"Bakı-2015" I Avropa Oyunlarına Avropa Olimpiya Komitəsinə üzv ölkələrin idmançılarının, eləcə də, dünyanın müxtəlif şəhərlərindən yarışları izləməyə gələn seyrçilərin qatılacağı gözlənilir. Yarışlarda 5000 nəfərədək idmançının iştirakı nəzərdə tutulub.
28 olimpiya idman növünə güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suya tullanma və sair növləri daxildir.
Avropa Oyunlarının ilk olaraq Azərbaycanda keçirilməsi, bu ərəfədə dünya ictimaiyyətinin nəzərlərinin ölkəmizə yönəlməsi mühüm hadisə hesab olunur.
Bu tarixi hadisəni I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar necə qiymətləndirir və hazırlıq prosesi necə aparılır?
Qalib olmaq üçün var qüvvəmizlə çalışacağıq
Boyu 195 santimetr olan voleybolçu, İqtisad Universitetinin məzunu Fərid Cəlalov 2002-ci ildən Azərbaycan kişi milli voleybol komandasının üzvüdür. İqtisad Universitetində İdman və Mülki Müdafiə kafedrasının müəllimidir.
"Bakı-2015" I Avropa Oyunlarında yığma komandada ölkəmizi təmsil edəcək. Fərid Cəlalovun sözlərinə görə, 2011-ci ilə qədər voleybolda yığma komandanın kapitanı olub, müəyyən səbəblərə görə idmandan uzaqlaşıb. 6 ay əvvəl yenidən yığma komandaya dəvət alıb: "Yeni reqlamentə əsasən komandada 14 nəfər yarışacaq. Əsas heyətdə 6 nəfər olacaq ki, onlardan biri də mənəm".
Fərid Cəlalov dedi ki, Azərbaycan kişi milli voleybol komandası 6 komanda ilə yarışacaq. Ümumilikdə isə voleybol üzrə oyunlara 12 ölkənin komandası qatılacaq: "Voleybol oyunlarına iyunun 16-dan başlanacaq. Hər komanda 5 oyun keçirəcək. İlkin hədəfimiz ilk 8-liyə düşməkdir, amma qalib olmaq üçün var qüvvəmizlə çalışacağıq".
Peşəkar idmançı Azərbaycan kişi milli voleybol komandasına ən güclü rəqib ölkə kimi Serbiyanın adını çəkdi: "Biz də zəif komanda deyilik. İdmanda qayda belədir ki, gərək heç bir rəqibə zəif kimi baxmayasan. Məqsədimiz qalib olmaqdır, çünki Azərbaycanın qələbəsi bizim qələbəmizdir. İdmançıya dünya miqyasında tanınmaq lazımdır ki, bizə də bu şərait yaradılır. Mən özüm Türkiyə, İran, Almaniyanın voleybol klub komandalarında oynamışam. Amma Azərbaycanı yığma komandada təmsil etmək, xüsusən İqtisad Universitetindən qatılmaq daha böyük şərəfdir".
10 nömrəli Əli Babayev: "Ən güclü rəqibimiz Macarıstandır"
Neft Akademiyasının Qaz-neft mədən fakültəsinin III kurs tələbəsi Əli Babayev isə su idmanı növündə - su polosu üzrə Azərbaycan milli yığma komandasında təmsil olunacaq. Əlinin bildirdiyinə görə, bu idman növü ilə uşaq yaşlarından məşğul olur.
Yığma komandanın tərkibində 13 nəfər var, Əli bu yarışlarda 10 nömrə ilə yarışacaq. O, indiyədək Azərbaycan yığma komandasının tərkibində bir neçə ölkədə oynayıb: "2012-ci ildə komandamız Gürcüstanda birinci yeri, ötən il Moskvada üçüncü yeri tutub. Bu dəfə isə Azərbaycan Macarıstan, Rumıniya və Almaniya ilə yarışacaq. Macarıstanı ən güclü komanda hesab edirəm. Çünki ötən il Mingəçevirdə keçirilən beynəlxalq turnirdə Macarıstan birinci olmuşdu.
Amma hazırda Azərbaycan yığmasının da hazırlığı yaxşı vəziyyətdədir. Mütəmadi məşqlərimiz olur. Bu günlərdə ümummilli lider Heydər Əliyevin 92-ci illiyi ilə bağlı beynəlxalq tədbir keçirildi və orada 4-cü yeri tutduq".
I Avropa Oyunlarına 10 nömrəli oyunçu kimi qatılan Əli Babayev Azərbaycanın bu yarışlarda önəmli mövqe tutacağına əmindir.
"Hakim olacağım öncədən məlum deyil"
ADNA-nın Neft mexanika fakültəsinin I kurs tələbəsi Kamran Cəfərov isə su polosu idmanı üzrə oyunlara hakim kimi qatılacaq.
Kamran Cəfərov iki ildir ki, su polosu üzrə Azərbaycan milli yığma komandasının üzvüdür. Lakin I Avropa Oyunları üzrə yarışların 18 yaşadək olan yeniyetmə və gənclər arasında keçiriləcəyinə görə yaş məhdudiyyəti səbəbindən mübarizəyə qatıla bilməyib: "Bir oyunda 11 kateqoriya üzrə hakim olur. Əsas hakim, yan xətdə, statistika üzrə hakimlər və sair. Mən yarışlara yan hakim kimi qoşulacam, amma bölgüdən asılı olaraq mümkündür ki, Azərbaycan milli yığma komandasına düşməyim.
Su polosu üzrə siyahıda 16 ölkə var, mən hansı qrupda çalışacağımı öncədən bilmirəm, amma tamaşaçı kimi, təbii ki, öz komandamıza azarkeşlik edəcəm".
Sevil