21 May 2015 15:12
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” I Avropa Oyunlarının keçiriləcəyi məkanlardan biri də Kristal Zaldır. 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin keçirildiyi bu möhtəşəm binada idman yarışları keçirmək üçün xüsusi şərait yaradılıb. “Kristal-1”, “Kristal-2” və “Kristal-3” adlanan zallarda voleybol, boks, taekvondo, karate və qılıncoynatma yarışları olacaq.

Akustik divar vasitəsilə Kristal Zalın salonu müxtəlif hissələrə bölünüb. “Avroviziya” müsabiqəsi zamanı media mərkəzi kimi istifadə olunmuş mərkəzin daxilində konstruksiya işləri aparılaraq dəyişdirilmiş və hazırda həmin zal “Kristal-3” adlanır.

Baş menecer: “Gözəl bir ölkədə işləməkdən böyük zövq alıram”

Bakı Kristal Zalın Avropa Oyunları zamanı baş meneceri Ben Emerson deyib ki, onlar Avropa Oyunlarına böyük önəm verir: “Yarışların təşkilində bir çox gənc iştirak edir, onlar öz təcrübə və bacarıqlarını artırır. Azərbaycan kimi gözəl bir ölkədə işləməkdən böyük zövq alıram. Birinci Avropa Oyunlarından sonra Bakı Kristal Zalda keçiriləcək tədbirlər öz möhtəşəmliyi ilə yadda qalacaq”.

Avropa Oyunlarına çoxlu sayda tamaşaçı gələcəyinə əminliyini ifadə edən B.Emerson karate və taekvando yarışlarını 1500, qılıncoynatmanı isə 1000-ə yaxın tamaşaçı izləyəcəyini deyib.

Avropa Oyunlarının keçiriləcəyi hər bir idman obyektində mətbuat mərkəzi və şərhçi mərkəzi fəaliyyət göstərəcək, yarışları yaxından izləmək üçün bu mərkəzlərdə hər bir şərait yaradılacaq.

Kristal Zalda 17 gün idman bayramı

Mütəxəssis söyləyib ki, yarışların ilk günündə voleybol və karate yarışlarına start veriləcək. Avropa Oyunlarının keçiriləcəyi 17 gün ərzində burada idman yarışları təşkil olunacaq. Yarışların yayınması üçün artıq bir neçə televiziya kanalı ilə müqavilə imzalanıb, yayımın keyfiyyətlə həyata keçirilməsi üçün burada bütün lazımi şərait yaradılacaq.

Bu zalda keçiriləcək karate 2 gün – iyunun 13 və 14-də olacaq. İyunun 16-dan başlayan taekvondo yarışları 4 gün davam edəcək. 5 gün keçiriləcək qılıncoynatma yarışları isə iyunun 23-dən başlayacaq.
Karate, taekvondo və qılıncoynatma idman növləri haqda daha ətraflı danışaq.

Nəzakət, düzgünlük, təmkin, sərbəst ruh tələb edən döyüş

Taekvondo dəbdən düşməyən idman növlərindən biridir. Kökü Koreya ilə bağlı olan bu döyüşün prinsipləri sadədir - nəzakət, düzgünlük, təmkin, sərbəst ruh. Koreya döyüş sənəti olan taekvondonun xarakterik xüsusiyyəti döyüşdə ayaqlardan və əllərdən fəal istifadə olunmasıdır. Bu idman növündə geyim 2 hissədən ibarətdir - dabok və kəmər. Dabok təmizlik rəmzidir. Dabok sözündəki “da” - həqiqi insanın həyat yolu, “bok” - paltar deməkdir. Koreyalılar ağ rəngi çox xoşladıqlarından, həm də Koreyada ipəkdən geniş istifadə olunduğundan dabok ağ rəngdədir. Taekvondo olimpiya idman növüdür.

Silahsız özünümüdafiə


Yaponiya və Çin kimi Koreya da öz kəşf etdiyi idmanı ilə dünyaya səs salıb. Qədim zamanlarda taekvondonun əsas işi at belindəki insanı yerə salmaqdan ibarət idi.

