bir Türkiyə olacaq və ya türk dünyasının qızıl körpüsü rolunda çıxış edəcək. Əlbəttə, qızıl körpünün effektiv olması daha çox Türkiyə-Azərbaycan münasibətlərinin güclü olmasından asılıdır. Bu zaman Orta Asiya ölkələri türk məfkurəsi, ərəb ölkələri isə islam məfkurəsi çətiri altında birləşəcək. Ola bilsin ki, bunu da gözü götürməyən qüvvələr var. Etiraf etməsələr də, dünyada xristian-islam qarşıdurması mövcuddur. Bu gün islamın sipəri türk dünyasıdır. Əvvəl ərəb düşüncəsi ortaya qoyulurdu, ancaq islamı türkün düşüncəsi inkişaf etdirib, mənəvi zənginliklər gətirib. Bu mənada Azərbaycan güclü olarsa, Türkiyə-Azərbaycan münasibətləri güclənəcək, bundan dünyada yaşayan 50 milyonluq soydaşımız aktiv olacaq, İrandakı qardaşlarımız güclənəcək, Bakı-Tehran münasibətləri irəli gedəcək. Bu gün Azərbaycan-İran arasında dostluğun yaranmasını istəməyənlər də çoxdur. Bütün bunları istəməyən kimlərdir? Sözsüz ki, xristian aləmi. Düşünürlər ki, türklər güclənər. Hesab edirəm ki, xarici qüvvələrin maraq çərçivəsində güclü Azərbaycan yoxdur. Odur ki, onlar çalışırlar ki, Azərbaycan inkişaf etməsin, qabağa getməsin, güclü olmasın.

- Xarici və daxili qüvvələrin fəaliyyətinin nəticəsi ola bilərmi?
- Onların anti-Azərbaycan fəaliyyətinin heç bir nəticəsi olmayacaq. Kimsə bununla bağlı cəhdlər edəcək. Ancaq dövlətimizin keşiyində duran hüquq mühafizə orqanlarımız var. Odur ki, bu qüvvələrin fəaliyyəti heç bir effekt yarada bilməz. Əgər onların hansısa hərəkəti, xüsusilə qanundan kənar addımları olacaqsa, buna anında cavab veriləcək. Dövlətimiz güclüdür, bu Oyunların təşkili üçün hər cür şərait yaradılıb, ciddi təbliğat işləri həyata keçirilir. Hesab edirəm ki, Oyunlar yüksək səviyyədə keçiriləcək. Bu da Azərbaycanı sevənləri sevindirəcək, düşmənlərimizi isə kədərləndirəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər