Bakının mötəbər bir yarışa ev sahibliyi edəcəyi günlərə az qalıb. I Avropa Oyunları zamanı paytaxta çox sayda turist axını gözlənilir. Ölkəmizə ilk dəfə gələn qonaqlarda Bakı haqqında xoş təəssürat yaratmaq üçün şəhərin təmizliyi də həlli vacib məsələlərdən biridir. Çoxsaylı insanların olduğu tünlük şəhərin təmizliyini qorumaq asan deyil.
Artıq Bakının müxtəlif rayonlarında bununla bağlı layihələrə start verilib.
Bakının bir necə rayonunun icra hakimiyyəti ilə əlaqə saxlayıb görülən işlər barədə məlumat aldıq.
Nərimanov Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirdilər ki, həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə rayon ərazisində iş davam etdirilir.
İnşa edilən Olimpiya stadionunun ətrafında, xüsusilə, Ziya Bünyadov prospekti boyu ərazilərdə geniş abadlıq və quruculuq işləri aparılır, həmçinin rayon ərazisində yerləşən müəssisələrin ətraf əraziləri abadlaşdırılır, yaşıllıqlar salınır, sanitar-təmizlik işlərinə diqqət yetirilir, rayonun prospekt və küçələrinin asfalt örtüyü bərpa olunur, binaların fasad hissələrindən, eyvanlardan artıq element və əşyalar yığışdırılır.
Bundan başqa, yolların kənarlarında mövcud yaşıllıqlara qulluq edilir, qurumuş ağaclar kəsilir, budanılaraq zövq oxşayan görkəmə salınır, park və xiyabanlarda səliqə-səhman yaradılır, oturacaqların təmir olunur, fəvvarələrin işlək vəziyyətdə olması üçün zəruri tədbirlər görülür, qanunsuz köşklər yığışdırılır.
Rayon ərazisində fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən əsaslı tikinti işləri zamanı inşaat meydançasının hasarla əhatə olunması təmin edilir, ətraf ərazilərə toz-torpağın yayılmasının qarşısı alınır, eləcə də, texniki-kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işləri məhdudlaşdırılır.
Nizami Rayonu İcra Hakimiyyətindən də I Avropa Oyunlarına hazırlıqla bağlı müşavirə keçirildiyini və tədbirdə rayonda təmizlik işlərinin aparılmasına xüsusi diqqət yetirilməsinə diqqət ayrıldığını dedilər.
Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramovun sözlərinə görə, rayon ərazisində, eləcə də istirahət obyektlərində sanitar təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görülüb: “Təkcə parklarda, xiyabanlarda deyil, ictimai iaşə obyektlərində və digər vacib yerlərdə də təmizlik işlərinə xüsusi diqqət edilməsi barədə tapşırıqlar verilib. Düzdür, rayon ərazisində təmizlik, sanitar-gigiyenik qaydalara riayət olunması hər zaman prioritet olub.
Lakin nəzərə almalıyıq ki, I Avropa Oyunları ərəfəsində paytaxta müxtəlif ölkələrdən xeyli sayda qonaqların gəlişi bu sahəyə diqqət ayrılmasını vacib edir. İctimai asayişin təmin edilməsi, xoşagəlməz hadisələrin baş verməməsi üçün profilaktik tədbirlərin görülməsi, qonaqların olimpiada dövrü müddətində rayonda olduqları zaman onlara göstəriləcək xidmətlərin yüksək səviyyədə olması üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Əsas yarışların keçiriləcəyi bəzi komplekslər Səbail rayonunda yerləşdiyindən burada da I Avropa oyunlarına ciddi hazırlıq gedir.
Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, “Velopark”da və Dövlət Bayrağı Meydanındakı “Kristall-Holl”da müxtəlif idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub: “Səbail rayonunda həm də şəhər sakinləri və qonaqlarının sevimli istirahət yerləri var. Dənizkənarı Milli Park, ”İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğu, Dövlət Bayrağı Meydanı, “Fəxri Xiyaban”, “Şəhidlər Xiyabanı”, həmçinin 3 park və 12 istirahət bağı, 48 mehmanxana, 7 teatr, filarmoniya, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi yerləşir.
Qeyd olunan istirahət və əyləncə yerləri də bu böyük idman yarışına hazırlaşır və onların hər birində ilk Avropa Oyunlarınına hazırlıqla bağlı müvafiq tədbirlər həyata keçirilir".
Qurumdan rayondakı əsas prospekt və küçələr boyu geniş abadlıq və quruculuq işlərinin aparıldığını dedilər: “Həmçinin yaşıllıqların salınması və sanitariya-təmizlik işlərinin görülməsi diqqətdədir. Mayın sonunadək rayonda aparılan təmir-abadlıq işləri yekunlaşacaq”.
Suraxanı rayonunda da Avropa Oyunlarına hazırlıq işləri davam etdirilir, iməciliklər təşkil edilir. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, hazırlıq işləri ilə əlaqədar rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulması işləri artıq yekunlaşıb.
Əmircan qəsəbəsinin Vladimir Balandin, Neftçi və Malik Mustafayev küçələrində yenidənqurma işləri davam etdirilir. Rayonda silsilə tədbirlər, o cümlədən abadlıq-quruculuq işləri aparılır, müxtəlif yerlərdə ağaclar əkilir.
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, qəsəbələrin icra və bələdiyyə nümayəndələri və sakinlərin iştirakı ilə müvafiq təmizləmə işləri davam etdirilir, ətraf ərazilər məişət tullantılarından təmizlənir, texnika ilə yol kənarlarında hamarlanma işləri görülür.
Qurumdan bildirdilər ki, ötən il rayon ərazisində 8 min, o cümlədən birinci “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində 4 min 700 ting əkilib.
Naibə Qurbanova