“Taekvondo” termini üç söz birləşməsindən - “Taek”-ayaq, “kvon”-yumruq, “do”-sənət - əmələ gəlib, ayaqla əl zərbələrini məqsəd üçün yönləndirmə deməkdir. 1955-ci il aprelin 11-də Çve Hon Hinin rəhbərliyi ilə ən böyük doqquz məktəb birləşərək “taekvondo” adı altında fəaliyyət göstərməyə başlamışlar. Çve Hon Hiyə görə taekvondo silahsız özünümüdafiə texnikası ilə təlqinedici məşqləri birləşdirən, həmçinin sağlamlıqla yanaşı, yalın əl və ayaqların köməyilə bir və bir neçə rəqibə təkmilləşdirilmiş zərbələr, bloklar və tullanmalar tətbiq edən bir sistemdir.

Dünya Taekvondo Federasiyası (DTF) 1970-ci illərdə təsis edilib və 1-ci DTF Dünya Taekvondo Çempionatı Koreyanın Seul şəhərində keçirilib. Hazırda dünyada 100 milyondan çox insan taekvondo ilə məşğul olur.


Ölkəmizdə diqqət çəkən uğurlar

Getdikcə məşhurlaşan bu idman növü Azərbaycana 90-cı illərdə ayaq basıb. Azərbaycan Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. Yarandığı dövrdən taekvondoçularımız bir çox yarışlarda iştirak edib. Federasiyada rəhbər dəyişikliyi 1999-cu ildə baş tutub. Həmin ildən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov seçilib. O andan etibarən taekvando daha da inkişafı etməyə və medalların sayı artmağa başladı.

Azərbaycan Taekvondo Federasiyası özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə də seçilib, bir çox mötəbər turnirlərə ev sahibliyi edib. 2004-cü il fevralın 21-22-də Afina Olimpiya Oyunlarına Avropa lisenziya turnirinin Azərbaycanda keçirilməsini nümunə göstərmək olar. Bundan başqa, 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı və 2005-ci ildə Gənclər arasında Avropa Çempionatını da vurğulaya bilərik.

Analoqu olmayan bina

Öz maddi və texniki bazasına görə dünyada analoqu olmayan federasiya üçün tikilən yeni bina idmançılara yaradılan şəraitin əsas nümunəsidir. 2003-cü il oktyabrın 10-da binanın rəsmi açılış mərasimi olub. Burada idmançılar üçün mükəmməl şərait yaradılıb. Taekvondoçularımızın uğuru da elə onlara göstərilən diqqət və qayğının, yaradılan şəraitin bəhrəsidir. Diqqətinizə çatdıraq ki, bu idman növü tək Bakıda yox, bir çox bölgələrdə də inkişaf etdirilir.

Bu sahədə Azərbaycanın bütün bölgələrindən yüksək ixtisaslı məşqçi - müəllimlər fəaliyyət göstərir. Taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir və hal-hazırda 2000 nəfərdən artıq adam bu döyüş-idman növü ilə məşğul olur ki, onların da 700 nəfərdən çoxu qara kəmər sahibidir.

Rəhbərlik və məşqçi heyəti


Azərbaycan Taekvondo Federasiyasının prezidenti Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur. K.Heydərov həm də Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

Qurumun I vitse-prezidenti vəzifəsini Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev icra edir. Aydın Əliyev və Səməd Heydərov vitse-prezident, Nağı Səfərov icraçı vitse-prezident, Niyaməddin Paşayev isə milli komandalara nəzarət üzrə vitse-prezident kimi fəaliyyət göstərir. Taekvondo üzrə milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev, böyük məşqçi isə Gündüz Abdullayevdir.

8 dəst medal sahibini gözləyir


Bütün idmansevərlərin gün saydığı Avropa Oyunlarına Taekvondo idmanı da daxildir. Elə Azərbaycanı medalla təmin ediləcəyi gözlənilən idman növlərindən biri də taekvandodur. Taekvondoçulara da ümid böyükdür.

Taekvondo idmanı dörd çəki kateqoriyasından ibarətdir. Ümumilikdə 128 kişi və qadın idmançı mübarizə aparacaq. Ev sahibliyi edən ölkəyə yarışda iştirak üçün bir yer verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. İlk Avropa Oyunlarında taekvondoçular 8 dəst medal üçün mübarizə aparacaq.

Karate idman növünə gəlincə, 50 il ərzində karate məşhurluq qazanaraq bütün sosial qruplar arasında milyonlarla insanı cəlb edib. Avropada təxminən 1,5 milyon insan karate ilə məşğul olur.

