20 May 2015 12:00
1 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsi üçün tikilən Bakı Kristal Zalı (Baku Cristal Hall) daha bir möhtəşəm yarışın keçiriləcəyi məkan olacaq. Respublikanın ən gözəl obyektlərindən biri sayılan Kristal Zalda “Bakı-2015” I Avropa Oyunları çərçivəsində boks, voleybol, karate, taekvondo və qılıncoynatma yarışları keçiriləcək.

Musiqi arenası 5 idman növünün meydançasına çevrildi

Kristal Zal akustik divar vasitəsilə 2 hissəyə bölünüb. Bu iki zal “Kristal-1” və “Kristal-2” adlanır. “Avroviziya” müsabiqəsi zamanı media mərkəzi kimi istifadə olunmuş mərkəzin daxilində konstruksiya işləri aparılaraq dəyişdirilmiş və hazırda həmin zala “Kristal-3” deyilir. Burada karate, taekvondo və qılıncoynatma yarışları olacaq.

20 minə yaxın tamaşaçı Kristal Zala axın edəcək

“Kristal-1”də voleybol yarışları keçiriləcək. İyunun 13-dən başlayan yarışlar 28-dək 16 gün ərzində davam edəcək. “Kristal-2”də isə boks yarışları olacaq. Bu idman növündə də yarışlar iyunun 16-da başlayacaq. Ümumilikdə bu obyektdə 330 idmançı mübarizə aparacaq. 15 medal təltifetmə mərasimi keçiriləcək.
Obyektlərin idarə olunması üzrə menecer Ləman Həsənovanın sözlərinə görə, 16 gün ərzində keçiriləcək yarışlara ümumilikdə 19 500 tamaşaçının gəlməsi gözlənilir. Menecer qeyd etdi ki, voleybol üzrə yarışın keçiriləcəyi zalda tamaşaçı tutumu 4 min, boks üçün orta tamaşaçı tutumu 2 min nəfərdir.
Bakı Kristal Zalında işçi heyətinin sayı isə 3 mindən çoxdur.

Kristal Zalı akustik divar vasitəsilə 2 hissəyə ayrıldı

Obyektlərin idarə olunması üzrə menecer Orxan Əfəndiyev əlavə etdi ki, zallarda müvəqqəti oturacaqlar qurulub. Avropa oyunları başa çatandan sonra oturacaqlar söküləcək. Onun sözlərinə görə, Kristal Zalı iki hissəyə bölən akustik divar isə 2 gün ərzində sökülə biləcək konstruksiyadır. Menecer onu da dedi ki, fiziki məhdudiyyətli insanlar üçün də yerlər nəzərdə tutulub: “Bundan başqa texniki heyətlə atletlərin üzləşmək imkanı yoxdur. Hakim və texniki heyəti zala bir tərəfdən, idmançılar isə başqa bir tərəfdən daxil olacaq”.

Rinq üçün xüsusi işıq quraşdırılıb

Ləman Həsənova bildirdi ki, meydançanı işıqlandırmaq üçün yeni işıqlar da quraşdırılıb. Oyunlar zamanı Kristal Zalın öz işıqları söndürüləcək, ancaq meydançanın işığı yandırılacaq.

O söylədi ki, dəhlizlərdə VİP qonaqların istirahəti üçün stollar və divanlar qoyulacaq: “Qonaqlar bu xüsusi yerlərdə yemək yeyə, kofe içə biləcəklər. Sözügedən ərazi “Kristal-1” və “Kristal-2” üçün ortaq məkan olacaq. Liftlər vasitəsilə 3-cü mərtəbəyə çıxaraq “Kristal-2” zalına keçmək mümkündür”.

Avropa Oyunlarının keçiriləcəyi hər bir idman obyektində olduğu kimi bu obyektdə də mətbuat mərkəzi və şərhçi mərkəzi fəaliyyət göstərəcək. Bir sözlə, yarışları yaxından izləmək üçün mərkəzlərdə hər bir şərait yaradılacaq.

İdman avadanlıqlarından başqa, Kristal Zalda qabaqcıl texnologiyalar, audio-video avadanlıqları da quraşdırılıb.
İdmançıların məşq və isinmə hərəkətləri üçün 1000 kvadratmetr sahəyə malik geniş zal da hazırlanıb.

“Kristal-1”də keçiriləcək voleybol, “Kristal-2”də isə baş tutacaq boks idman növlərinin tarixi və bugünkü durumu ilə bağlı oxucularımıza qısaca məlumat veririk.

Avropa Oyunlarında voleybol iki üslubda oynanılacaq

Voleybol məşhurluğuna və auditoriyasına görə komanda idman növlərində sadəcə futbol və basketboldan geri qalır. Amma həndbol, buz xokkeyi, reqbi kimi populyar idman növlərini ötüb keçir. ABŞ-da yaradılan bu idman növü hazırda bütün ölkələrdə sevilir və oynanılır. Hər zaman diqqət mərkəzində olan bu idman növü İlk Avropa Oyunlarının da proqramına salınıb. Dünya ölkələrinin böyük səbirsizliklə gözlədiyi bu mötəbər turnirdə voleybol iki üslubda oynanılacaq – zal və çimərlik voleybolu.

ABŞ-da yarandı, SSRİ tarix yazdı

Bu idman növü ABŞ-da 1895-ci ildə bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən kəşf edilir. Uilyam Morqan bu oyunu “Mintonette” adlandırır. Yarandığı gündən hər kəsdə maraq oyadan bu idman növündə yarış keçirilməsinə qərar verilir. 1906-cı ildə Sprinqfild kollecində YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) konqresi bir araya gələrək Dr.Mintonettenin adını daşıyan bu idman növünü “volleyball” adıyla əvəzləyir.
Vaxt keçdikcə daha da məşhurlaşan bu idman növü ilə qadınlar da məşğul olmağa başlayır. 1952-ci ildə isə qadınlar arasında ilk dünya çempionatı təşkil olunur. Bu turnirdə SSRİ komandası qalib olur. Polşa ikinci, Çexoslovakiya isə üçüncü yeri tutur.

Getdikcə hər kəsdə maraq doğuran voleybol 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramına salınır. Elə həmin il Tokioda keçirilən Yay Olimpiya Oyunlarının idman yarışları proqramında voleybolun 2 növü olmalı idi. Bunlar kişi və qadın milli voleybol komandalarının iştirak edəcəyi turnirlər idi. Sonda Sovet Sosialist Respublikaları İttifaqının olimpiyaçıları kişilərin yarışlarında ilk olimpiya çempionu olur. Yaponiyanın çempionluğu ilə başa çatan qadınların turnirində isə gümüş medal SSRİ-yə, bürünc medal isə Polşaya qismət olur.

Azərbaycanda voleybol

Azərbaycanda voleybol XX əsrin ortalarından məşhurlaşmağa başlayır. Ölkəmizdə xüsusilə qadın voleybolu inkişaf edirdi. Dünyada ilk və hələ ki, yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. O, Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atır. Maraqlısı ondadır ki, bu rekord hələ də yenilənməyib.


Tətildə həm istirahət, həm idman...

Voleybolu isti hava şəraitinə, istirahətə də uyğunlaşdıran mütəxəssislər bu idmanı çimərliyə daşıyır. Çimərlik voleybolu ilk dəfə olaraq, 1915-ci ildə kaliforniyalılar tərəfindən Kaliforniyanın Santa Monika adlanan qumlu ərazisində oynanılıb. Çimərlik voleybolu zal voleybolundan komanda sayına görə də fərqlənir. Orda hər komandada 6 nəfər olursa, çimərlik voleybolunda hər komandada 2 nəfər olur.

Bu idman növündə ilk beynəlxalq turnir 1924-cü ildə keçirilib. 1996-cı ildən isə Çimərlik voleybolu Yay Olimpiya Oyunlarının proqramına salınıb.

Avropa Oyunlarında “dinamika”

“Bakı-2015” I Avropa Oyunlarında voleybol yarışlarında 480 idmançı - kişilər və qadınlar arasında hərəsində 12 komandanın iştirak edəcək. Onlar iki medal dəsti uğrunda mübarizə aparacaqlar.

Çimərlik arenasında medal üçün tər töküləcək

I Avropa oyunları proqramına salınan çimərlik voleybolu üzrə yarışlar Çimərlik arenasında baş tutacaq. Bu mötəbər turnirdə kişilər və qadınlar da daxil olmaqla 64 komanda medal uğrunda mübarizə aparacaq. 128 idmançı 6 yarış günü 2 medal dəsti üçün yarışacaq.

Qızıl medala gedən yolda idmançılar oyunun tempini və rəqiblərinə qarşı xalları artırmaq üçün sözün əsl mənasında tər tökəcəklər. Yarış iyunun 16‐dan 21-dək davam edəcək.

Yumruq döyüşü beynəlxalq arenalarda...

Bu idman növü hələ beş min il bundan əvvəl Misir və Babilistanda mövcud olan yumruq döyüşü əsasında inkişaf edib. Müasir boksa bənzəyən yumruq döyüşləri qədim Yunanıstanda da təşkil olunurdu. Eramızdan əvvəl 688-ci ildə boks antik Olimpiya Oyunlarının proqramına daxil edilib. İlk olimpiya çempionu adına yunanıstanlı Onamastus layiq görülüb. Məşhur riyaziyyatçı və filosof Pifaqor da boks üzrə antik Olimpiya oyunlarının qaliblərindən olub.

Mədəniləşən idman

Müasir boks XVIII əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. 1743-cü ildə İngiltərə çempionu Cek Broton ilk qaydalar toplusunu - Broton qaydalarını hazırlayıb. 1867-ci ildə markiz Kuinsberrinin yeni boks yarış qaydaları qəbul olunub. Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb. Artıq döyüş raundlara bölünməyə başladı. Raundlar arası qısa fasilələrdə idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırıb. Tutmalara qadağa qoyulması boksu güləşə oxşamaqdan xilas edib. Daha yumşaq əlcəklərdən istifadə olunması təhlükəsizlik yaratmaqla yanaşı, zərbələrin rəngarəngliyini də artırıb.

1924-cü ildə Beynəlxalq Həvəskar Boks Federasiyası (FİBA) yaradılıb. Bu təşkilat 1946-cı ildən AİBA adlanmağa başlayıb. İlk Avropa çempionatı 1924-cü ildə təşkil olunub. Dünya çempionatı isə bundan 50 il sonra 1974-cü ildə keçirilib.

Bizdə boks

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1929-cu ildə Azərbaycan–Türkiyə beynəlxalq görüşü keçirilib. Azərbaycan Boks Federasiyası 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub. 2009-cu il yanvarın 23-də Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilib. Kəmaləddin Heydərov yekdilliklə federasiyanın prezidenti seçilib. Konfransda Ağacan Əbiyev federasiyanın I vitse-prezidenti, Süleyman Mikayılov və Rövşən Hüseynov isə vitse-prezident seçiliblər.

Bakıda boks üzrə ilk Avropa çempionatı

1999-cu ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq Bakıda yeniyetmələr arasında (15-16 yaşlılar) Avropa çempionatı keçirilib. Həmin yarışda boksçularımız qitənin əksər güclü komandalarını qabaqlayaraq, Rusiyadan sonra 2-ci yeri tutublar.

Olimpiadada boksçularımızın ilk uğuru

Olimpiya Oyunlarında isə boksçularımızın ilk uğuru 2000-ci ildə keçirilmiş Sidney Olimpiadasına təsadüf edir. Planetin ən böyük yarışında 75 kq çəki dərəcəsində mübarizə aparmış Vüqar Ələkbərov bürünc medala layiq görülüb. 2002-ci ildə Rusiyanın Perm şəhərində keçirilmiş Avropa çempionatında 54 kq çəki dərəcəsində Şahin İmranov gümüş medala layiq görülüb.

Avropa oyunlarında 296 boksçu rinqə çıxacaq

Azərbaycanda çox məşhur idman növü olan boks yarışları Avropa Oyunları çərçivəsində 296 idmançının iştirakı ilə 12 gün ərzində keçiriləcək və bu yarışlarda 15 medal qazanmaq fürsəti olacaq. Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında mübarizə təşkil olunacaq ki, bu da əsas boks turnirində ilk dəfə olaraq qadınlar üçün ənənəvi üç çəkidən artıq çəkilərin iştirakı deməkdir.

Boks idmançılar üçün Rio 2016 Olimpiya Oyunlarına kvalifikasiya qazanmaq şansı yaradacaq. Kişilər arasında 10 çəki kateqoriyasının hər birində 3 medal qazanan idmançılar AIBA 2015 Dünya Boks Çempionatında iştirak hüququ qazanacaqlar. Həmin yarışda ən yüksək reytinqli boksçular öz Milli Olimpiya Komitələri üçün Rio 2016-ya kvota yeri qazanacaq.

Teymur Məmmədova ümidlər böyükdür

Avropa Oyunlarında təmsilçilərimiz hələ bəlli olmasa da, Avropa çempionu və London Yay Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədova böyük ümid bəslənilir.

Nərgiz Ehlamqızı

Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər