I Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin ciddi təmin edilməsi və sərnişinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün Heydər Əliyev Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstər'cək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.
O bildirib ki, I Avropa Oyunları ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanında ciddi təhlükəsizlik tədbirləri görülüb: “Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bu günlərdə Fransa istehsalı olan, ən müasir tipli RSM markalı radar və hava hərəkətini idarəetmə qülləsi quraşdırılıb. Eləcə də, aeroport ərazisində aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə 10850 m uzunluğunda DTR-2000 sistemli elektron mühafizə hasarı çəkilib. Aeroportu yüksəkgərginlikli elektrik enerjisi ilə təmin edən dəmir-betondan olan kabel kanalları 2500 m uzunluğunda məsafədə yenidən qurulub”.
M.Səfərli qeyd edib ki, Bakıya gələn qonaqlara xidmətin səviyyəsini yüksəltmək məqsədilə bir sıra digər tədbirlər də görülüb: “Sərnişinlərə gecə vaxtı göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə aeroportun perron və vağzalyanı ərazilərində 12 ədəd proektor qüllələri quraşdırılıb. Aerodrom ərazisi və aeroport daxilindəki yollar yenidən rənglənib, yolların ətrafında yaşıllaşdırma və abadlıq işləri aparılıb. Qalınlığı 40 sm, ümumi sahəsi 4500 kv.m asfalt-beton olan 8 ədəd əlavə təyyarə dayanacağı tikilib. 1 nömrəli terminalın vağzalyanı sahəsində 850 minik avtomobili üçün dayanacaq tikilib. Perron genişləndirilib. Sərnişinlər və xidməti personallar üçün şüşə paket və üstüörtülü avtobus dayanacağı tikilib. Bundan əlavə, “duty free”lərdə sərnişinlərə Azərbaycana aid satılacaq məhsulların çeşidi artırılacaq. Əcnəbi qonaqlar burada Azərbaycanın kiçik ölçülü xalçalarından tutmuş, şərablarınadək əldə edə biləcəklər”.
”AZAL”ın xidmət rəhbəri bildirib ki, artıq aeroport ərazisində və sərnişindaşıma terminallarında I Avropa Oyunlarının reklamları yerləşdirilib, turniketdə isə Oyunların loqosunu əks etdirən alov yanır.
O, həmçinin deyib ki, I Avropa Oyunları ilə əlaqədar daxili hava reyslərinin qrafikində hər hansı dəyişiklik edilməyəcək. Əgər çarter sifarişləri olacaqsa, o zaman reyslər artırılacaq. Beynəlxalq reyslərə gəlincə, əgər ehtiyac duyularsa, “AZAL” xətlərə əlavə təyyarələr buraxa bilər.