Silahsız mübarizə

Yaponları bir çox döyüş növlərinin banisi kimi tanıyırıq. Onların yaratdıqları idmanlardan biri də karatedir. Bu idman növünün əsl adı Karate Do-dur. Karate sözü Yaponca - kara – “boş”, te – “əl”, do – “yol”, yəni “boş əlli yol” mənasını verir. Digər adı isə “Ruka Tan”dır.

Karate 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılıb. O, “Şotokan” karatesinin yaradıcısı kimi tanınır və müasir karatenin atası olaraq göstərilir.

Karatenin hazırki erkən dövrü ilə bağlı ən önəmli sənəd Çin dilində yazılmış və 20-ci əsrin əvvəllərinə qədər ümumi şəkildə istifadə edilən “Bubishi” adlı kitabdır. Bəzi mənbələrdə isə karatenin banisi Çoki Motobu göstərilir. Yaradıcısı barədə müzakirələr olsa da, əmin olunan tək şey əsasən özünü qorumaq məqsədi daşıyan rəqibini dəf etmək üçün yaradılmış yapon döyüş növü olmasıdır.

Biz döyüşə bilirikmi?

Azərbaycanın Milli Karate Federasiyası 1994-cü ildə yaradılıb. 1997-ci ildən Milli Federasiya dünyada ən böyük karate təşkilatı sayılan, 183 ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan WKF-in (Ümumdünya Karate Federasiyası) tam hüquqlu üzvüdür. Son bir neçə ildə federasiyanın rəsmi sponsoru Azərbaycanın Beynəlxalq Bankı hesab olunur. Eyni zamanda Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi, Prezident İlham Əliyev şəxsən böyük köməklik və dəstək göstərir. Bir faktı qeyd etmək xoş olardı ki, İlham Əliyev karate üzrə fəxri 9-cu dan qara kəmərə malikdir və bizim AMKF-nin fəxri üzvü hesab olunur.

Tarixdə ilk dəfə

2014 Milli Karate Federasiyası üçün ən uğurlu illərdən biri olub. Federasiyanın fəaliyyətində bir sıra yeniliklər və dəyişikliklər aparılmaqla irəliləyişlərə nail olunub. Yeniyetmə, gənclər və böyüklərdən ibarət seçmə komandalarımız 17 beynəlxalq yarışda iştirak ediblər. 2 Avropa və 1 dünya çempionatı, tələbələr arasında dünya çempionatı, yeniyetmə və gənclərin dünya kuboku, o cümlədən 3 Premyer Liqa və 9 nüfuzlu beynəlxalq turnirdə ümumilikdə 196 medal qazanılıb. Bir sözlə desək, Azərbaycan karateçiləri 2014-cü ildə iştirak etdikləri beynəlxalq yarışlarda 67 qızıl, 37 gümüş və 92 bürünc medala sahib olublar.

Karateçilər üçün başlıca vəzifə - “Bakı-2015”

MKF-in qarşısında duran başlıca vəzifələrdən biri Avropa Oyunlarına hazırlıqdır. Karate dünyada sürətlə inkişaf edən təkbətək döyüş növlərindən və birinci Avropa Oyunlarında keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir.

“Bakı-2015” Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq. Medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

“Kristal-3”də keçiriləcək qılıncoynatma idman növü isə qılıncla döyüş fəaliyyətidir. Bu günümüzdə qılıncoynatmanın ən geniş yayılmış versiyası silah kateqoriyalarına görə üç yerə bölünür: rapira, qılınc və şpaqa. Klassik qılıncoynatmada eyni zamanda üç silahdan istifadə edilir. Konkurs qılıncoynatma müasir Olimpiya Oyunlarının hər birində xüsusiləşmiş olan beş idman növündən biridir. Müasir qılıncoynatmanın vətəni bir neçə kitabda qılıncoynatma haqqında məlumat veriliən İspaniya sayılır. Qərb qılıncoynatması üzrə qədim dərsliklərin biri 1458-1471-ci illər arasında Dieqo de Valerin tərəfindən yazılıb. Müasir qılıncoynatmanın mexanikası intibah dövründə İtaliyada qılıncoynatma məktəbində 18-ci əsrdə yaranıb və onların təsiri altında, qılıncoynatma Fransız məktəbi tərəfindən təkmilləşdirilib. Avropa Oyunlarında da qılıncoynatma yarışları olacaq.

Nərgiz Ehlamqızı
Foto: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər