14 May 2015 00:41
529

Bu gün Polşanın Varşava şəhərində yerləşən Yuzef Pilsudski adına İdman Akademiyasında “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə İdman Akademiyasının rektoru prof. Andjey Mastalej, müəllim və tələbə heyəti iştirak edin. Səfir Həsən Həsənov çıxışında tədbir iştirakçılarına ölkəmizin son illər əldə etdiyi uğurları, müasir standartlara cavab verən turizm infrastrukturundan danışıb və Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının respublikamız üçün əhəmiyyəti haqqında məlumat verib. Bildirilib ki, qısa vaxt ərzində Azərbaycanda I Avropa Oyunlarına ciddi hazırlıq işləri görülüb və ölkəmizdə müasir üslubda tikilən Olimpiya Stadionu və digər müasir idman qurğuları idmançıları qəbul etməyə hazırdır.

Səfir Avropa Oyunlarının xalqlar arasında qardaşlıq və beynəlxalq dostluğun gücləndirilməsi baxımından çox faydalı olacağına inandığını diqqətə çatdırıb.

Tədbirdə I Avropa Oyunları ilə bağlı polyak dilində hazırlanmış açıqcalar, Azərbaycan və polyak dillərində danışıq kitabçaları paylanıb, videoçarxlar nümayiş etdirilib.

Sonda I Avropa Oyunlarına həsr olunmuş sərginin açılışı olub və Azərbaycan təamlarından ibarət ziyafət verilib.


Müəllif: