Gələn ay Bakıda keçiriləcək "Bakı-2015" Birinci Avropa Oyunlarına sənətçilərimiz də müxtəlif töhfələr verməyə çalışır. Onlar musiqi tədbirlərində iştirak etməklə yanaşı, Avropa Oyunlarına musiqi parçaları həsr edirlər.
Teleqraf.com kiçik araşdırması ilə oyunları diqqət mərkəzində saxlayan müğənni və musiqiləri təqdim edir.
"Bakımın üzü gülür"
Avropa Oyunlarının ulduz elçisi, əməkdar artist Tünzalə Ağayeva "Bakı-2015"-ə aid musiqi ifa edəcəyinə hələ fevralda söz vermişdi. Bu müddət ərzində müğənni "Bakımın üzü gülür" ("Baku smiles") adlı mahnını yazıb, onu İtaliya və Fransanın tanınmış müğənnisi Kelli Coysla birgə səsləndirib, hələ, üstəlik, klip çəkdirərək, media nümayəndələrinə təqdim edib.
Qeyd edək ki, mahnının sözləri İsmayıl Dadaşova (Azərbaycan dilində), Zəhra Bədəlbəyliyə (ingilis dilində), musiqisi Tünzalə Ağayevaya, aranjimanı isə Emin Kərimova aiddir.
Tünzalə Ağayeva daha sonra bunları qeyd edib: "Avropa Oyunlarında hər bir azərbaycanlının üzərinə müəyyən missiya düşür. Mən də bir müğənni kimi Avropa Oyunlarına dəstək olaraq bu mahnını Kelli Coysla oxudum. Kelli İtaliya və Fransada tanınmış bir sənətçidir. Həm bəstəkar, həm də müğənnidir. O, Azərbaycanda baş tutacaq Avropa Oyunlarının necə və hansı formada keçəcəyilə yaxından maraqlanır. Ona təklif etdim ki, Azərbaycanla bağlı hisslərini bir mahnıda cəmləşdirək. Beləcə, "Bakımın üzü gülür" adlı bəstəsi ərsəyə gəldi. Mahnı ilə birgə klip də təqdim etdik. Çünki bu gözəl mahnı klipsiz ola bilməzdi".
Müğənni həmçinin oyunlara həsr etdiyi solo konsertini mayın 22-23-ü Heydər Əliyev Mərkəzində edəcəyini deyib.
"İlk Avropa Oyunları qədim Bakı torpağında"
Ötən həftə təqdim olunan "İlk Avropa Oyunları qədim Bakı torpağında" mahnısını əməkdar artist Sevda Ələkbərzadə və xalq artisti Samir Cəfərov ifa edib. Mahnının söz müəllifi tanınmış yazar Cəlal Qurbanov, musiqisi Muxtar Absiyevdir.
Sevda Ələkbərzadə Avropa Oyunlarının ölkəmizin tarixində ən qürurverici hadisə olduğunu qeyd edib: "Biz də öz töhfəmizi bu musiqi ilə verdik. Yarışların başlanmasını bütün xalq, o cümlədən də incəsənət ustaları səbirsizliklə gözləyir".
"Çağırış"
Müğənni Samira Allahverdiyeva "Bakı-2015" İlk Avropa Oyunlarına "Çağırış" mahnısı və klipilə dəstək verib. Mahnı Cessi C-nin məşhur "Thuder" mahnısının Azərbaycan versiyasıdır. Mahnının Azərbaycan dilində sözlərinin müəllifi Sevinc Şirindir. Mahnıya ekran həyatını isə rejissor Ülviyyə Könül verib: "Çağırış" bütünlüklə "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr edilib. Oyunlar ərəfəsində olduğumuz üçün qərara gəldim ki, növbəti hədiyyəmi məhz idmançılara həsr edim. Ümumiyyətlə isə mən hər zaman idmançılarımızı diqqətdə saxlayıram. Əgər xatırlayırsınızsa, bir neçə il bundan öncə Ülviyyə Könüllə birgə idmançılara həsr olunan "Qələbə" klipimizi ərsəyə gətirmişdik. İyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək Avropa Oyunlarının ilk dəfə burada təşkil olunması çox mühüm işdir. İnanıram ki, bu oyunlar çox möhtəşəm keçəcək. Bu yarışlarda Azərbaycanı təmsil edən idmançılarımıza uğurlar arzu edirəm və bu "Çağırış" məhz onlar üçündür. Onlar bu mahnıya qulaq assınlar, daha da şücaətlə, əzmlə mübarizə aparıb, medallar qazansınlar".
Mahnının yaranma tarixçəsindən danışan müğənni xeyli əziyyət çəkdiyini də bildirib: "Bu mahnı vətənpərvərlik ruhunda, idmançıları qələbəyə, zəfərə səsləməli olduğuna görə yüksək dinamikaya sahib olmalı idi. Təəssüflər olsun ki, bir neçə nəfərə musiqi ilə bağlı müraciət etməyimə baxmayaraq, içində enerji, dinamika olan belə bir mahnı tapmadım, ona görə xarici estradaya müraciət etdim. Həmin ərəfələrdə Cessi C-nin mahnısını eşitdim və çox xoşuma gəldi".
"Bakı-2015" və "Avropa Oyunları"
Röya Ayxan "Bakı-2015" Avropa Oyunlarına həsr olunan klip çəkdirib. Mahnı "Bakı-2015" adlanır. Sözləri və musiqisi Muxtar Abseynova aid olan mahnıya klipi Etibar Babayev çəkib. R.Ayxanın klipində pərəstişkarlarını da görmək mümkündür. Ekran işinin əsas çəkilişləri Dağüstü parkda aparılıb.
Müğənni əkiz bacılar Sevil və Sevinc Səfərovalar "Bakı-2015" Avropa Oyunlarına həsr olunan mahnı və klipini təqdim ediblər. "Avropa Oyunları" adlanan mahnının sözləri Aqşin Feratın, musiqisi isə Tahir Abdullayevindir. Yeni bəstəyə ekran həyatı vermək rejissor Nazim Şərbətova həvalə olunub. Layihənin ideya müəllifi Səfərovaların prodüseri Mehri Əliquliyevadır. Klipdə muğam hissəsi də yer alıb. Bu parçanı isə əməkdar artist Təyyar Bayramov səsləndirib. Klipdə karate üzrə dünya çempionu Rafael Ağayev və Şahin Atamovun məşq prosesi çəkilib.
"Avropa Oyunları Bakı-2015"
Müğənni Rəqsanə İsmayılova Avropa Oyunlarına dəstək nümayiş etdirmək üçün yeni mahnı ifa edib. Müğənninin yeni mahnısı "Avropa Oyunları Bakı-2015" adlanır. Mahnının sözləri Azər Şirinə, musiqisi isə Zülfi Bədəlova aiddir. O belə deyib: "Bu, möhtəşəm hadisədir. Hər birimizin borcudur ki, bu tədbirə bacardığı dəstək nümayiş etdirsin. Mən də yeni mahnı ifa etmişəm. Gələcəkdə bu mahnının klipi də olacaq".
Nərmin Muradova