19 May 2015 16:49
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkillərinin Bakıda keçiriləcək I Avropa Oyunlarına dəstəyi davam edir.

Millət vəkili Elman Məmmədov bildirib ki, Oyunların Azərbaycanda keçirilməsi ilə yanaşı, ölkəmizin əleyhinə olan çağırışları da normal qarşılamaq lazımdır. Onun fikrincə, anti-Azərbaycan çıxışlar təəccüb doğurmamalıdır: "Biz Avropa Oyunlarına qədər də belə halları müşahidə etmişik. Son 10-15 il ərzində Azərbaycanda müxtəlif istiqamətlərdə beynəlxalq tədbirlər olub. Bu tədbirlər keçirilən ərəfədə Azərbaycanı sevməyən, bizə düşmən kəsilən bu mərkəzlər kampaniyaya start verib. Xarici mərkəzlər bu kampaniyaya başlayan kimi onların maliyyələşdirdiyi və istiqamət verdiyi ölkə daxilindəki qüvvələr də hərəkətə keçib. Amma bunlara baxmayaraq, Azərbaycan keçirməkdə qərarlı olduğu beynəlxalq tədbirləri reallaşdırır, qarayaxmaların da nəticəsi olmur".

Millət vəkili qeyd edib ki, bundan öncə "Avroviziya" müsabiqəsində də qarayaxma kampaniyası aparılıb: "Ancaq bunun nəticəsi olmadı, xalqımız iqtidarla bir olduğunu göstərdi, mahnı müsabiqəsi çox yüksək səviyyədə baş tutdu. Ölkəmizə gələnlər də xoş təəssüratla ayrıldı. Mən çox təəssüf edirəm ki, ölkə daxilində bəlli qruplar da bu prosesdə iştirak edir. Ancaq onlar istəklərinə çatmayacaqlar. Azərbaycan dövləti kifayət qədər güclüdür və xalqın iradəsini ifadə edir. Bakıda baş tutacaq I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Bu, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, özünü ifadə etməsi baxımından da əhəmiyyətli olacaq. Həmçinin ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan bura gələn qonaqlara Dağlıq Qarabağ münaqişəsi və onun gerçək səbəbləri haqqında da məlumat verəcək".

Məlahət İbrahimqızı: "Oyunlar Qarabağ probleminə də müsbət təsir göstərəcək"

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, I Avropa Oyunları Azərbaycanı dünyada tanıdacaq: "Vaxtilə ermənilər bizi dünyaya çox pis təqdim edib. İndi hamı bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı genosidini törədib. Dünyada ictimai rəy aparılan təbliğatın nəticəsində yaranır. Şübhəsiz ki, düşmənçilik istiqamətində bizə qarşı aparılan təbliğat xalqımızın, dövlətimizin və millətimizin imicini korlayır. Odur ki, ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın imicini, hörmətini artırır, həqiqətləri üzə çıxarır, xalqımızın bir Avropa xalqı olduğunu ortaya qoyur. Biz mədəniyyətimizi, ortaq dəyərlərimizi paylaşırıq, ölkəmizi və xalqımızı dünyaya təqdim edirik. Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılmasında böyük rola malikdir. Şübhəsiz ki, bu Oyunlar Qarabağ probleminə də müsbət təsir göstərəcək. Biz dövlətimizin və millətimizin dünya ictimaiyyətinə imicini yaxşı formada təqdim edəndə, bu, problemin həllinə də kömək edir. Dünya ictimaiyyəti, xalqlar görürlər ki, həqiqət kimin tərəfindədir".

Hüseynbala Mirələmov: "Həmin ölkələrin iqtisadiyyatı imkan vermir ki, bu Oyunları özləri keçirsin"
Millət vəkili, yazıçı Hüseynbala Mirələmov isə vurğulayıb ki, artıq Oyunların məşəli yandırılıb, ciddi hazırlıq işləri həyata keçirilib. Onun sözlərinə görə, Oyunların başlamasına bir neçə müddət qalmış həm Prezident İlham Əliyev, həm də Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycanın I Avropa Oyunlarına hazır olduğunu elan edib: "Oyunlarla bağlı hazırlıq aparılıb. Bu, Azərbaycan xalqının həyatında əbədi qalacaq müsbət hadisədir ki, məhz bizim dövrümüzə düşdü. Avropada on minlərlə insan Bakını öz gözü ilə görəcək, xalqımız və millətimizin tarixi, yaşam tərzi, adət-ənənəsi ilə maraqlanacaq. Ermənistan və ona havadarlıq edən ölkələr uzun illərdir ki, xalqımızı mənfi obrazda dünyada təbliğ edirlər. Əlbəttə, yarışı izləmək üçün Bakıya gələcək idmançılar və turistlər xalqımızı tanıyacaq və uzun illər əleyhimizə kampaniya aparan şər qüvvələri pisləyəcək. Çünki sözün həqiqi mənasında Azərbaycan insanı qonaqpərvərdir. Bizə qarşı çıxan ölkələrin, əslində, imkanları, iradəsi, ölkələrinin iqtisadiyyatı imkan vermir ki, belə oyunları özlərində keçirsinlər. Azərbaycanı sevməyən qüvvələrin bizə qarşı fəaliyyətini təbii qarşılayıram. Artıq bu, ilk hal deyil. Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər. Sonda özləri də görəcəklər ki, mənasız fəaliyyət aparıblar. Oyunlar yüksək səviyyədə keçiriləcək".

Siyavuş Novruzov: "Azərbaycan tam hazırdır"

Millət vəkili Siyavuş Novruzov bildirib ki, Avropa Oyunları ölkə tarixində böyük əhəmiyyət kəsb edir: "Çünki bu, ilk dəfə olaraq keçirilir və Oyunların Azərbaycana salınması onu göstərir ki, Avropa məşəli artıq Azərbaycandan başlayaraq bütün Avropaya yayılacaq. Bu baxımdan Azərbaycan burada tarix yazır. İkinci bir tərəfdən, Oyunların keçirilməsi adi püşkatma və yaxud başqa bir məsələ ilə əlaqəli deyil, səsvermə yoluyladır. Azərbaycan bundan öncə dəfələrlə dünya, Avropa çempionatlarına, müxtəlif qran-pri mükafatlarına ev sahibliyi edib. Digər tərəfdən, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə bütün Avropanın və dünyanın aparıcı dövlətlərinin nümayəndələri, keçmiş, hazırkı prezidentləri, parlament sədrləri, baş nazirləri iştirak edib və onlar görüblər ki, Azərbaycanda bu məsələlərlə bağlı nə qədər təşkilatçılıq var. Bu yaxınlarda elə Avropa Olimpiya Komitəsinin sədri özü qeyd etdi ki, Azərbaycan qısa müddət ərzində belə bir tədbirin hazırlanıb keçirilməsinə tam hazır olmasına görə, Ginnesin rekordlar kitabına düşə bilər. Buna qədər də Azərbaycanda çoxlu sayda idman qurğuları, Olimpiya Kompleksləri tikilib, ayrı-ayrı Federasiyaların öz yarışlarını keçirməsi üçün böyük idman zalları formalaşıb. Bu gün Azərbaycan istənilən dünya, Avropa çempionatını, Olimpiada və digər oyunları keçirməyə tam hazırdır".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər