14 May 2015 13:00
3 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına İdman Arenası Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə hazırdır

Bakının Tbilisi prospektində yerləşən və paytaxtın memarlıq incilərindən biri sayılan Heydər Əliyev adına İdman Arenası Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə hazırlaşır. Yəqin çoxları altı mərtəbəli bu arenada hansısa tədbir çərçivəsində olub və onun füsunkarlığı ilə tanışdır.

Qısa arayış verək ki, Heydər Əliyev adına İdman Sarayı 1977-ci ildə inşa edilib. Arena 2004 və 2015-ci illərdə rekonstruksiya olunub. “Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar görülən işlər fevraldan tamamlanıb.

Avropa Oyunları ilə əlaqədar aparılan təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb. Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb.

“Cənab Prezident bu idman kompleksini bəyəndi”

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin obyektin idarə olunması üzrə mütəxəssisi İlkin Babayev söylədi ki, I Avropa Oyunları üçün müvəqqəti olan çadırlar, inşa edilən müvəqqəti tikililər mart ayından hazırdır: “Apreldə güləş üzrə test yarışları oldu. 13 ölkədən idmançılar öz güclərini sınadılar. Obyekt Oyunların keçirilməsi üçün hazırdır, artıq açılış da olub və arena Əməliyyat Komitəsinə təhvil verildi. Cənab Prezident İlham Əliyev şəxsən özü obyektlə tanış oldu. Bildiyimə, görə obyekti bəyənib. 3 idman növü - güləş, sambo və cüdo üzrə yarışlar məhz bu idman kompleksində keçiriləcək”.

Onun sözlərinə görə, arenada minə yaxın atlet yarışacaq: “Heydər Əliyev adına İdman Arenasının ümumi tamaşaçı tutumu 7700-dür. Oyunlar zamanı güləş və sambo yarışlarını 5, cüdonu isə 4 min nəfər izləyəcək. Güləş üzrə oyunlar iyunun 13-dən 18-dək, sambo isə gələn ayın 22-də olacaq. Cüdoçuların yarışı isə iyunun 25-ən 28-dək davam edəcək”.

“Arenamıza gələnlər təəccüblənir”

Mütəxəssis 350 VİP qonaq gözlədiklərini dedi: “Arenamıza gələnlər təəccüblənir. Həm idmançılar, həm hakim və məşqçilər test yarışlarının səviyyəsindən çox razı qaldılar”.

Arenaya səfərimiz zamanı əsas yarış zalında podium sambo üçün quraşdırılmışdı. İlkin Babayev qeyd etdi ki, cüdo və sambo üçün quraşdırılmış podium eyni olacaq, “mat” isə dəyişdiriləcək, güləş üçün isə podiumun özü də dəyişiləcək: “Bunun üçün isə 1 gün vaxt lazımdır. Güləş üçün konstruksiya 8 bucaq olduğuna görə, sökülüb yenisi yığılacaq. Dəmir konstruksiyanın üstünə taxtalar yığılıb və döşək taxılıb. ”Matlar" A, B və C adlanır. Gözləmə məntəqəsində və isinmə otağında idmançılar hansı matda çıxış edəcəyini əvvəlcədən biləcək".

Atletlər 3 tatami üzərində yarışacaq

Onun sözlərinə görə, yarış zalı ilə yanaşı, sahəsi 1500 kvadratmetr olan isinmə zalı da fəaliyyət göstərir: “İsinmə zalının yanında isə soyunub-geyinmə otaqları və saunalar inşa olunub. Zalda xüsusi masaj stolları quraşdırılıb. İsinmə zalında 4, yarışların keçiriləcəyi əsas zalda isə 3 döşək yerləşdirilib. Yarışların başlanmasından 2 saat əvvəl idmançılar obyektə gələcəklər. Hər yarışdan əvvəl idmançılar çəkilərini dəyişmək üçün saunalardan istifadə edəcəklər. Burada televizior da var. Yarışlar zamanı radio vasitəsilə növbəti çıxış edəcək iki idmançının adı çağırılacaq. Arenanın yanında daha bir gözləmə yeri var. İdmançı soyumasın deyə son məşqini edib sonra tatami üzərinə qalxacaq”.

“CNN-dən jurnalistlər gəlmişdi, rahat işlədilər”

İdman Sarayının məşq zalı ən müasir səviyyədə qurulub. Burada püşkatma, dopinq yoxlama, tibb məntəqələri, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Burada medianın fəaliyyəti üçün xüsusi oturacaqlar quraşdırılıb. İdman obyekti Wi-Fi ilə təmin olunub.

İ.Babayev söylədi ki, test yarışı zamanı CNN-dən qonaqlar gəlib: “Jurnalistlər rahat işlədilər. Sürətli internet var”.

Mütəxəssisin sözlərinə görə, yarışlar zamanı ümumilikdə mühafizə xidmətinin əməkdaşları, Avropa Oyunları Əməliyyat Komitəsinin işçiləri, müqavilə ilə çalışanlar və könüllülərlə birgə 1878 nəfər çalışacaq. Onlar 2 növbədə işləyəcək.

Arenadakı yarışlar zamanı idmançıların qidasına da önəm veriləcək. Ümumi sahəsi 700 kvadrat metr olan yeməkxana sonradan iki yerə bölünüb. Texniki heyətin iyunun 12-də keçirəcəyi böyük görüş üçün otaq lazım olub. Bu səbəbdən də salon iki yerə ayrılıb.

İ.Babayev onu da əlavə etdi ki, texniki heyət ayın 12-də iclasını saat 16.00-da qurtaracaq, 17.00-da isə idmançılar bu idman kompleksinə çəkilərini yoxlamağa gələcəklər. Bir sözlə, idmançılarla texniki heyət bir-biri ilə üzləşməyəcəklər.

Cüdo, sambo və güləş idman növlərinin tarixi və ölkəmizdəki inkişafı ilə oxucularımıza maraqlı məlumatları çatdırırıq.

Zədələri azaltmaq, zərbələri ləğv etmək üçün yaradılan idman

Cüdo yapon döyüş sənətlərindən biridir. Bu idman növü Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Ciqaro Kano tərəfindən 1882-ci ildə yaradılıb. Hazırda sevilən və böyük maraq göstərilən cüdo I Avropa Oyunlarının proqramına da salınıb. Yarışlarda 350-dən çox cüdoçu iştirak edəcək. Kişi və qadın idmançılar fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Çoxsaylı idman oyunlarından birincisidir ki, ilk dəfə Avropa miqyasında gözdən əlil idmançılar arasında da cüdo yarışı keçiriləcək. İlk Avropa Oyunlarında keçiriləcək cüdo yarışlarında iştirakçılara 18 medal dəsti təklif olunacaq.

O dövrdə ciu-citsu tək Yaponiyada deyil, bir çox ölkələrdə geniş yayılmışdı. Yaponların milli idman növü sayılan əlbəyaxa-silahsız döyüş növü olan ciu-citsu məşğələlərini, yarışlarını idmançılar böyük zədələrlə bitirirdi. Bu səbəbdən mütəxəssislər düşünür ki, bu zədələrlə başa vurulan idman gənclərin fiziki tərbiyəsinə yönəldilmiş növ ola bilməz. Yaponiya məktəblərində müəllim kimi fəaliyyət göstərən Ciqaro Kanonu gənclərin fiziki və mənəvi tərbiyəsi həmişə ciddi şəkildə düşündürürdü. Bu səbəbdən o, belə qənaətə gəlir ki, gənclərə yeni, zərbələrsiz və fəndləri bir o qədər zədələnmələrə səbəb olmayan bir idman növü lazımdır. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri ləğv edərək yeni idman növünü yaradır. Həmin idman növünə cüdo adı verilir (“cü” - elastik, yumşaq, “do” - yol, prinsip).
1964-cü ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən yaponlar cüdonun bu proqrama daxil olunmasına nail olurlar və indiyə qədər də bu, davam edir.

Ölkəmizdə yapon döyüş sənəti

1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun ölkə ərazisində yayılması haqqında qərar verir. Elə həmin il Azərbaycanda da Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edir. 1980-ci ildən bəri federasiya rəhbərliyində xeyli dəyişikliklər baş verib.

Azərbaycan cüdosunun ən məşhur simaları

1992-ci ildə Barselonada keçirilən Olimpiadada MDB yığmasını təmsil edən idmançımız Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionudur. Eyni uğuru 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Elnur Məmmədli təkrarlayır. Paralimpiyaçı cüdoçu İlham Zəkiyev isə 2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu olmaqla və uğurlarını hələ də davam etdirməklə əfsanə idmançılar sırasına adını yazdırıb.

1996-cı ildən Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidentidir.

İdman müəllimlərinin yaratdığı döyüş sənəti

Sambo da cüdo kimi silahsız özünü müdafiə etmə döyüş sənətidir. Ancaq sambonun vətəni Yaponiya yox, SSRİ sayılır. Sambo sözünün hərfi mənası üç rus sözünün baş hərflərinin birləşməsindən əmələ gələrək (samozaşita bez orujiya) “silahsız özünümüdafiə” deməkdir. Sambonun yaranma tarixi rəsmi olaraq, 1938-ci il 16 noyabr sayılır. Həmin tarixdən etibarən Ümumitiffaq Bədən Tərbiyəsi və İdman Komitəsinin əmri ilə sambo dəyərli idman növü hesab edilir. Cüdo, ciu-citsu və güləşin qatı qarışığı olan bu idman, eləcə də, Avropa və Asiyadan çoxlu müxtəlif güləş üsullarını özündə birləşdirir.

70-dən çox idmançı 8 medal dəsti uğrunda

Vaxtilə Sovet Ordusu tərəfindən yaradılan bu idman növü ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları proqramına da salınıb. Sambo yarışları kişi və qadınlar arasında 8 ayrı çəki üzrə keçiriləcək. Ümumilikdə 70-dən çox idmançı 8 medal dəsti uğrunda mübarizə aparacaq.

Qumluqdan tatamiyə qədər

Güləşin tarixi isə qədimdir. Məlumatlara görə, hələ eramızdan əvvəl Misirdə güləşlə məşğul olurmuşlar. Yunanlar və romalıların da ən çox sevdiyi məşğuliyyətlərdən sayılırmış. O dövrün güləş meydançaları də fərqli idi. Bu idmanla məşğul olanlar xüsusi hazırlanmış qumluqda güləşməli idilər. İndi olduğu kimi, o dövrdə də hər güləşçinin sevimli bir fəndi vardı. Qaydalara görə əsas hədəf rəqibin kürəyini yerə vurmaq idi.

Xalqımızın yaddaşında olan “milli güləş” tarixən daha qədimdir. Bu milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda, dastanlarda rast gəlmək olar. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə - zorxanalarda keçirilirdi. 20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşları dünyada tanınırdılar.

Ən çox medal onlardan gözlənilir

480 kişi və qadın güləşçi 24 müxtəlif çəki kateqoriyası üzrə yunan-Roma və sərbəst güləş üslublarında mübarizə apararaq coşğun kütlə qarşısında Avropa Oyunlarının qalibi adını qazanmaq imkanı əldə edəcək. Hazırda beynəlxalq turnirlərdə medal qazanacağına ən çox etimad göstərilən qurumlardan biri məhz Azərbaycan Güləş Federasiyasıdır. Azərbaycanda keçiriləcək mötəbər turnirdə - İlk Avropa Oyunlarında onlara böyük ümidlər bəslənilir.

Nərgiz EHLAMQIZI

Foto: Rəşad ABBASOV


Müəllif:

Oxşar xəbərlər